Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi – “Qərbi Ermənistan” planı

 
…halbuki bu materialların bir çoxu Ermənistan prezidentinin mənəvi-psixoloji portretini bütün incəlikləri ilə yaratmağa bir daha imkan verir. Məsələn, Rusiyanın “Независимая газета” nəşri 2016-cı il noyabr ayının 11-də alman mənşəli Donald Trampın ABŞ prezidenti seçilməsinə, münasibətlərinə və təbrik məktublarına dair məqalə dərc etmişdir. Məqalədə Ağ Evin yeni rəhbərinə Ermənistanın bağladığı ümidlər haqqında yarızarafat-yarıgerçək bildirilir: “Ermənistan prezidenti Serj Sərkisyan da Trampı təbrik etmiş və vurğulamışdır ki, “Dağlıq Qarabağ əhalisi Sizə böyük ümidlər bəsləyir… Çünki tanınmayan respublikanın əhalisi arasında gəzən söhbətlərə görə, Sizin də babalarınız vaxtilə Artsaxdan (Qarabağdan) köçənlərdir…”
 
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
 
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
 
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
 
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
 
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
 
(Əvvəli burada)
 
“Hər şey, o cümlədən yalan da həqiqətə xidmət edir. Kölgə Günəşin nurunu söndürə bilməz”.
 
Frans Kafka
 
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “Müstəqillik yollarında: Kiçik ölkənin böyük çağırışları. Nazirin gündəliyindən” adlı kitabında maraqlı bir epizodu təsvir edir. ABŞ-ın erməni əsilli milyarderi, iş adamı, “Tracinda Corporation” holdinqinin sahibi Kirk Kerkoryan (Qriqor Qriqoryan) İrəvanda qonaq olarkən V.Oskanyanın müşayiəti ilə “erməni soyqırımı” muzeyinə getmişdi. Müəllif bu barədə yazır: “Muzeyin direktoru Lavrenti Barseqyan danışır, Kirk isə diqqətlə onu dinləyirdi. Mən bir neçə addım geridə dayanmışdım. Kirk birdən məni yanına çağırdı. O, erməni xalqının böyük itkisinə – Qərbi Ermənistana həsr olunmuş relyefli xəritənin önündə dayanmışdı. Mənə tərəf çevrilib ürək ağrısı ilə soruşdu: “Bu torpaqları həbsdən azad etmək üçün nə qədər pul lazımdır?” Mən isə bunun üçün puldan da vacib işlərin görülməli olduğunu söylədim…”
 
“Qərbi Ermənistan”la bağlı görüləcək işlərin dövlət siyasəti səviyyəsində anonsunu isə Ermənistan prezidenti Serj Sərkisyan vermişdi. 2011-ci ildə erməni dili və ədəbiyyatı, ermənişünaslıq üzrə V Ümumerməni olimpiadasının iştirakçılarından olan bir gəncin Ermənistanın gələcəyinə, “Qərbi Ermənistanın Ararat dağı ilə birlikdə nə vaxt geri qaytarılacağının” mümkünlüyünə dair qabaqcadan hazırlanmış sualını cavablandırarkən prezident bu sözləri demişdir: “Bu, sizin nəslin vəzifəsidir. Fikirləşirəm ki, mənim nəslim öz borcunu yerinə yetirmiş, vətənimizin bir parçası olan Arsaxı (Qarabağı) 90-cı illərin əvvəllərində düşməndən müdafiə edə bilmişdir… Hər bir nəslin öz vəzifəsi var. Sən və sənin yaşıdların səylərinizi əsirgəməməlisiniz… Biz buna çox rahat nail ola bilərik. Mənim buna şübhəm yoxdur və çox istərdim ki, siz də inanasınız”.
 
Rəsmi Ankara S.Sərkisyanın növbəti “sentimentallığına” cavabı çox gözlətmədi. Türkiyənin Xarici İşlər Nazirliyi öz bəyanatında Ermənistan prezidentinin Türkiyəyə ərazi iddiaları haqqında növbəti sərsəm fikirlərini qətiyyətlə pisləmiş və bildirmişdir ki, dövlət başçısının vəzifəsi cəmiyyəti, xüsusilə gəncləri münaqişələrə deyil, sülhə və tərəqqiyə istiqamətləndirmək olmalıdır. Bəyanatda vurğulanır: “Xalqlar arasında nifrət və düşmənçilik ideologiyasını stimullaşdıran digər yanaşmalar isə gənc nəsillər qarşısında son dərəcədə məsuliyyətsiz hərəkətlərdir”. Bu qınaqdan sonra Serj Sərkisyanın tərbiyələnməsi və nəticə çıxarması haqqında məlumat yoxdur. Lakin həm Türkiyənin sərt mövqeyi, həm də Ermənistandakı ictimai-siyasi gərginlik onu bundan sonra güclü qonşuları barədə ölçülü-biçili danışmağa vadar etmişdir.
 
