​Mendeleyevin Bakı qazı haqqında maraqlı proqnozu- TARİX

Baxış sayı: 
276
0  
0  

 
 
 
 
Söhbət XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Bakıdan gedir… O zaman ki, Bakının neft və milyonlar səltənəti olması dünyaya yenicə yayılmışdı. Odur ki, rotşildlər, simenslər, nobellər və daha kimlər elə hey Bakıya axışırdılar.
 
Elə bakılıların özü də ayaqlarının altındakı sərvətdən yenicə xəbər tutmuşdular. Odur ki, aralarında zirək tərpənənlər həmən neftli ərazini alıb milyonçu olmaq şanslarını sınayırdılar. Məqsədlərinə çatanları da oldu.  Amma çox vacib bir faktı deyək- mütəxəssis azlığı, iş prosesindəki qeyri-peşəkarlıq nefti sel kimi boşu-boşuna axıdırdı.
Həmçinin, mavi yanacaq olan qazı da…
 
O zaman müasir kimya elminin atası sayılan D.İ.Mendeleyev də işləmək və elmi işlərini aparmaq üçün Bakıya gəlmişdi. Gördükləri qarşısında çox heyrətlənir və israf olunan sərfətə görə üzülürdü.
 
Məsələn, o, görürdü ki, Balaxanıda sahibkar Mirzəyevin qonşuluqda aldığı mədənində qazdığı dayaz bir quyu elə fontan vurmuşdu ki, üç gün ərzində yer-yurd neft kölünə dönmüşdü. Fontan vuranda qaz ağır alətləri, hər biri yüz, yüz əlli kiloqram ağırlığında daşları kənara tullayırdı. Ramanada, Sabunçuda dərələrdən neft çay kimi axır, qurşaqdan yuxarı qalxır, adamlar bu taydan o taya keçə bilmirdi. Göydən neft yağırdı. Anbarları çox da böyük olmayanda aşıb-daşır, çənlər tez dolur, neft başlayırdı axmağa. Fəhlələr torpaqdan nə qədər sədlər düzəldir, daşdan və palçıqdan bəndlər çəkirdilərsə yenə öhdəsindən gələ bilmirdilər. Belə vaxtlarda fontanları bağlamaq, neft selinin qabağını kəsmək bəzən üç- dörd həftə çəkirdi.
Bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib, zay olur, çıxan neftin çoxu torpağa hopur, dörddə üçü təbəqədə qalıb «ölürdü». Kim idi geoloqlara qulaq asan, sözlərinə fikir verən. Sahibkarlar isə sevinir, onlarca faytonda, qazalaqda, şəhərdən, qonşu kəndlərdən adamlar tamaşaya gəlir, təzə milyonçunu müjdələyir, pul təklif edirdilər. Halbuki, həmin şəxsə bir gün əvvəl etibar edib bir manat da vermirdilər. Suraxanıda, Ramanada, Bibiheybətdəki güclü fontanların gurultusundan ətraf kəndlərdə yatmaq olmurdu; qaz aləmi bürüyürdü. Fontan bəzən üç-dörd həftə davam eləyirdi. Belə vaxtlarda qonşu mədənlərdə neft verən bütün quyuları, ocaqxanaları bağlayırdılar, qazmanı saxlayır, emalatxanalarda işi dayandırırdılar ki, yanğın düşməsin. Sonra da fontan sahibindən ya xoşluqla, çox vaxt isə məhkəmə gücünə itki pulu, ziyan xərci alırdılar. Milyardlarla kubmetr qaz havaya uçub zay olurdu.
 
Moderator.az xəbər verir ki, bütün bunları görən məşhur rus kimyagəri D. İ. Mendeleyev maraqlı proqnoz verir: havaya sovrulan qazı gələcəyin yanacağı adlandırır.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...