Məhəmməd Əli ilə vida mərasimi keçirilib

ABŞ-ın Luisvill şəhərində (Kentukki) iyunun 9-da əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi keçirilib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, yas mərasimində 14 minədək insan iştirak edib.
Vida mərasimi “Freedom Hall” idman arenasında baş tutub. Kassius Kley (Məhəmməd Əlinin əvvəlki adı) məhz burada 1960-cı ildə peşəkar rinqdə ilk qələbəsini qazanıb. Şəriət qaydaları ilə təşkil olunan yas mərasiminin keçirildiyi məkana giriş sərbəst olub. Vida mərasimi canlı yayım rejimində işıqlandırılıb. Mərasimdə keçmiş məşhur boksçu Şuqar Rey Leonard iştirak edib. O, Əlini bütün dünyaya təsir edə bilmiş son dərəcə cəsarətli və mərd xarakterli insan adlandırıb. Vida mərasimi cəmi 20 dəqiqə davam edib. Məhəmməd Əlinin üzü qibləyə uzadılmış cəsədi üzərində dualar və Qurandan parçalar oxunub.
Qeyd edək ki, vida mərasimi iyunun 10-da da davam etdiriləcək, daha sonra isə Məhəmməd Əli dəfn olunacaq. Dəfn mərasimində ABŞ-ın eks-prezidenti Bill Klinton, İordaniya kralı II Abdullah, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, aktyor Uill Smit və bpksçu Lennoks Lyuisin iştirak edəcəyi gözlənilir. Torpağa tapşırılmazdan əvvəl Məhəmməd Əlinin cəsədinin olduğu tabut şəhərin küçələri ilə aparılacaq.