Əslində, Serj Sərkisyandan inciməyə də dəyməzdi. Onun siyasi fəaliyyəti bu tipli eksentrik çıxışları, qeyri-adekvat hərəkətləri ilə zəngindir. Hətta Ermənistan parlamentinin tribunasından da tez-tez onun haqqında lətifələr səslənməkdədir. Nəticədə, Ermənistan prezidenti haqqında həm ölkədə, həm də onun hüdudlarından kənarda formalaşmış “təlxək” imici hətta nüfuzlu qəzetlərin materiallarından hansının dolaq, hansının isə ciddi olmasını müəyyən etməkdə çətinliklər yaradır. Halbuki bu materialların bir çoxu Ermənistan prezidentinin mənəvi-psixoloji portretini bütün incəlikləri ilə yaratmağa bir daha imkan verir. Məsələn, Rusiyanın “Независимая газета” nəşri 2016-cı il noyabr ayının 11-də alman mənşəli Donald Trampın ABŞ prezidenti seçilməsinə, münasibətlərinə və təbrik məktublarına dair məqalə dərc etmişdir. Məqalədə Ağ Evin yeni rəhbərinə Ermənistanın bağladığı ümidlər haqqında yarızarafat-yarıgerçək bildirilir: “Ermənistan prezidenti Serj Sərkisyan da Trampı təbrik etmiş və vurğulamışdır ki, “Dağlıq Qarabağ əhalisi Sizə böyük ümidlər bəsləyir… Çünki tanınmayan respublikanın əhalisi arasında gəzən söhbətlərə görə, Sizin də babalarınız vaxtilə Artsaxdan (Qarabağdan) köçənlərdir…”
 
2015-ci il yanvar ayının 29-da Ermənistanda qondarma “erməni soyqırımı”nın yüz illiyi ilə əlaqədar keçiriləcək ümumdövlət tədbirlərinin koordinasiyası üzrə Dövlət Komissiyasının qəbul etdiyi “Ümumerməni Bəyannaməsi”nin ilk növbədə “xarici ölkələrdə yaşayan erməni diasporunun tələbləri” kimi təqdim olunmasına baxmayaraq, “Soyqırımı memorialı”nda keçirilmiş mərasimdə onun mətninin oxunması da prezident Serj Sərkisyanın boynuna qoyulmuş və bununla da rəsmi İrəvan həmin sənəddəki bütün müddəalar və iddialarla həmrəy olduğunu təsdiqləmişdir. Bəyanatda növbəti dəfə Türkiyəyə qarşı ərazi iddiaları – “Qərbi Ermənistan” torpaqlarının “geri qaytarılması” tələbləri irəli sürülmüş, bu məsələnin həllində erməni xalqının dünya dövlətlərinin, xüsusilə Amerika Birləşmiş Ştatlarının yardımına böyük ümidlər bəslədiyi vurğulanmışdır. Bir maraqlı detalı da diqqətə çatdırmaq istərdik. “Ümumerməni bəyannaməsi”ndən ilhamlanmış diaspor ermənilərinin qaytarılmasını tələb etdikləri daşınmaz əmlakın içərisində “vaxtilə imkanlı ermənilərə məxsus torpaqlarda inşa olunmuş” Çankaya köşkü, Atatürk beynəlxalq hava limanı, Diyarbəkir hava limanı və digər mühüm tikililər də vardır…
 
“Hay dat” və “Birləşmiş Ermənistan” ideyası əsasında hazırlanan sənədin tərtibçilərinin məntiqinə əsasən, 2015-ci ildə Rusiyanın və Türkiyənin regionda mövqelərinin zəifləməsi ABŞ-ın təsir imkanlarını artırmış və bununla da Vudro Vilsonun “Qərbi Ermənistan” planını reallaşdırması ilk olaraq “erməni soyqırımı”nın tanıdılması üçün əlverişli şərait yaratmışdır. Sənəddə o da bildirilir ki, “Daha güclü vətənin – azad və demokratik Ermənistanın güclənməsi, “Arsaxın” (Qarabağın) tərəqqisi və müstəqilliyinin möhkəmləndirilməsi, dünya ermənilərinin konsolidasiyası, ən nəhayət, bütün erməni xalqının çoxəsrlik arzularının yerinə yetirilməsi” məqsədilə Türkiyə 10 avqust 1920-ci il tarixli Sevr sülh müqaviləsinin şərtlərinin qeyd-şərtsiz icrasına məcbur edilməli, “Qərbi Ermənistan torpaqları” ermənilərə verilməlidir.
 
