Mikayıl Cabbarov təhsilin fatihəsini necə oxuyur? - təfsilat

Təhsil Nazirinin göstərişinə əsasən məktəblərdə xarici dili qrammatikasız tədris edirlər
Azərbaycan təhsilini «İçərişəhər» Dövlət Qoruğu ilə səhv salan təhsil naziri Mikayıl Cabbarovun «eksperiment»ləri günbəgün «turp kimi» qızarmağa başlayıb. Politika.Az xəbər verir ki, təhsilə meşəbəyi yanaşmasıyla yanaşan nazirin gördüyü işlər sayəsində ali məktəblərə qəbul olmaq istəyən 11 min gəncin yalnız 15 faizi müvəffəqiyyət əldə edə bilib. Yerdə qalan, 85 faizi isə heç 200 bal da toplaya bilməyib. Bütün bunların hansı faciələrdən xəbər verdiyini depməyə dəyməz.
Politika.Az xəbər verir ki, Mikayıl Cabbarovun «gərgin əməyi»nin bəhrəsi olan vəziyyətdən çıxış yolu təhsil sistemində köklü islahatların aparılmasından keçir. Amma bu islahatları nazirlikdə əyləşən kadrlarla həyata keçirməyin də mümkünsüz olduğu şübhəsizdir. Ona görə ki, həyatında bircə saat dərs keçməyən adamın təhsil haqqında təsəvvürü demək olar ki, yox kimidir.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsilə həm də şəxsi biznes kimi yanaşır. Əks təqdirdə, təhsil sektorunu korrupsiyanın ağuşuna alması baş verməzdi. Görünür, nazir elə zənn edir ki, təhsil gəlir yeridir və ona da külli miqdarda haqq çatmalıdır. Yoxsa, müəllimindən tutmuş, direktoruna və şöbə müdirinə qədər hər kəs pul yığmaq haqqında düşünməzdi.
Keçək bir vacib məsələyə. Politika.Az-a oxucularımızdan biri maraqlı məlumat göndərib. Həmin şəxs yazır ki, Mikayıl Cabbarov Misir Mərdanovun atasına rəhmət oxutdurur. «Bu adam təhsildən başqa hər işlə məşğuldur.1 saat olsun dərs deməyəndən nə gözləmək olar? Dünyanın heç bir yerində qrammatikasız dil öyrədilmir. Yalnız bizdə, Azərbaycan məktəblərində qrammatikasız rus dili tədris edilir. Bundan bəlkə də nazir və onun komandasının xəbəri yoxdur. Ali məktəblərin demək olar ki, heç birində texniki fakultələrdə Azərbaycan dilində vəsait yoxdur. Tələbələr internetdən nə isə tapıb bir təhər yola verirlət. Bununla da bilik qazanmaq mümkün deyil. Bir neçə ildən sonra AZƏRBAYCANDA ZİYALILAR BARMAQLA SAYILACAQ DƏRƏCƏDƏ AZ OLACAQ. Ali təhsil diplomu alacaq, ancaq savadsız mütəxəssislər ordusu yaranacaq. Kasıb balaları xaricdə təhsil ala bilmir, imkanlılar isə təhsildən sonra Azərbacana gəlmir. Cabbarov iş bilənlərlə işləmir. Özü və ətrafı da iş bilmir. ARTIQ BİZİM TƏHSİLİN FATİHƏSİ OXUNUB».
Politika.Az xəbər verir ki, Mikayıl Cabbarovun ən uğursuz addımlarından biri tədris ilinin müddətini iyunun 14-nə qədər uzatmasıdır. Ekspertlər deyir ki, bu həm mənasız, həm də əhəmiyyətsiz addımdır.