Məhkəmədən Əli İnsanovla bağlı - Qərar

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
Axar.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
 
Qərara əsasən, Əli İnsanovun kasasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, sabiq nazir iştirakı olmadan prosesin keçirilməsi barədə yanvarın 5-də məhkəməyə yazılı ərizə göndərib.
 
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.
 
Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.
 
Əli İnsanov ittihamları qəbul etmir.

Загрузка...
Загрузка...