“Milli Azadlıq Hərəkatının başında Ayaz Mütəllibov durmuşdu...” - ŞOK İDDİA...

“Mütəllibovun devrilməsinə əsas səbəb o dövrdə SSRİ-nin dağılmasından sonra hüquqi cəhətdən Azərbaycana qalmalı olan külli miqdarda pul vəsaiti üstündəki mübarizə oldu...”
 
 
26 il öncə bu günlər keçmiş sovet məkanında o dövr üçün gözlənilməz olaylar baş verirdi. 1991-ci ilavqustun 19-da SSRİ-nin vitse-prezidenti Qennadi Yanayevin rəhbərliyi altında yaddaşlarda “QKÇP” kimi qalmış Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradılmışdı. Və bununla da SSRİ-nin o vaxt Krımın Foros sanatoriyasında istirahətdə olan ilk qanuni hesab edilən prezidenti M.Qorbaçov guya xəstə olması adıyla faktiki hakimiyyətdən kənarlaşdırılmışdı. İnsanlar çaş-baş qalmışdılar…
 
Planetin altıda birini əhatə edən bir ərazidə yaşayan xalqları taleyində həlledici rol oynamış “QKÇP” olaylarına bu gündən baxış, həmin hadisələrin Azərbaycandakı əks-sədası və s. barədə tanınmış siyasi analitik və publisist Tahir Cəfərli ilə söhbətləşdik...
 
- Tahir müəllim, 26 il öncə bu günlərdə məşhur “QKÇP”(Dövlət Fövqəladə Vəziyyət Komitəsi) məsələsi ortaya çıxmışdı. SSRİ boyda nəhəng imperiyanın taleyi həll olunmaqda idi. O vaxt Qərbin sürəkli təbliğatının təsiri altındaqalan çoxları öz silahdaşları (?) tərəfindən devrilmək təhlükəsi ilə üz-üzə qalmış Mixail Qorbaçova “xalqları Sovet həbsxanasından qurtaracaq xilaskar” kimi baxırdı. Odur ki, “QKÇP”-çilərə ciddi yardım edən olmadı. Və Qorbaçov hakimiyyətdə qaldı. Lakin 4 ay sonra SSRİ dağıldı və ya Qorbaçov öz missiyasını başa vurdu. Bu gündən baxanda 20 Yanvar faciəsinin, Qarabağın işğalının əsas baiskarlarından olan Qorbaçovun öz ağalarının planına uyğun olaraq qısa müddətdə yüz milyonlarla insanın taleyini faciələrə atacaq “yenidənqurma” addımlarıyla bütöv sosializm sistemini çökdürməkdə haqlı olduğunu söyləmək doğrudurmu? Yəni bəlkə Sovet İttifaqını milli, silahlı münaqişələr, iqtisadi sabotajlar yoluyla yox, elə həqiqi islahatlar yoluyla Avropa Birliyi tipli demokratik bir quruma çevirmək olardı?
 
- Bəli, Sovet İttifaqını zorakılıqla, sabotaj və silahlı münaqişələrlə dağıtmaq doğru deyildi. Bu, Qərbin, ABŞ-ın diqtəsi ilə milyonlarla insanın taleyini hakimiyyət uğrunda mübarizə, vətəndaş qırğını, silahlı, milli münaqişələr girdabına sürükləmək idi. Göründüyü kimi, qismən Baltikyanı ölkələr istsna olmaqla, keçmiş SSRİ məkanındakı xalqlar bu nəhəng dağıntının yaralarını hələ də öz talelərində daşıyırlar və hələ illərlə daşıyacaqlar. Dünən SSRİ-ni dağıdan Qərb, Amerika, Avropa bu gün  Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı və s.münaqişələri həll edibmi? Xeyr. Əksinə, ikiüzlü mövqeləri ilə həmin regionlarda vəziyyəti daha da düyünə salıblar. Və üstəlik, Ukraynada yeni silahlı konflikt yaradıblar. Deməli, məqsəd xalqları azadlığa çıxarmaq yox, onların sərvətlərini ələ keçirmək, talamaq və s. olub. Odur ki,  hesab edirəm ki, bəli, SSRİ-ni islahatlar yoluyla  gerçək demokratik bir ittifaqa çevrimək olardı...
Onu da deyim ki, nə qədər paradoksal olsa da, “OKÇP” baş tutsa idi, Azərbaycan Qarabağı çoxdan azad etmişdi. Ancaq Qorbaçovun Qərbin agenti kimi SSRİ-ni dağıtma planı bunun qaşısını aldı. Ümumiyyətlə, o dövrdə ermənilər özlərini biabır etmişdilər. Ruslar bilirdilər ki, Qarabağda münaqişə yaratmaqla ermənilər Qərb ölkələrinin tapşırığını yerinə yetirirdilər...
 
- 1988-1989-cu illərdən bu günədək cəmiyyətə milli azadlıq hərəkatının qəhrəmanları kimi təqdim edilən AXC liderləri Ayaz Mütəllibovu o zaman “QKÇP”-ni dəstəkləməkdə günahlandırırlar.  Amma xalq arasında belə  söyləyənlər də var: ”Guya Qorbaçovu dəstəkləməklə cəbhəçilər Azərbaycanı ağ günə çıxardılar...”
 
- Tarixin belə bir qanunauyğunluğu var: vaxt keçdikcə həqiqət üzə çıxır, zaman hər şeyi yerinə qoyur. Azərbaycanın 1991-ci ili çox maraqlı hadisələrlə doludur. Bu hadisələri ciddi təhlil etsək, görərik ki, mart referendumuna getməklə, Azərbaycan ermənilərin saqqızını ağzından aldı, ilk dəfə olaraq Moskva erməni ekstremizminə qarşı gedərək Azərbaycanda olan silahlı erməni dəstələrini tərksilah etdi. Aprelin 28-də Azərbaycan hökuməti 1918-ci ildə Osmanlının qəhrəman oğlu Nuru paşanın ala bilmədiyi Çaykəndi, Kamonu və onlarla digər məntəqəmizi erməni quldurlarından azad etdi. Bunun başında prezident Ayaz Mütəllibovun qurduğu düzgün siyasət dururdu. Bundan başqa Mütəllibov yenə də 1991-ci ilin aprel ayında milli pulun kəsilməsinə göstəriş verdi və iyun ayında Təbrizdə Nizaminin 850 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan pulunun sərgisi keçirildi. Bu, onu göstərirdi ki, yüksək intellektə sahib olan Azərbaycan rəhbəri ölkəni ciddi addımlarlarla müstəqilliyə doğru aparır. Biz bu şəxsiyyətə belə mövqedən yanaşmalıyıq. Qəribədir ki, özlərini “milli azadlıq hərəkatının liderləri” kimi xalqa sırıyan  AXC liderləri Çaykənd və Kamo ermənilərdən (!) azad olunandan sonra, 1991-ci il mayın əvvəlində Pribaltikada hay-küy qaldırdılar ki, Azərbaycan rəhbəri erməniləri Azərbaycandan deportasiya edir. Onların arasında İsa Qəmbər, Leyla Yunus, Arif Hacıyev, Tofiq Qasımov və s. var idi. Çaykənd və Kamodan sonra bunlar prezidentin ətrafında birləşib Qarabağı erməni terrorçularından təmizləməyə kömək etmək əvəzinə dünya erməni lobbilərini və Rusiya rəhbərliyini Azərbaycanın üstünə qızışdırdılar. Bununla da Mütəllibovun torpaqlarımızın əsaslı, qanuni formada qeyri-qanuni silahlı birləşmələrdən təmizlənməsi siyasətinə son qoydular.
 
1991-ci ildə SSRİ-nin tərkibində ola-ola İranda Azərbaycan manatın sərgisini keçirməyə göstəriş verən Ayaz Mütəllibovun ölkə rəhbəri kimi nə qədər uzaqgörən olduğunu da qeyd etməliyik. Pul vahidlərimizin əvvəlcədən kəsilib banklara yığılması əmrini də Azərbaycanın ilk prezidenti verib. Çünki o hələ o zaman Azərbaycan prezidenti SSRİ-nin dağılacağını görürdü.  Bəhs edəcəyimiz digər məsələyə də bu günədək, demək olar ki, toxunulmayıb. SSRİ dağılandan sonra bütün müttəfiq respublikalara olduğu kimi, Azərbaycana da pay olaraq çox böyük sərvət düşmüşdü və bunu Rusiya qaytarmalı idi. Ancaq bir bəhanə tapıb qaytarmaq istəmirdilər.  Mütəllibov isə həmin payı, nəinki qaytarmaq, Moskva ilə bölüşməkdən belə, imtina edirdi. Rusiya hakimiyyətinin o zaman Mütəllibov hakimiyyətinə qarşı olması, erməni separatçılarına dəstək verərək  Daşaltı, Xocalı, ardınca Şuşa, Laçın faciələrini törətməsinin ardında məhz bu pul məsələsi dururdu. Odur ki, o vaxtkı Rusiya lideri Boris Yeltsin AXC-nin əliylə Azəbaycanda dövlət çevrilişi etdirdi və ruslar xalqımızın halal payına sahibləndilər. İndiyədək Azərbaycanda bir nəfər demir ki, bu sərvətləri AXC ruslara verib və hakimiyyətə gəlib və nəticədə Azərbaycanı lüt qoyublar.
 
