Mədətova xəsarət yetirənlərdən 2-si saxlanılıb - Amma o, digər 3 nəfərin də həbsini tələb edir...

 
 
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Azərbaycan prezidenti mühafizə xidmətinin sabiq əməkdaşı, Nizami rayonu 23-cü polis bölməsinin keçmiş rəisi Muşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlamaları haqda xəbər yayılandan sonra Moderator.az-ın əməkdaşı Mədətovun mobil nömrəsinə zəng edərək son durumla maraqlanmaq istəyib.
 
Telefona Mədətovun yaxın qohumu cavab verərək bir neçə dəqiqədən sonra onunla danışmağın mümkün olacağını deyib. Amma bu hal bir neçə dəfə təkrarlansa da Mədətovla şəxsən əlaqə axlamaq mümkün olmayıb.
 
Başqa mənbədən əldə etdiyimiz məlumata görə Müşfiq Mədətov səhər saatlarından Səbail Polis İdarəsində ifadəsi alınmaq üçün saxlanılıb, ona qarşı hansı səbəbdən belə bir ağır cinayət törədildiyi araşdırılır.
 
Amma hadisəni törədənin 5 nəfər olmasına baxmayaraq yalnız onlardan ikisinin saxlanıldığı deyilir, Mədətovsa digər 3 nəfərin də istintaqa cəlb olunmasına israr edir. Müşfiq Mədətovun konkret hansı vəkillə təmin olunması dəqiqləşməsə də tanınmış vəkil Elçin Sadıqovun onu müdafiə edəcəyi barədə məlumat almışıq.
 
Ümid edirik ki, cəmiyyətdə çox ciddi narahatçılıq doğuran bu hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq, Müşfiq Mədətova və sonradan əməliyyat keçirən yüksək çinli polis əməkdaşlıarına qarşı silahlı müqavimət göstərən cinayətkar şəbəkənin bütün üzvləri ifşa olunaraq məsuliyyətə cəlb olunacaq. 
 
Yeri gəlmişkən, Virtualaz.org saytının baş redaktoru Müşfiq Mədətovla danışmağa müvəffəq olub. Onunla bağlı adıçəkilən saytın məlumatını da oxuya bilərsiniz:
 
"Mən cinayətin qurbanıyam. Amma faktiki olaraq həbs altındayam. Bu nə biabırçılıqdır? Mən və Vəli Vəliyev ifadə verdik, edilən hücumdan danışdıq. Ancaq bizi hələ də evə buraxmırlar. Biz nədə təqsirkarıq? Günün günorta çağı bizə hücum etdilər, bıçaqladılar və üstəlik bizim özümüzü həbs etdilər”, - deyə dünən xuliqanların hücumuna məruz qalan Müşviq Mədətov bir az əvvəl virtualaz.org-un axşam növbətçisinə zəng vuraraq həyəcanlı səslə bildirib.
 
"Mən xəstə insanam, şəkərim var. Amma bizə heç yemək də vermirlər. Mən anlaya bilmirəm – bizi nə üçün həbs ediblər?", - deyə Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı hiddətlə vurğulayıb.
 
M.Mədətovun sözlərinə görə, Sabail Rayon Polis İdarəsinin rəisi bildirib ki, onları yalnız rəhbərliyin zəngindən sonra azad edəcəklər.
 
Xatırladaq, M.Mədətov dünən dələduzların hücumunun qurbanı olub, hansılar ki, ona bir neçə bıçaq zərbəsi vurublar. Məişət münaqişəsi sonradan dramatik şəkil alıb- həmin dələduzlar polislərə atəş açıblar, Sabail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə yaralanıb.

Загрузка...
Загрузка...