Bütövlükdə “Ümumerməni Bəyannaməsi”ndə Türkiyəyə yönəlik tələblər əvvəlkilərdən fərqlənmir və onları dörd qrupa ayırmaq olar:
 
● Türkiyə Respublikası qondarma “erməni soyqırımı”nı tanımalı və onun nəticələrinə görə Ermənistandan və bütün erməni xalqından rəsmi üzr istəməlidir;
 
● Türkiyə qondarma erməni “soyqırımı qurbanları”nın varislərinə təzminat ödəməlidir;
 
● “Qərbi Ermənistan” və “Cənubi Ermənistan” torpaqları “geri qaytarılmalıdır”;
 
● Türk və erməni xalqları arasında mehriban qonşuluq münasibətlərinin bərpası məqsədilə rəsmi Ankara ilk növbədə blokadanı götürməli, Türkiyə-Ermənistan sərhədləri heç bir tələb irəli sürülmədən açılmalıdır.
 
Ermənistan prezidenti ilə eyni ekssentrik düşüncə və məntiq sahibi olan, lakin hakimiyyət uğrunda mübarizədə, himayədar dövlət seçimində fərqli mövqe sahibi olan digər siyasətçi – “İrs” Partiyasının lideri, Ermənistanın sabiq xarici işlər naziri və hazırkı rejim üçün xroniki başağrısına çevrilmiş Qərb meyilli Raffi Hovanesyan da hakimiyyətin ali kürsüsünü ələ keçirmək naminə siyasətini “Türkiyənin işğalı altında olan erməni torpaqlarının azad olunması”, “Dağlıq Qarabağ Respublikasının Ermənistana birləşdirilməsi” kimi populist şüarlar üzərində qurmuşdur. Xatırladaq ki, R.Hovanesyan vaxtilə ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Assambleyasının (Armenian Assembly of America) rəhbəri olmuşdur. Politoloq İqor Muradyanın fikrincə, SSRİ-nin süqutu ərəfəsində – 1988-ci ildə İrəvanda fəaliyyətə başlayan assambleya bilavasitə ABŞ Dövlət Departamentinin, Konqresdəki erməni lobbisinin himayəsi altında olmuş, “Ermənistanın Qərbin təsiri altına salınması məqsədilə Ermənistan və Dağlıq Qarabağ ərazilərində kəşfiyyat xarakterli materialların toplanılması, Amerikanın iqtisadi-siyasi maraqlarının ödənilməsi, dövlət xadimlərinin, ictimai-siyasi liderlərin müxtəlif vasitələrlə ələ alınması üzrə ixtisaslaşdırılmışdır”. “Birləşmiş Ermənistan” ideyasının reallaşmasını özünün əsas hədəflərindən bir kimi müəyyənləşdirən Amerika Erməni Assambleyası Vaşinqtonda, Ağ Evin yaxınlığında bir vaxtlar ABŞ Mərkəzi Bankına məxsus olan binanı almış və burada qondarma “erməni soyqırımı” muzeyi açmışdır.
 
2015-ci il aprel ayının 11-də “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə “Qərbi Ermənistan” ərazilərinin erməni xalqının tarixi torpaqları olduğunu və ermənilərin mütləq oraya qayıdacaqlarını, “tarixi vətənlə” birləşəcəyini” iddia edən populist siyasətçinin sözlərinə görə, “Masis dağından Musa dağına kimi bütün ərazilərdə təhsil erməni dilində aparılmalı, erməni icmaları, erməni mədəniyyəti burada öz yerini tutmalıdır… Qərbi Ermənistan bu gün Türkiyə ərazisindədir. Deməli, erməni xalqının mədəni irsi də oradadır. Türkiyə ermənilərə öz tarixi torpaqlarına qayıtmasına imkan yaratmalıdır. Bu, dövlətlərimiz arasında münasibətlərin normallaşmasında onların pilot təşəbbüsü olacaqdır”. Üstəlik, həmin ilin may ayında Ermənistan parlamentində əyləşmiş “İrs” Partiyasının nümayəndələri “Qərbi Ermənistan” ərazilərinin Türkiyədən tələb olunmasına dair qanun layihəsini deputatların müzakirəsinə təqdim etmişdilər.
 
S.Sərkisyanın isə bu təşəbbüsə, eləcə də “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına reaksiyası əvvəlkilərdən fərqli olmuşdur. Türkiyənin sərt təpkilərindən sonra sözlərində ehtiyatlı olmağa çalışan prezident Ermənistan televiziyaları üçün verdiyi müsahibədə demişdir: “Qərbi Ermənistan” ərazilərinin tələb edilməsi Türkiyəyə yeni müharibənin elan olunması deməkdir və bu baş verərsə, mən heç nə edə bilməyəcəyəm… Dağlıq Qarabağın müstəqilliyinin tanınması isə Azərbaycana rəsmi müharibə elan olunması deməkdir… Belə çıxır ki, Raffi Hovanesyan müharibə elan edəcək, Ermənistanın təhlükəsizliyi isə Sərkisyana tapşırılacaq! Burada məntiq varmı?”
 
Lakin Türkiyə ilə əlaqəli bir məqam Hovanesyan-Sərkisyan debatında siyasi məntiq axtarışını arxa plana keçirir. Məlum olur ki, Raffi Hovanesyan rəsmi Ankaranın ünvanına söylədiyi kəskin çıxışlarına, Türkiyəyə açıq ərazi iddialarına, onun “Qərbi Ermənistan” ərazisindəki ermənilər, o cümlədən müsəlman ermənilər arasında separatizm və kütləvi itaətsizlik ideyaları yaymaq səylərinə baxmayaraq, dəfələrlə rahat və maneəsiz şəkildə Türkiyədə olmuş, aylarla Şərqi Anadoluda, Qara dəniz bölgəsində qalmış, yerli əhali ilə görüşlər keçirmişdir. “İrs” Partiyasından olan mənbəyə istinadən “Jamanak” qəzetinin yaydığı məlumata görə, “Türkiyədə Raffi Hovanesyan erməni xalqının böyük arzusu – “Qərbi Ermənistan” torpaqlarının azad edilməsi ilə bağlı çoxsaylı problemlərin həlli ilə ciddi şəkildə məşğuldur”.
 
Bununla belə, aralarındakı kürsü davasına baxmayaraq, əslində həm S.Sərkisyanın, həm də R.Hovanesyanın “Qərbi Ermənistan” iddiaları, “Dağlıq Qarabağ Respublikası”nın tanınmasında strategiyaları eynidir. Fərq yalnız taktiki gedişlərdədir. Məsələn, yuxarıda adı çəkilən V Ümumerməni olimpiadasının təşkilində, “Qərbi Ermənistan”dan olan gənclərin İrəvana gətirilməsində və manipulyasiyasında hər ikisi çiyin-çiyinə çalışmışdır. Təsadüfi deyildir ki, olimpiadanın “Qərbi Ermənistan”dan olan iştirakçılarının “Noyan Tapan” agentliyində (onun rəhbəri Tiqran Arutyunyan həm də qondarma “Qərbi Ermənistan Milli Şurası”nın informasiya və kütləvi informasiya vasitələri komissiyasının sədridir) keçirilmiş mətbuat konfransında Türkiyədəki “Taron-Muş ermənilərinin sosial turizm dərnəyinin” yeni xristian rəhbərləri Hayreddin (Hayk) Arslan və Gevorq Çalışın dedikləri nə S.Sərkisyanın, nə də R.Hovanesyanın Türkiyə əleyhinə söylədiklərindən fərqlənir. Onlar da “Qərbi Ermənistan”da müsəlman ermənilərin “bütün süni maneələrə baxmayaraq, siyasi cəhətdən fəallaşmasında təbliğat işinin aparılmasından, onların bir hissəsinin “təşkilatlanmağa, etnik və dini köklərinə qayıdışa hazır olduqlarından” danışmış, Ermənistanla əlaqələrin qurulmasının vacibliyini vurğulamışlar.
 
