Meyer: “Rusiya Türkiyədən istədiyini aldı”

Rusiya ilə Türkiyəni uzun bir əməkdaşlıq yolu gözləyir, bu, siyasətin təbiətidir.
 Axar.az xəbər verir ki, bu sözləri Lomonosov adına MDU-nun Asiya və Afrika İnstitutunun prezidenti Mixail Meyer jurnalistlərə açıqlamasında deyib.
 Meyer rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Ankaranın münasibətləri yaxşılaşdırmaq cəhdlərini müsbət dəyərləndirib:
 “İndi əsas məsələ Rusiyanın hər şeyi unudub münasibətləri yenidən yoluna qoymağa hazır olub-olmamasıdır. Düzü, bizim federal hakimiyyətin Ərdoğanın yazdığı məktuba verdiyi reaksiya mənim üçün qaranlıq qaldı. Əgər şərtlər üzrxahlıq və vurulan pilotun ailəsinə kompensasiya ödənməsindən ibarətdirsə, deməli, rəsmi Moskva hər şeyə yenidən başlamağa hazırdır. Hər şeyə rəğmən, siyasət sadə mühasibat işi deyil, mürəkkəb anlayışdır. Burda məsələlərə daha ehtiyatla yanaşmaq lazımdır. Ümidvaram ki, biz münasibətlərin əvvəlki vəziyyətinə qayıtması üçün imkanlar tapacağıq”.
 O, prezidentlərin telefon danışığına ehtiyatla yanaşmağa çağırıb:
 “Düşünmürəm ki, müzakirələr “gəlin, hər şeyi unudaq” tipli olacaq. Hər şey daha ciddi və daha diplomatik xarakter daşıyacaq.
 Sözün düzü, Türkiyə prezidentinin belə qısa zamanda üzrxahlıq edəcəyini düşünmürdüm. Ankaranın öz siyasətini yeridəcəyini və bu qarşıdurmanın bir neçə il davam edəcəyini proqnozlaşdırırdım. Əgər Türkiyə tərəfi üzr istəmək qərarına gəlibsə, deməli, bu il onlar çətinliklərlə üzləşiblər.
 Türkiyənin Avropa Birliyindən “yox” cavabı alması onu göstərdi ki, Ərdoğanın yürütdüyü bu siyasət təkcə bizi deyil, həm də Qərbi qane etmir. Buna görə də, Türkiyə üçün, deyərdim, ikiqat problem meydana gəldi”.
 Meyer münasibətlərin yaxın gələcəkdə düzəlməsi ehtimalı haqda düşündüyünü də dilə gətirib:
 “Bu yaxında Türkiyədə səfərdə idim. İştirak etdiyim konfransda rus və türk nümayəndələr bir-biri ilə mehriban rəftar edirdi. Konfransın sonunda Türkiyənin Rusiyadakı keçmiş səfiri, mən və Dmitri Vasilyev foto çəkdirdik. Bir müddət sonra bu foto mənə göndərilən “Avrasiya bu gün” jurnalının üz qabığında “Vurulan təyyarədən sonra ilk birgə tədbir” başlığı ilə dərc olunmuşdu. Mən onda başa düşdüm ki, münasibətlər istiləşməyə başlayıb.
 Düşünürəm ki, Ərdoğan, doğrudan da, bir neçə səhv addım atdığını dərk edib”.