Mikayıl sərt danışdı: "Qorxmursuzsa, nömrəmi verim görüşək" — MÜSAHİBƏ

 
Müsahibədə göstərilən diqqət və dəstək üçün Gənclik Mall “Mado” rəhbərliyinə təşəkkürlərimizi bildiririk.
 
Qonağımız “Space” telekanalının aparıcısı, “Sevimli şou Mikayıl” kimi tanınan Mikayıl Güləddinoğludur. Müsahibimizlə az vaxta bir çox sualları sığışdırmağa çalışdıq.  İlk olaraq özü haqda soruşduq:
 
“Əslində hamı məni tanıyır. Bakıda anadan olmuşam. Əslən Qubadlı rayonundanam. Bu sənətə Rafiq Həşimovun sayəsində gəlmişəm. O, AzTV-də aparıcı idi, mənə stiumul verib. Mən əslində polis olmaq istəyirdim. Sonradan anladım ki, polis ola bilmərəm. Duyğusal insanam. Sonradan İncəsənət universitetində təhsil aldım...” 
 
— “Sevimli şou” indi isə “Sevimli mahnı” həqiqətən sevimlidirmi?
 
— Bəli, 99 faiz kütlə sevir. Baxın “Sevimli şou” bağlanan zaman hər kəs üzüldü. Bir nəfər də çıxıb mənə demədi ki, yaxşı oldu bağlandı. Kim görürdü soruşurdu ki, niyə bağlandı, açılacaqmı yenidən və s. Bu insanların sevgisini mən qazanmışam. Onlar veriliş üçün narahat idi. Mən başa düşmürəm ki, məni və verilişimi pisləyənlər harada idi o zaman? Yanacaqdoldurma məntəqəsində belə iki daşın arasında məndən verilişin taleyini soruşan olub. Azərbaycanın əksər bölgələrində el şənliklərində oluram, amma kimsə mənfi fikir bildirməyib.
 
 
 
— Bəs o zaman sizcə verilişin bu dərəcə sevilməsinə səbəb nə idi?
 
— Çünki mən xalqın oğluyam. Verilişdə xalq dili ilə danışırdım. Toydan yaranmışıq hamımız, elin-obanın övladıyıq. Məsələn, “Sevimli şou”ya 500 nəfər gəlirdisə, “Sevimli mahnı”ya 50 nəfər gəlir. Tamaşaçılar gəlmədilər, küsdülər. “Sevimli şou” onların doğma yerləri idi. Onlara qoyulan yasaqlar onları küsdürdü - oynamamaq, yerindən durmamaq və s. kimi qadağalar. İndiki verilişim o biri verilişin effektini vermir.
 
— Sizin verilişiniz sosial şəbəkələrdə “palatka toyu” adlandırılıb, lağ obyektinə çevrilir…
 
— Allah canlarını sağ eləsin. Vallah üzümə hələ onu gəlib deyən olmamışdı. Qorxursunuzsa, arxamca da danışmayın. Əgər, qorxmursunuzsa, sözünüz varsa, nömrəmi verim gəlin üzümə deyin, görüşək. Əlçatmaz insan da deyiləm ki, deyəsiz axtardım tapmadım. Mənim verilişimə Azərbaycanın elə bir bölgəsi yox idi ki, oradan qonaq gəlməsin. 500 nəfər hər verilişə adam gəlirdi. Bunlar mənim qohum-qardaşım deyildi, xalqdır onlar. Təsəvvür edin ki, Rusiyadan mənim verilişimə qonaq gəlmişdi. Sırf mənim verilişimə. Bileti alanda hesablamışdılar ki, bu gün verilişə baxırıq səhər tezdən Bakıdan çıxırıq. Qalmağa yerləri belə yox idi, mən öz əllərimlə onları aparıb oteldə yerləşdirdim. Onlar “Sevimli şou”ya gəlmişdilər. Xalq mənim verilişimi sevmirsə, niyə gəlir? Hansı kanalın verilişinə 5-10 nəfərdən artıq insan gəlir?!
 
— Belə çıxır ki, Mikayılı Robin Huda bənzətmək olar…
 
— Bəli, Robin Huda bənzətmək olar. (gülür) Xalqın yanındayam daima. Onların içindən biriyəm.
 
— Peşman olmusunuzmu nə vaxtsa?
 
— Olub. Hərdən peşman oluram ki, kaş bu insana ürəyimi açıb danışmazdım, sirlərimi verməzdim…
 
 
 
— Arxadan vurulmusunuz deyəsən...
 
