Media prezidentin hansı çağırışını dəstəklədi? - Eksklüziv

 
 “Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir”
 
Bunu Azərbaycan milli mətbuatının 141-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Politika.Az xatırladır ki, 2013-cü ildə prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Təsadüfi deyil ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) keçirdiyi sorğu belə yekunlaşıb.
 
Dövlət başçısının hər zaman mediaya diqqəti, jurnalistləri məhkəməyə vermək istəyən məmurlara sərt təpkisi diqqət mərkəzindədir. Ə.Həsənovun bu anlamda açıqlaması ciddi bir mesajdır. Bu mesaj son günlərdə baş verən hadisələrlə bağlı da ola bilər. Prezident köməkçisi bildirib ki, Azərbaycan jurnalistikası İlham Əliyevin əməli şəkildə çağırışlarına dəstək verir.
 
Bunun nümunəvi sübutudur ki, aprel müharibəsi zamanı, Rusiya-Türkiyə münasibətləri kontekstində, o cümlədən Türkiyədəki qiyamla bağlı siyasi kursda media prezidentlə yan-yana dayanıb.
 
Politika.Az xəbər verir ki, ölkə mediası dövlət başçısının həssas siyasi proseslərdə nümayiş etdirdiyi mövaqeni dəstəkləyib. Bu, mövqe təkcə dövlətin yox, Azərbaycanın milli maraqlarına, regiondakı sabit ölkə kimi uğurlu inkişafına, habelə geostrateji planlaşdırmasına uyğun olub.
 
Müasir jurnalistikada istər tənqidçi mətbuat olsun, istərsə müxalif media olsun, Azərbaycan prezidentinin milli maraqlardan doğan mövqeyinə səs verib, çağırışlarına dəstəyini əsirgəməyib. Ə.Həsənovun açıqlamasındakı mesaj da məhz bundan ibarətdir.
 
Özəlliklə, Fətullah Gülənin Türkiyədə hərbi çevriliş təşkil etməsində Azərbaycan prezidentinin qardaş ölkəyə əl uzatması, çevrilişə qalxanların əməlini cinayət adlandırması, hadisələrə son dərəcə həssaslıq və narahatlıq nümayiş etdirməsi fonunda milli mətbuatımız da narazılıq doğuran siyasi kurs seçməyib.
 
Xatırladaq ki, 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb.
 
Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib:
 
“Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.