​Mehriban Zəki də danışdı: “Fuad Poladovu teatrda saxlamaq üçün…”

 
Əməkdar artist Mehriban Zəki Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.
 
Aktrisa Teleqraf.com-a açıqlamasında bildirib ki, Fuad Poladovu teatrda saxlamaq üçün teatr, mədəni ictimaiyyət mütləq addım atmalıdır: “Söhbətlərdən xəbərim var, eşitmişəm. Amma mən Fuad müəllimə heç bir fikir, heç bir söz demədim. Hər insanın qərarı onun şəxsi işidir. Amma mən hesab edirəm ki, bu addım şəxsi iş olmaqdan çıxır. Fuad müəllim boş yerə, ağlına gələn ilk fikirlə bu addımı atmır, kapriz eləmir. Hansısa bir fikri var və onu bu addımı atmağa vadar edib. Əvəzində hesab edirəm ki, teatr cəmiyyəti onu bu mövqeyindən, bu fikrindən daşındırmaq üçün addımlar atmalıdır. Çünki Fuad müəllim Azərbaycan teatrına çox lazımdır. Şəxsən mənə, bir çox aktyorla, teatr cəmiyyətinə, teatr tamaşaçısına lazımdır. Onu bu teatr mədəniyyətində, bu teatr sənətində saxlamaq üçün teatr, mədəniyyət ictimaiyyəti mütləq addım atmalıdır. Bu sadəcə kapriz deyil. Bu bir mövqedir və onu burda saxlamaq üçün ona qarşı mütləq getmək lazımdır. Əks halda bu, bizim üçün çox utancverici bir məqamdır”.
 
Aktrisa Fuad Poladovla həm teatrda, həm də kinoda işləməkdən çox böyük zövq aldığını deyib: “Mən neçə ildir sevə-sevə Fuad Poladovla səhnəyə çıxmışam və ondan həmişə öyrənmişəm. Fuad müəllim, sənətdə şöhrət üçün yox, sənətdə yalnız sənət üçün işləyən insanlardandır. Fuad müəllim aktyorluq sənətinin fəhləsi olub. Fuad müəllim hər zaman hər addımı, hər rolu, hər işiylə sübut edib ki, aktyorluq incəsənət aləmində yüksəklikdə durmalı olan bir peşədir. Aktyorlara hörmət etmək, onları sevmək, onları saymaq lazımdır. Fuad müəllim və onun kimi sənətini sevən, sənətinə hörmət edən insanlar öz mövqeləri, düşüncələri, addımları, fikirləri ilə özlərinə qarşı bu münasibəti, kobud səslənsə də tələb ediblər. Amma sözün yaxşı mənasında...Və Fuad müəllimə qarşı münasibət də elə onun özünün nümayiş etdirdiyi mövqedə olub. Şəxsən mən öz adıma Fuad müəllimlə həm teatrda, həm də kinoda işləməkdən çox böyük zövq almışam. İnanılmaz dərəcədə nizam-intizamlı, disiplinli, inanılmaz dərəcə də sənətinə hörmət edən bir şəxsiyyətdir. Sənətə qarşı olan bu hörmət sənətin yüksək səviyyədə olması məhz bu məqamdan başlayır. Bu mənim üçün hər zaman örnək olub”.
 
Bu gün Akademik Milli Dram Teatrında Fuad Poladovun sonuncu dəfə oynayacağı “Müsyo İbrahim və Quran çiçəkləri”ndə ana obrazını canlandıran Mehriban xanım tamaşanın möhtəşəm keçəcəyinə əmindir:
“Mən Fuad müəllimlə bu gün tamaşa oynayıram. Bilirəm ki, tamaşanın biletlərinin hamısı alınıb. Bugünki tamaşa çox möhtəşəm bir tamaşa olacaq. Və bir məqama təəssüf edirəm ki, bizim tamaşaçılar teatra mədəniyyət və sənət xatirinə deyil, aksiya xatirinə gəlirlər”.