Meksikadan üçüncü dəfə gələn turisti qonaq edən qəsəbədən REPORTAJ (FOTOLAR)

Burada hər şey bahadır, əşyalar da, nəqliyyat da, bələdçilik də
Havalar isindikcə Azərbaycana turistlərin axını daha çox müşahidə olunur. Lakin ölkəmizdə bir yer var ki, orada istənilən fəsildə turistə rast gəlmək mümkündür. Bura dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, elə 1500 illik də tarixinin olduğu bildirilən Lahıcdır.
Musavat.com-un reportyor qrupu olaraq, Lahıca yollanıb oranın hazırkı durumu, insanlarının qarşıdan gələn yay mövsümündə turistləri qarşılamağa necə hazırlaşdıqlarını öyrəndik.
Lahıcda olduğumuz zaman müşahidə etdik ki, buranın turisti cəlb edən məqamları çoxdur, lakin nöqsanlar da az deyil...
Lahıcın Girdmançayın sahilində, Babadağ və Niyaldağ silsilələrinin əhatəsində yerləşməsi insanları bura çəkib gətirən səbəblərdən biridir. Lahıca gedən yol sıldırım qayaların arasından keçir. Bu yolda elə yerlər var ki, oradan yalnız bir avtomobil keçə bilir. İki avtomobilin yan-yana keçməsi üçün yer yoxdur. Söhbət etdiyimiz sürücülər bildirdilər ki, yağışdan sonra tez-tez  qayalardan daşlar yuvarlanıb yola düşür. Elə hal olur ki, bu, avtomobillərə də zərər verir. Ona görə də yollar nə qədər maraqlı və mənzərəli olsa da bir o qədər də təhlükəlidir. Təbii ki,  təhlükə və adrenalin sevənlər üçün isə bura fərqli rakursdan görünür. Biz də həmin sıldırım qayaların arasından keçib Lahıca yollandıq...
Lahıcın tarixinə qısa nəzər
Tarixi mənbələrə görə,  Lahıc Sasani şahı birinci Keyxosrov tərəfindən salınıb. Onun idarəçiliyi dövründə İran–Turan müharibələri gedir.  l Keyxosrov hakimiyyətdən əl çəkərək dağlara çəkilir. Bu yerlərin təbiəti onu özünə cəlb etdiyi üçün elə ömrünün axırına qədər İranın Lahican əyalətinin şərəfinə Lahıc adlandırdığı kənddə yaşayır. Bütün bunların nə qədər real olub-olmaması isə dəqiq deyil.
Ərəb xilafətinə qarşı  mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahının da burada yerləşdiyi bildirilir.
Lahıc dünyada əsasən misgərləri ilə tanınıb. Vaxtilə tacirlər Bakıdan, Tiflisdən, Borçalı və Zəngəzur mədənlərindən Lahıca mis daşıyıblar. Burada isə həmin mislərdən qablar düzəlib, yerli və xarici camaata satılıb. Hətta deyilənə görə, Lahıcda misgərlər misi xüsusi ritmlə döyərmişlər. Məqsəd ərazidə yaşayanları səslə yormamaq və öz işlərini nisbətən asanlaşdırmaq olub.
Hər kəsə müştəri gözü ilə baxan Lahıc sakinləri
Lahıcda olduğumuz zaman bizimlə maraqlı söhbətlər edən, əlindən gəldiyi qədər yardım etməyə çalışan xeyli insan gördük. Lakin Lahıc camaatının içərisində hər kəsə potensial qazanc mənbəyi kimi baxanlar da az deyil. Lahıcın küçələrini gəzdiyimiz zaman, orada bir qədim tikili diqqətimizi çəkdi.  Çünki üzərində yazılan soyadları bizə heç nəyi xatırlatmırdı. Ora bir ailənin adı yazılmış və bu evin dövlət tərəfindən qorunduğu qeyd olunmuşdu. Buna görə də, darvazanın qarşısında dayanan yaşlı kişindən bu ailə və ev barəsində soruşduq. O isə bizə cavabında, "Pul verin, danışım" dedi. Açığı, bu cavabı gözləmirdik. Yaşlı kişi bildirdi ki, əgər 5 manat versək, bizə məlumat verə bilər. Əks halda mümkün deyil. Bu zaman ağlımıza gələn ilk cümlə bu oldu: "Sonra da deyirlər ki, ölkəyə turist gəlmir..."
Oxşar hadisə suvenir mağazasında olarkən də baş verdi. Dükan sahibi çoban geyimini gətirib, "Geyinin, şəklinizi çəkim" dedi və təbii ki, razılaşdıq.  Fotokameramızla bizi çəkdi və sonda 1 manat tələb etdi.
Lahıcda otel və kafelərdəki “əl yandıran" qiymətlər
Lahıcda axşam saatlarında mərkəzi küçəyə daxil olan kimi sənə qalmaq üçün ev təklif edirlər. Lakin bu təklif digər yerlərdəki kimi qonaqpərvərlikdən qidalanmır. Məqsəd pul qazanmaqdır. Hazırda Lahıcda  4500-ə qədər ev var. Onların da çoxu turistlərin və Lahıca gələn həmyerlilərimizin üzünə açıqdır. Ancaq qeyd etdiyimiz kimi gərək haqqını verəsən. Misal üçün, burada içərisində iki ədəd çarpayı olan  ən ucuz otağın bir gecəsi  20 manata kirayə  verilir.  Otellərdə isə qiymətlər 70 manatdan başlayır.
