Markov: “Tək yol Qarabağın Azərbaycana qaytarılmasıdır”

Bakı və İrəvan arasında uzun illərdir davam edən münaqişə yalnız Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə həll oluna bilər.
Axar.az xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə müsahibəsində politoloq, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
“Qafqazlarda böhranın necə çətin həll olunduğunu hamımız xatırlayırıq. Keçmişdəki səhvlərimizi təkrar etmək istəmiriksə, Dağlıq Qarabağ problemini təcili həll etməliyik. Problemin həlli isə tək bir halda, Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə mümkündür. Bakı başqa heç bir seçimi qəbul etməyəcək”, - Markov bildirib.
Siyasi analitik, tarixçi Oleq Kuznetsova görə isə işğal edilən torpaqların geri qaytarılması ilə erməni xalqı hazırki qanlı rejimdən xilas olacaq:
“Azərbaycanın erməni terrorçuları tərəfindən işğal edilən torpaqlarını hərbi yolla geri almaq haqqı var. Orada baş verən hadisələr İrəvan rəhbərliyinin siyasi gələcəyini müəyyən edəcəyi üçün Serj Sərkisyan Qarabağın mövcud statusunu qorumaq naminə hər addımı atacaq. Azərbaycanın İkinci Qarabağ müharibəsini qazanması, sadəcə, Ermənistan tərəfindən işğal edilən torpaqların geri qaytarılması mənasına gəlməyəcək, eyni zamanda erməni xalqını 1999-cu ildə qanlı parlament basqını ilə hakimiyyətə gələn Köçəryan-Sərkisyan rejimindən də xilas edəcək”.