“Manat qatili” 2017-də pulun başına nə gətirəcək? - Sensasion proqnoz

 
Azərbaycanda ABŞ dollarının məzənnəsi ilə bağlı qeyri-müəyyənlik davam edir. İndiyədək mövcud olan ənənənin əksinə olaraq, 2017-ci ilin dövlət büdcəsi layihəsində də gələn il üçün dolların məzənnəsi ilə bağlı təqribi məzənnə açıqlanmayıb. Əvəzində bu məlumat başqa mənbədən açıqlanıb...
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov gələn il Fonddan büdcəyə transferin 3,5 miyard dollar olduğunu açıqlayıb.
 
2017-ci il üzrə büdcə haqqında qanunda Dövlət Neft Fondundan büdcəyə köçürmələrin məbləği manatla göstərilib və bu, 6,1 milyard manatdır.
 
Beləliklə, hesablama nəticəsində belə bir qənaətə gəlmək olar ki, gələn il dolların manata olan məzənnəsi 1,74-dən aşağı olmayacaq. Söhbət rəsmi məzənnədən gedir.
 
Hazırda dolların rəsmi məzənnəsi 1,72 manat ətrafındadır. Bəzi proqnozlarda ilin sonunadək bu rəqəmin 1,85-1,90 manat olacağı bildirilir.
 
Qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökumət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzərində çalışır.
 
Məlumata görə, dolların satışını dayandıran bankların sayı artır, satanlar isə limiti azaldırlar. Satışı dayandıran bankların sayı artdıqca “qara bazar”da da dollar bahalaşır.
 
Dollar “qara bazar”da 1.8150 manatdan alınır, 1.8220-1.8250 manatdan satılır. Digər mənbəyə görə, bəzi ünvanlarda dollar 1.84 manata satılır.
 
Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Ümid ancaq prezident İlham Əliyevə qalıb.
 
Ölkənin baş bankındakı vəzifəli şəxslərdən birinin verdiyi məlumata görə, keçirilən hərraclarda satışa nağd dollar çıxarılmır.
 
AMB formal keçirdiyi hərraclar az qala kosmetik xarakter daşıyır. Satışa çıxarıldığı iddia olunan dollar kütləsi banklara nağd olaraq deyil, depozit şəklində satılır.
 
Bu faktın ifşa edilməsi bütövlükdə bank sistemindəki vəziyyətin mahiyyətini tamamilə açır. Əslində, Azərbaycanda dollar qıtlığının niyə yaranmasının gerçək səbəbləri məlum olur.
 
Bəlli olur ki, Mərkəzi Bank banklara dollar paylamır və süni ajiotaj yaradır. Hərraca çıxarılan vəsaitlərin hara yönəldiyi müəmmalı olaraq qalır.
 
Mərkəzi Bankın valyuta ehtiyatları daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək.