Manat-dollar qarşıdurması - hədəfdə nədir?

Ekspertlər fərqli düşünür, dollar barədə iddialar özünü doğrulda bilər...
Ölkədə manat dollar qarşısında az da olsa, günbəgün dəyər qazanmaqdadır. Bunun bir müddət davam etməsi dolların məzənnəsinin aşağı düşəcəyi iddialarının yaranmasına səbəb olub. Bildirilir ki, manat yaxın günlərdə davamlı olaraq bahalaşacaq.
Bank sektorundakı mənbə isə fins.az-a bildirib ki, banklar bilərəkdən hərracdan dollar almayaraq və ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar: “Banklar hərraca az sifariş təqdim etməklə qarşıdakı günlərdə küllü miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdırlar. Dolları 1.60 əvəzinə 1,50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir”.
Mərkəzi Bankın məlumatına görə isə yanvarın sonuna banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub. Artıq yeni şərtlərə görə, banklara 3 faiz dərəcəsindən yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfindən sığortalanmır. Milli valyutada, 12 faizədək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklardan dollardakı vəsaitlərini çıxardaraq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdıra bilər.
Aprelin 1-də Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılsa da, bu vəsaitdən 1 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb. Neft Fondunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. “Caspian Barrel” bildirir ki, aprelin 1-də Bakıda dolları ən aşağı kursla- 1,4880 AZN-ə almaq mümkün olub.
Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, dolların ucuzlaşmasının bir neçə səbəbi var: “Bu, sadəcə, konkret bir səbəbdən qaynaqlanmır. Azərbaycan cəmiyyəti FED-in qərarlarına əslində reallıqdan daha artıq diqqət yetirir: ”Azərbaycanda bu proses uzun müddət davam edə bilməz. Hansısa formada inzibati müdaxilə olmasa, dollar yenidən qalxacaq. Mərkəzi Bankın dəfələrlə elan etdiyi kimi, tələb və təklif əsasında formalaşan məzənnə siyasəti davam etdiriləcəksə, neftin qiymətində kəskin artımlar olmadan düşünürəm ki, on-on beş gün bu proses davam etdirilə bilər. Sonrakı dövrdə isə manat yenidən ucuzlaşmağa başlayacaq".
Ekspert Vüqar Bayramov isə bildirib ki, milli valyutamız fevral ayının sonları və martın əvvəlindəki dəyərsizləşmədən sonra yenidən möhkəmlənməyə başlayıb: “Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır. İkinci devalvasiyadan sonra bankların mövcud nağd aktivləri əsasən dollarlaşdı. Nəticədə mart ayının ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərinin müəyyən hissəsini manata çevirməyə başlayıblar. Bu isə dollar təklifini artırdı. Bəzi banklar son günlər ayrı-ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli şəkildə möhkəmlənməsi əhali tərəfindən dollar satışını da artırıb. Bəzi vətəndaşlarımız dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq bunu edirlər, bəziləri isə cari xərcləmələr üçün dollarını dəyişirlər. Təbii ki, bayram günləri ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərdi. Bugünlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçirdilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın siyasəti ”az manat və dollara olan az tələbat" prinsipini hədəfləyib. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyarddan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistikaya əsasən pul bazası son 1 ildə 2 dəfədən çox azalıb. Bu gün vətəndaşlar və biznesdə manat qıtlığı müşahidə edilir. İkinci kəskin devalvasiya nəticəsində nəinki vətəndaşlar, hətta biznesmenlər də əllərində qalan manatın əksəriyyətini dollara çevirmək məcburiyyətində qaldılar. Bu gün bir tərəfdən manat qıtlığı var, digər tərəfdən vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yəni manatın möhkəmlənməsinin iqtisadi səbəbləri inzibati müdaxilədən yaranan amillərdir. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarırsa da tam satılmır. Bununla yanaşı, reallıq bundan ibarətdir ki, bugünkü rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil. Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır".
Manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə ekspert deyib ki, növbəti günlərdə milli valyutanın məzənnəsinin möhkəmlənəcəyi güman edilir: “Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya isə tələb azdır. Eyni zamanda dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşların da dollarlarını manata çevirməyi davam etdirəcəyi gözlənilir. Bu isə növbəti günlərdə də dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzunmüddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Eyni zamanda Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənməsi prosesi dayanacaq. Bütün hallarda ötən illərdə də tövsiyə etdiyim kimi, pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir”. (musavat.com)