Mahmudovun susması, Abbasovun dillənməsinin müdhiş sirri - ÖZƏL

 
 
Ötən ilin oktyabrında məlum səs-küylü MTN əməliyyatı iki nazirin karyerasına son qoydu. Bu hadisələrdən sonra keçmiş milli təhlükəsizlik və rabitə nazirlərinin davranışlarında çox ciddi fərqlər müşahidə olunur.
 
Politika.Az-ın Analitik Qrupunun verdiyi xəbərə görə, Eldar Mahmudovla Əli Abbasov istefasından sonra hücrəsinə çəkilərək susmağa üstünlük versə də, ikincinin hərəkətlərində nisbətən cəmiyyətə inteqrasiya var.
 
Ə.Abbasov daha çox özünə güvənən, medianın suallarından qaçmayan biri təəssuratı bağışlayır. Elə son olaraq da mülklərinin satışa çıxarılması haqda xəbərlərə reaksiya verib və E.Mahmudovdan fərqli olaraq barəsindəki iddiaları cavablandırmaqdan çəkinmir.
 
Mənbənin saytımıza verdiyi məlumata görə, Ə.Abbasov bu hadisələrdə özünü daha az təqsirkar bilir. Keçmiş nazir MTN kimi mühüm bir struktura rəhbərlik etmiş nazirin təlimatlarına boyun əydiyini etiraf edib və yerində kim olsa eyni cür hərəkət edəcəyini düşünür.
 
Bu da eks-nazirə mənəvi rahatlıq verir və hələ də ümid edir ki ölkə rəhbərliyinin qəzəbi soyuyacaq, Ə.Abbasov əfv ediləcək. Ə.Abbasov ona nə zamansa vəzifə veriləcəyinə də inanır. Keçmiş rabitə naziri istefaya göndərildiyi tarixdən etibarən haqqında hansı informasiyalar yayılıbsa, cavabsız qoymayıb.
 
Politika.Az yada salır ki, Ə.Abbasovun çevrəsindəki mühüm şəxslər həbsdədir. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov məhkumluq həyatı yaşayırlar.
 
Qaynağımızın qeydlərnə görə, Ə.Abbasovdan fərqli olaraq E.Mahmudov və şəbəkəsinin cinayətləri misli görünməzdir. Artıq ləğv olunmuş MTN-də generalların və nazirin birgə hansı qanunsuzluqlara imza atdıqları tək-tək ifşa olunub.
 
Həm sahibkarlar, həm ayrı-ayrı vətəndaşların məhkəmə işləri, müraciətləri, prezidentə məktubları onların insanların başına hansı müsibətləri açdıqlarını təsdiqləyib.
Bu baxımdan E.Mahmudovun qruplaşmasının törətiyi cinayətlər keçmiş nazirin həbs təhlükəsini hələ də sovuşdurmayıb. Keçmiş MTN şefi güman edir ki, həbs təhlükəsi qalır və susmaq qızıldır.
 
Ona görə də oktyanbrdan bəri eks-nazir ev dustaqlığı yaşayır və haqqında yazılanlara bir sətir belə reaksiya vermir. O, müsahibə verməklə işini ağırlaşdıra biləcəyini ehtimal edir. Ə.Abbasovla E.Mahmudovun arasındakı fərq də bundan ibarətdir.