​Əmanətlərin sığortalanması fondu sabiq deputata CAVAB VERDİ

 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı gündəmə gələn məsələlərdən biri də keçmiş millət vəkili Gülər Əhmədovanın sığorta hadisəsi baş verən “Bank Standard”da 27 min dollar əmanətinin olması ilə bağlı məsələdir.
Publika.az xəbərinə görə, millət vəkili Vahid Əhmədov deyib ki, sabiq həmkarının zamanında banka yerləşdirdiyi 27 min dollarını geri almaqda ciddi problemi var: “Belə ki, G.Əhmədovaya əmanəti banka yerləşdirdiyi zaman mövcud olan kursla 0.78 kursu ilə qaytarmaq istəyiblər. Bu da 17-18 min dollar deməkdir”.
Xatırladaq ki, sığorta hadisəsi baş verən “Bank Standard”dakı əmanətlərin məbləği 520 mln. manat təşkil edirdi. Bunun 460 mln. manatı qorunan əmanətlər idi. Əmanətlərin 30 milyonu manatda, təxminən 265 milyonu dollardadır. Qeyd edək ki, artıq “Bank Standard” KB-nin filiallarında əmanətçilərə əmanətlərin qaytarılması prosesi başlayıb. Bu günə qədər bankın qorunan əmanətçilərinə 261 milyon 624 min manat artıq kompensasiya ödənilib. Ümumilikdə isə ilin əvvəlindən lisenziyası alının 10 bank üzrə Fond tərəfindən əmanətçilərə 527 milyon 259 min manatdan artıq kompensasiya reallaşdırılıb.
Əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov Publika.az-a açıqlamasında bildirdi ki, dollarla yerləşdirilmiş əmanətlər valyutanın sığorta hadisəsi baş verən günə olan məzənnəsi ilə geri qaytarılır: “Gülər Əhmədova qanun (“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunu) qəbul olan zaman sənədə səs verib. Keşkə qanunu oxuyub sonra səs verəydi. Qanun qəbul edilib və orada nəzərdə tutulan maddələrə əməl olunur. Proses onun, mənim və ya sizin deməyinizlə həyata keçirilmir”.
Fond sədrinin sözlərinə görə, dollarla yerləşdirilən əmanətlər dollarla, manatla yerləşdirilən əmanətlər manatla geri qaytarılır: “Əgər bir şəxsin bankda bir neçə valyutada (o cümlədən, manatla) qorunan əmanəti varsa, o zaman toplam kompensasiya milli valyutada ödənilir. Yox əgər manat istisna olmaqla digər bir neçə valyutada əmanəti varsa, o halda kompensasiya dollarla reallaşdırılır”.
Publika.az-a danışan iqtisadçı-ekspert Samir Əliyev deyir ki, 0,78 məzənnə ilə əmanətin qaytarılması qanunsuzdur: “Bank Standart”əmanətçinin pulunu Mərkəzi Bankın bu günkü məzənnəsi ilə geri qaytarmalıdır. Banklar bir neçə valyutada (o cümlədən, manatla) qorunan əmanəti üzrə toplam kompensasiyanınn milli valyutada ödəyən zaman satış deyil, alış kursunu əsas götürürlər. Bəzən kompensasiya məbləğini Mərkəzi Bankın rəsmi məzənnəsindən də aşağı müəyyənləşdirirlər”.
S.Əliyev deyir ki, müştəri aldığı kompensasiyanı başqa bankda dollara dəyişdiyi zaman 5 faizə yaxın itirir: “Əslində qanunvericilikdə bu sahədə boşluqlar var.
İqtisadiyyat şöbəsi