Milli Şuradan təpki: “Dollar 1 manat da qalxdı, camaat evinə çörək apara bilmir...” - ÖZƏL

 
 
“Dollar 1 manat da qalxdı, camaat evinə çörək apara bilmir...”Ölkənin düşdüyü iqtisadi böhran barədə müxalifət düşərgəsindən sərt tənqidlər eşidilməkdədir
 
Politika.Az xəbər verir ki, Milli Şura rəhbərliyi hökumətin iqtisadi siyasətinə etiraz edib.
 
AXCP sədri Əli Kərimli qeyd edib ki, 100 dollar bircə günün ərzində 1 manat da bahalaşdı: “Bu gedişlə manat sürətlə dəyər itirəcək, qiymətlər isə daha da qalxmaqda davam edəcək. Belə ki, hökumət manatın məzənnəsini sabitləşdirəcək iqtisadi islahatlar aparmır.
 
Ölkəni xarici sərmayələr üçün cəlbedici edəcək siyasi və iqtisadi islahatlardan da söhbət getmir. Manatı indiyə qədər olduğu yerdə saxlayan inzibati müdaxilə idi. İndi hökumət artıq həmin inzibati müdaxiləyə də ehtiyac duymur. Çünki xalqdan artıq nə qorxur, nə də utanır”.
 
MŞ üzvü, sabiq deputat Gültəkin Hacıbəyli deyib ki, 150 milyard dollar neft sərvətini talayıb milləti zəlil günə qoyublar: “YAP-çılar bizə deyir ki, ölkəni Suriyaya çevirmək istəyirsiniz?! Biz deyirik ki, Avropa Oyunları adı ilə yoxsul xalqın 8 milyard dollar pulunu yemisiniz, yapçılar deyir görün Suriyada nələr baş verir!
 
Biz deyirik iki devalvasiya ilə iqtisadiyyatın, bank sektorunun belini qırdınız. İşsiz- gücsüz camaat dollar kreditini ödəyə, evinə çörək apara bilmir, çarəsizlikdən intihar edir, yapçılar deyir Suriyada baş verənlərə baxıb şükür edin”.
 
AXCP sədrinin müavini Nürəddin Məmmədli son məsələ barədə yazıb: “Büdcəyə nəsə toplamaq üçün çıxarmadıqları hoqqa qalmadı. İndi də rәqәmsal yayıma keçidlə yetim-yesirdən topladıqları 22 manatı qazanc bilirlər. Bunlar yeyib doyublar deyənlərə tutarlı cavabdır”.