Lütfi Zadənin tamamlanmamış son elmi nəzəriyyəsi və ilk kitabı- ARAŞDIRMA

 
 
 
 
 
Dünən dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.
 
Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:
 
Bu dəfə Lütfi Zadənin üzərində işlədiyi son elmi nəzəriyyə və kitab  haqqında danışacağıq.  Maraqlısı budur ki, həm nəzəriyyə, həm də kitab dünyada tanınan bir başqa həmyerlimiz, professor Rafiq Əliyevlə birgə hazırlanırdı. 
 
Əvvəlcə nəzəriyyə haqda. Zadənin üzərində işlədiyi son elmi nəzəriyyə “U ədədləri nəzəriyyəsi” idi. Ömrünün son illərində Zadə özü bu nəzəriyyə istiqamətində işləmək üçün həmyerlimiz və elmi irsinin varisi Rafiq Əliyevə müraciət edib. Rafiq müəllim o zaman bu sətirlərin müəllifinə Lütfi Zadənin ona etdiyi təklif və “U ədədlər nəzəriyyəsi”nin mahiyyəti haqqında danışmışdı:
 
“Zadə bir neçə ay bundan əvvəl mənə mesaj göndərib. Yazıb ki, əzizim Rafiq, sən “Z ədədlər” nəzəriyyəsini yaratdın, daha sonra birlikdə çap etdik. İndi də “U ədədlər” nəzəriyyəsi ilə məşğul olaq. Bu nəzəriyyənin mahiyyəti odur ki, insan həyatında çox hadisələr təkrarlanır. Qərarqəbuletmə zamanı tez-tez təkrar olunan hadisələrin nəticələrini hesablamaq və ondan qeyri-səlis məntiqə uyğun daha dəqiq nəticələr çıxarmaq bu nəzəriyyənin əsas mahiyyətidir. Son olaraq Avstriyada dünyada ilk dəfə olaraq bu nəzəriyyə barəsində elmi məruzəm oldu”.
 
Diqqəti yuxarıdakı abzasda adıçəkilən “Z ədədlər nəzəriyyəsi”nə yönəldək. Çünki bu nəzəriyyə dahi Zadənin elmi fəaliyyətində tam olaraq başa çatdırdığı və Rafiq Əliyevlə birlikdə kitab şəklində çap olunan bəlkə də, sonuncu elmi işidir. Nəzəriyyə tam hasilə gələndən sonra dünyanın məşhur “World Scientific” elmi nəşriyyatı tərəfindən çap edildi. Azsaylı alimin yaxın düşə bildiyi mötəbər nəşriyyat professor Lütfi Zadənin və Rafiq Əliyevin birgə yazdıqları “The Arithmetic of Z-number, Theory and Application” (Z-ədədləri hesabı, nəzəriyyə və tətbiq) irihəcmli məmuniyyətlə nəşr etdi.
 
Bu nəzəriyyənin əsas qayəsi klassik ədədlər hesabından və nəzəriyyəsindən köklü surətdə fərqlənir, elmdə yeni bir istiqamət açır. Bu, elm sahəsində ilk kitabdır, tam orijinaldır və müəlliflərin öz ideya və elmi araşdırmalarını əhatə edir.
Rafiq Əliyev yeni hesab  kitab barəsində bunları qeyd edib:
 
“Elmin əsas məqsədi istər təbiətdə, istərsə də cəmiyyətdə baş verən proseslərin, hadisələrin daha adekvat, daha dürüst modelinin, inikasının yaradılmasıdır. Elmi nəzəriyyələr belə modellər (ola bilər riyazi simvollar, ola bilər verbal, yəni sözlərlə təsvir olunsun)üzərində qurulur. O nəzəriyyə daha dürüst, daha səmərəli sayılır ki, real həyat hadisələrinin qeyri-müəyyənliyini daha ətraflı və daha dərin nəzərə ala bilsin.
Bu baxımdan informasiya daşıyıcısı olan ədədlər 2 qismə bölünür: klassik ədədlər və qeyri-müəyyən ədədlər. Elə buna görə də dünya elmində 2 cür hesab var: klassik hesab, qeyri-müəyyənliklər hesabı. Əfsus ki, Azərbaycan universitetlərində və bütövlükdə ölkə elmimizdə ancaq klassik hesab və analiz öyrənilir və istifadə olunur.
Biz bu kitabda informasiya daşıyıcısı kimi ədədlərin təsnifatını vermişik: klassik ədədlər (0-cı səviyyə, məsələn, 1,9-17); interval ədədlər (1-ci səviyyə, məsələn, hərarət 20-dən 25-dək); təsadüfi ədəd (2-ci səviyyə, məsələn, kişilərin boyu 1m 75 sm ətrafında normal paylanır); qeyri-səlis ədəd (2-ci səviyyə, məsələn onun mənəvi çəkisi “çox böyükdür”); nəhayət, Z-ədədlər (3-cü səviyyə, məsələn dünya bazarında xam neftin qiyməti “kiçik olacaq, inam böyükdür”). Biz kitabda 1-ci və 2-ci səviyyə hesabları haqqında informasiya versək də əsas vurğu 3-cü tip ədədlər hesabına və bütövlükdə riyaziyyatına həsr olunub”.
 