Kafelərdə də qiymətlər çox bahadır. Buradakı qiymətlər heç də Bakının mərkəzindəki elit kafelərdən geri qalmır. Lakin iaşə obyektlərində qiymətlər çox yüksək olsa da, xidmət bunun tam əksidir. Yəni, çox aşağı səviyyədədir. Misal üçün, buranın ən ucuz kafesində iki şiş lülə kabab, yanında da yarım litrlik qazlı su içən şəxs 10-15 manat xərcləməlidir. Kababın süfrəyə gəlməsi üçün isə ən azı 30-40 dəqiqə gözləməlisən.
Burada yerləşən kafelər çox zaman boş olur. Lahıc camaatı ilə söhbətimiz zamanı onlar bildirdilər ki, turistlərdən heç bir xeyir görmürlər. Onlar sadəcə olaraq mağazaya girib, əşyalara baxıb, çıxıb gedirlər. Hətta özləri ilə yemək də gətirən var. Görünür, onlar Lahıcı bizdən yaxşı tanıyırlar. Buna görə də hazırlıqlı gəlirlər.
"10 turistin gəlməsindənsə, 1 azərbaycanlının gəlməsi daha yaxşıdır" – söyləyən suvenir mağazası işlədən xanımdır. Belə deməsinin səbəbini də bu formada izah edir: "Xaricilər gəlirlər, baxırlar, şəkil çəkdirib, gedirlər. Lahıc ustalarının əl işləri zəhmətinə görə baha olur. Onlar da bunu almırlar, ucuza qaçırlar. Biz də Çin istehsalı mallardan gətiririk ki, alan olsun". Bəlkə də bu üsul qazanc əldə etmək üçün sərfəlidir. Amma  onu da nəzərə almaq lazımdır ki, Lahıca, ümumiyyətlə, Azərbaycana gələn turist buraya aid  özəl nəsə almaq istəyir. Eyni zamanda həmin şəxslər ya burada çalışanlar, ya da xaricdə yaşayan təqaüd yaşına çatmış şəxslər olurlar. Belə şəxslər isə təkcə Azərbaycanı deyil, dünyanı gəzirlər. Dünyanı gəzənlər isə təbii ki, qiymətləri də xarici ölkələrlə müqayisə etməyi bacarır, Çin malını da seçə bilirlər...
Lahıcda nəqliyyat problemi
Lahıca gedən yol dağların ətəyindən keçir. Bəzən torpaq sürüşməsi, dağlardan düşən qayalar yolu qapadır. Buraya kənar yerdən gələnlər, sözsüz ki, ictimai nəqliyyatdan istifadə edirlər. İctimai nəqliyyat isə burada hər iki saatdan bir işləyən kiçik avtobuslardır. Bu avtobuslar İsmayıllıdan Lahıca gələn bir nəfəri 1 manat 50 qəpiyə gətirib-aparırlar. Lakin əsas problem qeyd etdiyimiz kimi avtobusların 2 saatlıq intervalla işləməsidir. Əgər Lahıcdan İsmayıllıya taksi ilə getmək istəsən, o zaman gərək ən azı 15 manat xərcin çıxsın. Ümumiyyətlə, Lahıc ətrafında taksilərin də qiyməti demək olar ki, Bakıdan bahadır.
Masallıdan Lahıca gələn Kazım Səfərov bildirdi ki, bütün bu kimi xərclər turistlər, eləcə də bura gəlmək istəyənlər üçün maneədir: “Çalışdığım şirkətdə xaricilər çoxdur. Onları gəzmək istəyən zaman Lahıca da gətirirəm. Ancaq buradakı qiymətlər elə bahadır ki, turistlər bir dəfə bura gəldikləri zaman ikinci dəfə gəlmirlər. Ya da gəlirlərsə çantalarında yemək, çay götürürlər. Nəqliyyat isə absurd dərəcədə bahadır. Bütün bunlar yoluna qoyularsa, yəqin ki, Lahıca indikindən daha çox turist cəlb etmək olar”.
Lahıc sakinlərinin gəlir yeri
Lahıcda illər öncə olduğu kimi yenə də misgərlər öz işlərinin başındadırlar. Onlar üzük, bilərzik, müxtəlif qablar, qılınc və xəncərlərin qulplarını düzəldib Lahıca gələnlərə satırlar. Burada öyrəndik ki, Lahıcda misgərlərdən başqa bitkilərdən pul qazananlar da az deyil. Elə sakinlər var ki, onlar dağda bitən hansı bitkinin nəyə xeyirli olduğunu bilirlər. İlboyu həmin bitkiləri toplayıb, qurudub, sonra xüsusi qablara yığaraq bura gələnlərə satıb, dolanırlar. Kənddə evlər balaca, həyətlər dar, ərazinin isə daha çox qayalardan ibarət olması ilə əlaqədar burada kənd təsərrüfatı inkişaf etməyib.
Lahıca üçüncü gəliş
Təbiətinin qeyd etdiyimiz kimi gözəl, tarixinin isə qədim olması, bura bir dəfə gələnin xatirəsində dərin izlər buraxır. Bəlkə də buna görədir ki, Lahıcda hər gün turistlərə rast gəlmək olur. Meksikadan olan bir turistlə söhbətimiz zamanı o da bildirdi ki, Lahıca artıq üçüncü dəfədir gəlir. Demək, burada turistləri özünə çəkən nəsə var. Elə isə qiymətlərə və digər bu kimi problemlərə də nəzarət etməklə Lahıcın fonunda ölkəmizə xeyli turist cəlb edə bilərik.