Bütün bunlardan sonra demək olarmı ki, Ayaz Mütəllibov rusun adamıdır? Və söylədiklərimizi təhlil edəndə məntiqlə belə  çıxmırmı ki, Azərbaycanın azadlıq hərəkatının başında elə Ayaz Mütəllibov durub? Əksər AXC liderləri isə xəyanətkar olub. Özlərini “milli azadlıq hərəkatının qəhrəmanları” elan edənlər faktiki Rusiyanın, DTK-nın oyununu oynayıblar, Qorbaçovu pisləsələr də, B.Yeltsinin tapşırıqlarını yerinə yetiriblər. Belə çıxır ki, “demokratik”  Kremlin “KQB” xətti ilə  qondarıb xalqımıza sırıdığı “qəhrəman”lar torpaqlarımızın itirilməsində birbaşa günahkardılar və onlar Moskvanın tapşırığı ilə Laçını, Şuşanı erməniıər veriblər ki, hakimiyyətə gəlsinlər...
Ayaz Mütəllibov isə heç vaxt “QKÇP”-ni dəstəkləməyib. Birincisi, həmin hadisələr olanda Mütəllibov İranda idi. “QKÇP”-ni dəstəkləyən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, həm erməni-azərbaycanlı məsələsində, həm də “demokratiya”, “müstəqillik” uğrunda aparılan işlərdə daim ikibaşlı oyunlar aparan  Viktor Polyaniçko oldu. Azərbaycan o dövrdə SSRİ-nin tərkibində olduğundan ikinci katib rus olmalı idi və bu vəzifədə rusun olması Moskvanın birbaşa nəzarət funksiyasını yerinə yetirirdi. Bir çox hallarda ikinci katib birinci katibdən soruşmadan istədiyi sənədə qol atırdı. Əlbəttə ki, Azərbaycanın adından. O dövrün sənədlərinə nəzər salsanız, siz yalnız V.Polyaniçkonun imzaladığı “QKÇP”-yə dəstək məktubunu görə bilərsiniz.
 
Bu hadisədən sonra prezident seçkilərinə gedən Ayaz Mütəllibov xalq tərəfindən seçilən kimi Azərbaycan Kommunist Partiyasını ləğv etdi. Bunda məqsəd isə Moskvaya xidmət edən partokratiyanı idarəçilikdən uzaqlaşdırmaq idi. Belə olduğu halda müstəqilliyimizə aparan yolu qısaldardıq. Doğrudan da 1991-ci il seçkilərindən sonra  Azərbaycan rəhbərliyində Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov və s. kimi milli qeyrətli kadrlar möhkəmlənməyə başladı. Təəssüf ki, xəyanətkarların əli ilə törədilmiş 20 noyabr faciəsi onları Azərbaycanın əlindən aldı...
 
- Bəs əgər siz dediyiniz kimi, Ayaz Mütəllibov Azərbaycann müstəqilliyi uğrunda hərəkata rəhbərlik edirdisə, o halda nədən onun hakimiyyətdə olduğu bir vaxtda - 1991-ci il avqustun 23-də AXC lideri Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı və başqaları AXC-ninYasamal rayonundakı qərargahı qarşısında azadlıq, müstəqillik şüarlarıyla “QKÇP” əleyhinə çıxışlar edərkən milislər tərəfindən döyülürdü? Cəbhəçi liderlərin başı sarıqlı fotolarını görən kütlələr bu gündə onları qəhrəman kimi anır...
 
(Davamı var...)
 
1991-ci il avqustun 23-dəki mitinqin dağıdılması və məxsusi olaraq AXC liderlərinin döyülüb başlarının yarılması əmrini əslində hansı  rəhbər Azərbaycan məmuru vermişdi? Ayaz Mütəllibov 1991-ci ilin sentyabrındakı prezident seçkilərində niyə alternativsiz iştirak etdi? Zərdüşt Əlizadənin son anda namizədliyini geri götürməsinin səbəbi nə idi? Mütəllibov dövründə xarici şirkətlər nədən neft kontraktlarını imzalamırdı?

Загрузка...
Загрузка...