Manaf Ağayev ‘MTN işi’ üzrə məhkəmədə iştirakından danışdı

 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Məhkəmədə müğənni Manaf Ağayev də iştirak edib. Onun növbəti proseslərdə şahid kimi ifadə verəcəyi bildirilib.
 
Musavat.com məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxlayıb.
 
M.Ağayev bildirib ki, sözügedən binada qarajı olduğu üçün məhkəməyə şahid kimi çağırılıb: “Hərə bir söz deyir, bir söz yazır. İlham Qasımovun məhkəməsində sadəcə, iştirak etmişəm. Sözügedən bina bizim binadır. Orada birinin qarajı, birinin evi, birinin də obyekti var. Hələ məni danışdırmayıblar. Danışdırsalar da, çox deyiləcək sözüm yoxdur. O binada qarajım var, yerindədir, sökülməyib. Onunla bağlı məhkəməyə çağırılmışam. Mənim adımı Akif Çovdarovla çəkiblər. Mənim onunla əlaqəm yoxdur. Bu gün Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsi oldu. Biz də gedib, dost kimi iştirak edirik. Orada sökülən evlər də var. Biz də bir-birimizlə maraqlanmaq üçün toplanırıq”.