​Merkeldən önəmli açıqlamalar: “Almaniyanın Türkiyə ilə özəl...”

 
Qəzet redaktorları ilə görüşən Almaniya kansleri Angela Merkel Türkiyə ilə bağlı sualları da cavablandırıb.
 
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Almaniya ilə Türkiyə arasında özəl bir bağ olduğunu söyləyən Merkel bu bağın belə qalmağa davam edəcəyini bəyan edib: "Alman-türk münasibətlərinə özəl xüsusiyyət verən amil üç milyon türk əsilli insanın Almaniyada yaşamasıdır". 
 
Türklərin alman cəmiyyətinə inteqrasiyasında problemli örnəklərin də olduğunu vurğulayan Merkel hesab edir ki, bu örnəkləri 3 milyonluq türk üçün yekun nəticə saymaq düz olmaz: "Türkiyə üçün də keçərli olan budur: Gərginlik əvəzinə yaxşı münasibətlərə üstünlük vermək. Mən prezident Ərdoğanla görüşləri bu yöndə davam etdirirəm".
 
Türkiyəni önəmli NATO müttəfiqi sayan Angela Merkel bu ölkənin Suriya məsələsindəki mühüm roluna da diqqət ayırıb: "Türkiyə Suriyadan 3 milyonluq qaçqın qəbul etdi. Bu, böyük bir fədakarlıqdır. Türkiyə Suriyada insani fəlakətin qarşısının alınmasında gərəkli rol oynayır".
 
PKK-lı kürdlərin Almaniyada aksiya keçirməsinə toxunan Merkel deyib: "Almaniyada fikir və ifadə azadlığı var.  Siyasi fikir ayrılıqları olan kürdlərlə türklərin Almaniyada sülhpərvər davranmasını istəyirik".