​Mehmandarov həyatını təhlükəyə ataraq, Bakıdan getmədi- Cümhuriyyətin son günü

 
 
 
 
Moderator.az gələn il yüzillik yubileyi keçiriləcək Azərbaycan Cümhuriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir.
 
Budəfəki yazı tariximizin bəlkə də ən acı günlərinə - 1920-ci ilin 27-28 aprel tarixinə təsadüf edir.
Bildiyimiz kimi, 27 apreldə ADR parlamenti özünün son fövqəladə iclasını keçirirək, məcburi səbəbdən hakimiyyəti bolşeviklərə təhvil verdi.
 
Cümhuriyyət liderlərini isə böyük təhlükə gözləyirdi. Odur ki, onlar Bakını tərk etməyə məcbur qaldılar.
 
Lakin ölkəni zor gücünə ələ keçirən bolşeviklər bir nazirə heç toxuna bilmədilər. Bu,vaxtilə çar ordusunda da rəşadət göstərmiş Səməd bəy Mehmandarov idi. Cümhuriyyətin hərb naziri olan Mehmandarov həyatını təhlükəyə ataraq, Bakını tərk etmir.
Moderator.az xəbər verir ki, köhnə Bakı tarixinin bilicisi Manaf Süleymanovun araşdırmalarında bu barədə çox maraqlı qeydlər var. Qeydlər, generalın oğlunun xatirələrinə istinadən verilib:
 
 “On iki yaşım var idi. Atam aprelin 27-də parlaman iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?”.
Atam cavab verdi ki, “Parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, “Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə...”.
Anam dilləndi: “Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?
 
 Atam qəti səslə: “Heç yerə getməyəcəyik”, dedi. Anam mızıldadı: “Axı qatar Biləcəridə gözləyir...”. Atam: “Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım, haqqım yoxdur”. Doğrudan da Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi.
 
Aprelin 28-i səhər Hər günkü təki yuxudan qalxdıq. Çay içdik, çörək yedik. Atam general libasını geydi, başladı maşını gözləməyə. Şoferdən xəbər yox idi. Telefonda zəng çaldı, cavab verən olmadı. Məni göndərdi ki, get gör Əşrəf niyə maşını gətirmir. De, bir az tələssin, gedib nazirliyi təhvil verməliyəm”. Qaraj indiki “Azneft” binasının arxasındakı birmərtəbəli binaların birində idi. Müsavat hökumətinin baş nazirliyi də indiki “Azneft” binasında yerləşirdi. Mirbabayev o binanın yarısını hökumətə verib kirayə də almırdı. “Getdim gördüm ki, qarajı, o ətrafda olan mülkləri silahlı adamlar araya alıblar, heç kəsi girib çıxmağa qoymurlar. Şofer də uzaqda dayanıb. Dedim ki, Əşrəf, atam maşını gözləyir, niyə gəlmirsən?”
 
 Silahlı adamları göstərib dedi ki, “bunlar məni qaraja yaxın qoymurlar”.
Qayıdıb əhvalatı atama xəbər verdim. Çıxdım küçə tərəfdəki eyvana. Dor ağacında oraq-çəkic ulduzlu bayraq yellənən bir barkaz sahilə yaxınlaşırdı. Otağa girib gördüyümü atama xəbər verdim. O dedi: “Bilirəm, məlum məsələdir...”.
Anama baxıb əlavə etdi: “Gedib nazirliyi təhvil verməliyəm”. Anam mənə baxdı:
 
“Sən də geyin, atanla get, - dedi. - Bu qarışıqlıqda, allah bilir, nə baş verə bilər...” Geyindim. Düşdük küçəyə, yollandıq nazirliyə. “Qafqaz-Merkuri” körpüsünün (indiki Kukla Teatrının) qabağında adamlar əllərində Qırmızı bayraq nümayişə çıxmışdılar. Atam general libasında onların yanından keçdi. Heç kəs dinmədi”. “Nazirliyə (Maliyyə nazirliyi olan bina) çatanda gördük ki, tünlükdür, çoxlu silahlı adam var. Atamı uzaqdan görəndə bir neçə nəfər yaxınlaşıb hörmətlə görüşdülər. Sovet Azərbaycanının hərbi Dəniz İşləri komissarı Çingiz İldırım qolundan yapışıb içəriyə aparanda, atam dönüb mənə dedi ki, get anana çatdır ki, hər şey qaydasındadır”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...