H.Arslan və G.Çalış rəhbərlik etdikləri “turizm dərnəyinin” həm də siyasi təyinatlı olması, “Qərbi Ermənistan”ın Türkiyədən ayrılıb Ermənistana birləşdirilməsi ideyasının bölgənin müsəlman erməni əhalisi arasında təbliği barədə də məlumat vermişlər: “Dərnəyimizin fəaliyyət göstərdiyi ərazidə əsasən islamlaşdırılmış ermənilər yaşayırlar. Biz ilk növbədə onlara erməni dilini öyrətməyə başladıq. Çətin də olsa, onlar erməni olduqlarını getdikcə aydın dərk edirlər”. H.Arslan çıxışında “Qərbi Ermənistanın müsəlman ermənilərinin Türkiyədə ciddi təhlükədə olduqlarını”, Ermənistanın isə təxirə salınmadan onlara münasibətdə yeni siyasət formalaşdırmasının əhəmiyyətini də diqqətə çatdırmışdır. H.Arslanın təklifinə əsasən, iki mərhələdən ibarət olan həmin siyasətin icrası zamanı əvvəlcə müsəlman ermənilərdə etnik özünüdərk hissinin formalaşması təmin edilməli, daha sonra isə həmin insanların tarixi dini identikliklərinə (qriqorian kilsəsinə) qayıdışı gündəmə gətirilməlidir.
 
Bütün bunlar bir daha təsdiqləyir ki, rəsmi İrəvan, onun xarici tərəfdaşları və Türkiyədəki əlaltılarından ibarət ittifaqın Şərqi Anadolunu Ermənistana birləşdirmək istiqamətində səyləri tarixi analoq baxımından “deja vekü” (frans. deja vecu – bir dəfə yaşanmış) fenomenini – ötən yüzilliyin 80-ci illərinin sonunda Azərbaycanda cərəyan etmiş hadisələri xatırladır. Belə ki, bu gün Türkiyədə yaşananlar Dağlıq Qarabağ ətrafında baş vermiş hadisələrin ilkin mərhələsinin analoqudur və hər iki prosesin eyni “dramaturji xətt” üzrə cərəyan etdiyini təsdiqləyir. Həm Dağlıq Qarabağın işğalında, həm də Türkiyə zəifləyəcəyi təqdirdə “Qərbi Ermənistan” adlandırılan ərazilərin ondan qopardılaraq Ermənistana birləşdirilməsi planında ötən əsrin 80-90-cı illərinin təcrübəsi, ortaq üslub və mərhələlər müşahidə olunur və vəziyyət müsbətə doğru dəyişməzsə, Şərqi Anadoluda baş verəcək hadisələrin nəticələrini indidən proqnozlaşdırmaq bir o qədər çətin deyildir. Ortaq mərhələlər isə aşağıdakılardır:
 
● saxta etnosiyasi miflər və faktoidlər əsasında möhkəmləndirilən ərazi iddialarının geniş təbliği, bu miflərin ictimai şüura yeridilməsi, siyasi-iqtisadi və etnoloji bazasının hazırlanması;
 
● ərazi iddialarının reallaşdırılması məqsədilə Ermənistanda və tərəfdaş dövlətlərdə ictimai-siyasi təşkilatların və maliyyə fondlarının yaradılması, bu prosesə diasporanın fəal cəlb olunması, “problemin həlli” ilə əlaqədar xarici ölkələrdə lobbiçilik fəaliyyətinin genişləndirilməsi;
 
● yerlərdə (Türkiyədə, Azərbaycanda) “narazılardan ibarət sosial bazanın” müəyyən edilməsi, onların arasında fəal təbliğat işinin qurulması, sosial çətinliklərin etnik münasibətlər müstəvisinə transformasiyası;
 
● sosial bazanın (indiki halda kriptoermənilərin və müsəlman ermənilərin) vahid siyasi mərkəz ətrafında təşkilatlandırılması. Yerlərdə kütləvi etiraz aksiyalarının təşkili;
 
● zəruri hallarda həmin sosial bazaya qarşı məqsədli terror-təxribat aksiyaları törətməklə bölgədə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, separatizm fəaliyyəti üçün bəhanələrin yaradılması, “birgəyaşayışın mümkünsüzlüyünün” beynəlxalq hüquq və beynəlxalq müzakirələr müstəvisinə çıxarılması;
 
● ərazi iddialarının regionda geosiyasi maraqları olan dövlətlərin strategiyasına uyğunlaşdırılması və ondan beynəlxalq siyasi-iqtisadi, hərbi-siyasi təzyiq vasitəsi kimi istifadə olunması və s.
 
(Ardı var)
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...