Məhəmməd Peyğəmbər haqqında gizlədilən film ssenarisi – 96 İLİN SİRRİ AÇILDI

 
Dünyada Məhəmməd Peyğəmbərlə bağlı ilk film 1920-ci illərdə çəkiləcəkmiş.
Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyədə kino üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.
 
Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu Betti Bluthe və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi Büngü ilə tanış olub: “Onlar Bengüdən Məhəmməd Peyğəmbərin həyatı ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə Bengü danışır ki, filmin adı “L’Amour de l’Emir” (Əmirin eşqi) olacaqmış. Bu filmə Misirli rəsmilər də dəstək verəcəklərini deyiblər. Lakin filmin çəkilişləri baş tutmur”.
 
A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə qarşı çıxması olub.
 
“1926-cı ilin 17 mayında Qahirədə dərc olunan “El-Masrah” jurnalında yayımlanan imzasız xəbər Misir üləmalarını hərəkətə keçirmişdi. Yazıda “beynəlxalq bir film şirkəti Misirə gəldi və Məhəmməd Peyğəmbərin filmini çəkəcək. Yufus Vehbi Həzrəti Məhəmmədi oynayacaq. Bu rol üçün Yusuf Vehbidən foto istənilib, o da verib” deyə bildirilir. Vehbidən foto istənilməsi bu ehtimalı ortaya çıxarırdı ki, filmdə peyğəmbərin üzü də çəkiləcəkmiş”, - deyə o bildirib.
 
A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və komandası Misirdə həbs olundu: “24 gün həbsxanada qaldılar. Film çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə, həmin ssenari çəkilmədi”.
 
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin həytından bəhs edən yeganə film “Çağrı” 1976-cı ildə çəkilib.