Manat «koma»ya düşdü - RİSK ARTIR

Azərbaycan valyutasının dollar qarşılığında 1,68 manat olacağı gözlənilir
Fevral və dekabr şoklarından hələ ayılmayan Azərbaycan manatı yaxın vaxtlarda «koma» vəziyyətinə düşə bilər. Politika.az xəbər verir ki, son bir həftə içində manatın dollar qarşısında durmadan dəyər itirməsi isə prosesin başlanğıcıdır.
Məlumat üçün bildirək ki, üçüncü devalivasiyanın ola bilmə ehtimalı son günlər xeyli artıb. Düzdür, hökumət hər nə qədər özünü tox tutmağa çalışsa da, artıq onların da gücləri qalmayıb. Çünki dollar dünya birjalarında ciddi şəkildə mövqelərini bərkidir. Bu zaman təkcə manat deyil, digər dövlətlərin də milli valyutalarının sıradan çıxması müşahidə ediləcək.
Politika.Az xəbər verir ki, manatın son günlər 1,48 manatdan 1,53 manata qalxması prosesin ciddi fəsadlarla müşahidə edilə biləcəyini göstərir. Bəs, durum necə olacaq? Qeyd edək ki, artıq üçüncü devalivasiya artıq qapıdadır. Onun bu yaxınlarda, bir həftəyə və ya bir aya baş verə biləcəyini də demək çox çətindir.
Manatın aqibəti qarşıdakı həftə ərzində heç də ürək açan olmayacaq. Buna səbəb dünya birjalarında yaşananlar, Britaniyanın Avropa Birliyindən çıxması və digər amillərdir. Manatın real dəyərinə gəldikdə isə onun qarşıdakı həftələr içində bəlli olacaq və qiymətin dollar qarşılığında ən maksimum 1,68 manata çatacağı proqnozlaşdırılır.
Ekspertlər bildirirlər ki, manatın dollar qarşılığında 1,80-2 manat olma ehtimalı indiki məqamda çox azdır. Amma müəyyən zamandan sonra rəqəmlərin dəyişməsi mümkündür.