 
 
Bir az sadə dildə desək,  Z-ədəd 2 hissədən ibarət sözlə təsvir olunmuş bir ədəddir. Birinci hissə-qeyri səlis ədəd dəyişənin, parametrin öz qiymətini göstərir, 2-ci hissə bu qiymətin etibarlılıq dərəcəsini qeyri-səlis ədəd kimi təsvir edir. Kitabda Lütfi Zadənin yazdığı fəsildən bir misal gətirmək istəyirəm. Hansı ədəd daha böyükdür: (təxminən 100, həqiqidir)ya (təxminən 90, çox həqiqidir). Məsələn jurnalistdən soruşurlar ki, qonorar bu 2 ədədlə xarakterizə olunur. Hansını seçərsiniz?
Təklif olunan nəzəriyyəsinin əsas tətbiq sahəsi sözlə hesablama texnologiyası olacaq.
Kitab Z-ədədlər hesabı adlansa da, Z-riyaziyyatının əsas elementlərini əhatə edir. Z-ədədlərin əsas xassələri, onlar üzərində hesab əməlləri, Z-ədədlərinin cəbri sistemi, o cümlədən tipik Z-funksiyalar, onların törəmələri, Z-tənliklər və s. kitabda öz əksini tapıb. Kitabın son 2 fəsli Z-hesabın əməliyyatların tədqiqi problemlərində və bir sıra biznes, iqtisadi qərar qəbuletmə problemlərinin həllində tətbiqini ehtiva edir.
Düşünürəm ki, kitabda əksini tapmış nəzəri ideyalar və praktiki araşdırmalar yeni texnologiyaların yaranmasına və inkişafına təkan verəcək”.
 
Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələri də özü kitablaşdırmayıb. O, hər nəzəriyyə haqqında məqalə yazar, onların vasitəsilə ideyalar verərdi. Daha sonra? həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olardı. Amma təəssüf ki, hər zaman məqalələrə üstünlük verən  Lütfi Zadə ömründə ilk dəfə olaraq, özünün  yazmaq və qismən də həyatını əks etdirmək istədiyi kitabın çapını görmədi. Yəni, kitab yaxın gələcəkdə çap olunsa da belə, yenə də Lütfi Zadə üçün yarımçıq iş sayılır. Amma nə yaxşı ki, Zadə bunu varisi Rafiq Əliyevlə bir edirdi. Ona görə də, tezliklə bu kitabın da çapını görəcəyik.
 
 
 
Kitab qeyri-səlis məntiq nəzəriyyəsinə aid ikihissəli toplu olması düşünülmüşdü. Birinci hissəsi Rafiq Əliyevlə Lütfi Zadənin özü  tərəfindən yazılıb və qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi, metodologiyası, tətbiq sahələri, yeni perspektivləri barədədir.
 
İkinci hissədə isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi yer alacaqdı. Məsələn, qeyri-səlis məntiq nəzəriyyəsi fizikada tətbiq olunub. Bu tətbiqi ən yaxşı həyata keçirən fizikin məqaləsi kitaba daxil ediləcəkdi. O cümlədən, kimya, tibb, iqtisadiyyat və s.
 
Sonda haşiyəyə çıxaraq Lütfi Zadənin Rafiq Əliyevi qeyri-səlis məntiqin ən güclü nümayandələrindən biri kimi dəyərləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Professor Rafiq Əliyevin qeyri-səlis məntiqə əsaslanan iqtisaqiyyatda qərarların qəbulu sahəsində yeni elmi istiqamət açan işini xüsusi qeyd etmək istərdim. Tezliklə onun işi başa düşüləcək və şübhəsiz ki, iqtisadi nəzəriyyəyə  mühüm təsir göstərəcəkdir”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...