“Maşallah Əhmədov İrana qaçmışdı...” - Zərərçəkmişlərdən şok ifadələr

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev jurnalistlərdən redaksiya tapşırığı tələb edib: "Redaksiya tapşırığı olmadan jurnalistlərin zala buraxılması mümkün deyil.  Əgər hansısa jurnalistdə belə bir sənədi olan varsa,  prosesdə iştirak edə bilər".
 
Hakim redaksiya tapşırığının nədən və hansı sənəddən ibarət olduğunu izah edə bilməyib: "Redaksiya tapşırığını bilməyən jurnalistin jurnalist olmasına şübhəm var. Buna görə də zalı tərk edin".
 
Jurnalistləri zaldan çıxardan hakim məhkəmə istintaqının başlanması barədə qərar qəbul edib.
 
Daha sonra prokuror ittiha aktını elan edib. İfadə verən Maşallah Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
 
Ədə etdiyimiz mılumata görə,  prosesdə zərərçəkmişlər - Sərxan Hüseynov və Yusif Əzizov ifadə veriblər.
 
Sərxan Hüseynov Maşallah Əhmədova 15 min dollar verdiyini deyib: "Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün 9 ay həbsdə yatdım, sonra bəraət aldım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı".
 
Yusif Əzizov bildirib ki, Maşalla Əhmədova 250 min manat verib.
 
Hər iki zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu vurğulayıb.
 
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
 
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu  qaytarmayıb.
 
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.