​Mehriban Əliyeva qolları kəsilən oğlana kömək etdi

Ötən il Zaqatalada radikal dindarlar tərəfindən hər iki biləyi balta ilə kəsilən Vüsal Bəşirov Heydər Əliyev Fondunun dəstəyi ilə protez əllə təmin olunacaq.
 
Bu barədə Turaninfo.az  AzVision.az-a istinadən V.Bəşirov özü məlumat verib. 27 yaşlı gənc ona göstərilən köməyə görə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
 
“Mehriban xanıma təşəkkür edirəm. O, mənim müraciətimə cavab verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki əlim protez olacaq. Çox sevinirəm. Artıq məndə normal insan kimi iş görə biləcəyəm”.
 
V. Bəşirov protez qoyulmamışdan əvvəl hər iki qolunun əməliyyat olunacağını deyib: “Hər iki biləyim kəsilib protez üçün uyğunlaşdırılmalıdır. Bunun üçün əməliyyat lazımdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyinə ehtiyacım var”.
 
Qeyd edək ki, V.Bəşirov ötən ay saytımız vasitəsilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəmişdi.
 
Xatırladaq ki, məlum hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilmişdi ki, vəhabi dini təriqətinə mənsub Zaqatala rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıblar.
 
Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə Vüsal Bəşirovu döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparıblar.
 
R.Tahirov qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıb.
 
Cinayətdə adı hallanan şəxslər tutularaq, barələrində həbs-qətimkan tədbiri seçilib.