Məhbəsdən Kənana məktub... - SEYMUR HƏZİ

Kənanım, məndən sənə hey danışacaqlar,
Bir az da səndən sənə mən danışım.
Adını mən vermişəm.
Sən doğulmadan çox qabaq, adını əzizləyib, boyunu sevmişəm.
Uşağını bağçaya göndərə bilməyən anaların gözü ilə çox qəhərlənmişəm,
Məktəbdən qayıdan uşağını qucaqlayan anaların sevincinə çox sevinmişəm,
Hamısını səni düşünərək etmişəm.
Bu dünyanın çox gözəl olmasını istəmişəm səni düşünərək.
Bəlkə bağçaya? 
Məktəbə gedəndə əlindən tuta bilmədiyim üçün məni qınayacaqsan.
Amma mən daha böyük ananın – ölkəmizin körpələrin əlindən tutması naminə çox çalışmışam.
Gün gələcək sənin əlindən mənim arzuladığım Azərbaycan tutacaq,
Onda mən daha rahat, sən daha xoşbəxt olacaqsan.
Kənanım, sən ürəyinin döyüntüsü ilə tanımayacaqsan ananı.
Məni sənə anladacaqlar; adını əzizləyib, boyunu sevdiyimi deyəcəklər...
Bax, mən nə deyirəm:
Quşların, çiçəklərin adını bir dəfə soruş insanlardan - diqqətli olmağı öyrən.
Səni gec geyindirsələr, səbrli olmağı öyrən.
Nəyisə arzulayanda ağlama - danışmağı öyrən.
Nağıl danışmağı istəmə bir kimsədən,
həqiqətlərlə yaşamağı öyrən... Çətin olsa uşaq həyatı, tez böyüməyi öyrən.
Həyatın böyütdüyü uşaqlar qüvvətli olur ananın böyütdüyü uşaqlardan - buna da bir şans kimi bax...    
Neyləyək, körpə olmaq şansı yoxdur anasız böyüyən uşaqların.
Qışda şərfini bağla,
dondurmaya çox aludə olma və bir də vurulma şaqraq gülən qızlara.
Onlar tez tərk edirlər dostları, doğmaları, dünyanı...
Amma heç vaxt qorxma gecələr,
mən sənin yanında oluram hər kəs öz körpəsinin yanına çəkiləndə...
ANAN NƏRGİZ…

P.S. Bu yazının müəllifi siyasi məhbus Seymur Həzidir. S.Həzi yazır: “Məhbəsə qara xəbər gəldi... Düzünü deyim, əvvəl inanmadım. Çünki eşitdiklərim məni bir anlıq dəhşətə gətirdi, sanki dilim tutuldu. O xəbər Tofiq bəyin qızı Nərgizin vaxtsız faciəli ölüm xəbəri idi. Nərgizin övladının olmağına nə qədər sevindimsə, bir o qədər də kədərləndim, balaca Kənan anasız, Nərgizsiz qaldığı üçün.
Mən dəfndə iştirak edə bilməsəm də orada olanlar, təsəvvür etdiklərim, məni dəhşətə gətirirdi. Və mən də Nərgizin vaxtsız həyatdan köçməsindən təsirlənərək, dözə bilməyib, ürəyimdən keçənləri yazılarımla ifadə etməyi, onun əziz xatirəsinə və ona olan sevgimdən, Kənana bir məktub yazmağı qərara aldım. Mən Tofiq bəyin dərdinə şərikəm və Nərgizə Allahdan rəhmət diləyirəm.
Məkanın cənnət olsun Nərgiz!"
 
Hazırladı: ÜLVİYYƏ Xəlil