​MB-dən manatla bağlı mühüm qərar - Şərh

 
Mərkəzi Bankın uçot dərəcəsini kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır.
 
Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılmasını şərh edərkən iqtisadçı alim Vüqar Bayramov deyib.
 
Ekspert son 10 ildə 15 faizlik dərəcənin yalnız bir dəfə, 2008-ci ilin iyununda qeydə alındığını bildirib:
 
“Amma cəmi 4 aydan sonra MB həmin dərəcəni yenidən 3 faiz bənd aşağı salmışdı. Mərkəzi Bankın uçot dərəcəsini kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. Bu, milli valyuta ilə yığımlara daha çox divident ödənişi deməkdir. Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək. Bu, eyni zamanda, qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb.
Dollar ilə cəmi 3, milli valyutada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, sadəcə, əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək”.
 
Qeyd edək ki, Mərkəzi Bankın sentyabrın 14-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.