Meydan TV ilə bağlı cinayət işi açılıb

Şirin Abbasovun şikayətinə isə Nəsimi rayon Məhkəməsində baxılacaq
Aprelin 18-də jurnalist Şirin Abbasovun BMCMİ-yə qarşı ölkədən çıxmağa qoyulmuş qadağananın qanunsuz hesab edilməsi, 1 ay BMCMİ-də saxlanılmasının qanunsuz hesab edilməsi, saxlanılarkən ağır işgəncə, qeyri-insani rəftara və insan ləyaqətini alçaldan rəftara məruz qalması, yaşadığı evdə qanunsuz axtarış və əşyalarının aparılması, qanunsuz şəxsi axtarışa məruz qalması ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayəti üzrə Nərimanov rayon Məhkəməsində baxış olub.
Bu barədə öz Facebook səhifəsində yazan vəkil Elçin Sadıqov yazıb.
Ancaq vəkil BMCMİ və prokrorluğun prosesə gəlmədiyini qeyd edib.
Vəkil bildirib ki, Meydan.TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2.(qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparıldığından Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov şikayəti baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərdi: "Hakim qərarını belə əsaslandırdı ki, hərəkətlərin kim tərəfindən edilməsindən asılı olmayaraq cinayət işinin istintaqını AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi apardığından və həmin idarə Nəsimi rayon Məhkəməsi ərazisində yerləşdiyindən Şirin Abbasovun şikayətinə Nəsimi rayon Məhkəməsində baxılmalıdır.
Vəkil Şirin Abbasovun şikayətinə Nəsimi rayon Məhkəməsində baxılacağını bildirib.