— Hə, birinə güvənib ürəyini açdığın zaman bölüşdüyün sirləri üçüncü şəxsdən eşitdikdə pis olursan. Axı, mən sənə inanıb demişəm bunları. Niyə qeyri birisi bilməlidir?! Çox pis zərbədir bu.
 
— Sizi nə əsəbləşdirir?
 
— Əvvəllər daha çox əsəbləşirdim. İndi arada haqqımda yazılan rəylərə, fikrlərə sinirlənirəm. Mən sosial şəbəkələrdə yoxam. Haqqımda elə şeylər yazılar ki, eşidəndə dəli oluram. Axı, mən nə etmişəm sizə? Nə pisliyim dəyib? Amma, hələ də məni qınayanların, təhqir edənlərin, ağız dolusu sosial şəbəkələrdə pisləyənlərin heç biri qarşıma çıxmayıb. Baxın, budur məni əsəbləşdirən ki, üzümə gəlin deyin, arxamdan yox. İnsan necə tanımadığı adam haqqında rəy verə bilər axı?
 
— “Sevimli şou” doğmadır, ya “Sevimli mahnı”?
 
— Əlbəttə “Sevimli şou”. Oradakı tamaşaçılarım üçün darıxmışam. Çünki Mikayıl orada kəndavoy idi, burada yox. Burada, nisbətən daha müasirdir.
 
— Müğənnilərlə aranız necədir?
 
— Əladır. Amma, müğənnidən dost olmaz. Məsafə yaxşıdır.
 
— Qonaq çağırdınız müğənniyə görə utanmısınız?
 
— Olub. Oxuya bilməyib, davranışı xoşuma gəlməyib və s.
 
— Toylarla aranız necədir?
 
— Çox gözəldir. Bölgələrimizdən daha çox dəvət gəlir. Baha getdiyimi deyirlər. Hətta, 2 min də, lap min də bahadır. Pul fərqi qoymuram mən. Allaha şükür deyirəm.
 
— Ailəniz verilişinizə baxır? Tənqid, təklif və iradları olur?
 
— Bəli, izləyirlər olur. Yeganə olaraq bir nəfərdən daima alqış görmüşəm. Yalnız atamdan. Belə deyim də, ancaq atamın dilindən danışıram deyə. Kəndavoy danışmışam, ancaq o da məni anlayıb, xalq da həmçinin.
 
— Mütailə ilə aranız necədir?
 
— Kitabı sevməyən insan düşünə bilmirəm. Təəssüf ki, çoxdur belələri. Balzakı, Hüqonu oxumamaq olar?!
 
— Şeirlərə də xüsusi simpatiyanız var deyəsən…
 
— Ramiz Rövşən, Salam Sarvan, Nizami, Zəlimxan Yaqub və s. Doymuram bu insanların yazdıqlarından. Şeir xəstəsiyəm.
 
— “Gəldim eee, gəldim” nədir?
 
— Bu mənim şüarımdır. (gülür) Evdə uşaqlarıma dediyim sözdür. Hər dəfə evə gələndə istifadə edirəm. Əlim istədiyi şokalad, peçenyeləri göstərib “gəldim eee gəldim” deyirəm. Daha sonra verilişlərimdə də işlətdim. Populyarlıq qazandı bu ifadə. Yəni ki, mən özüm oldum. Cilddən cildə girmədim. Evdə nəyəmsə, necəyəmsə, millət qarşısında da o cürəm.
 
— Cəbhə bölgəsində gərginlik zamanı, şəhid verdiyimiz vaxt sizin verilişdə qol qaldırıb oynadığınız anın görüntüsü yayıldı. Çox ciddi tənqid olundunuz…
 
— İndi sizə məsələni izah edim. Yaxşı məqama toxundunuz. Deməli, kimlərsə cəbhə bölgəsində gərginlik zamanı 2 il əvvələ aid hansısa verilişimdə oynadığım fotonu təzə adı ilə paylaşıb. Hamı da inanıb ki, həmin foto təzədir və cəbhədə olan hadisələr zamanı çəkilib. Amma əldə tək foto var idi, video üzə çıxmadı. Necə ola bilər axı bu? Əgər fakt doğrudursa, videogörüntülər olmalı deyildimi? Hamısı quramadır. Gözdən salmaq üçün edilən tələlərdir. Həmin verilişə Qarabağ şikəstəsi ilə başlamışdım mən.
 
— Sizin Ağcabədi toylarının birində döyülməniz xəbəri yayılmışdı. Düz idi həmin xəbər?
 
— Vallahi-billahi yalandır. Ağcabədi kimi məni qarşılayan yer yoxdur. Hamısı uydurma şeylərdir. Məni gözü götürməyənlər edir
 
— Müsahibə üçün çox sağ olun.
 
— Siz sağ olun.