Lütfi Zadənin dünya alimlərinə müraciəti: ”Rafiq Əliyev Nobel mükafatçılarını qabaqladı”

Baxış sayı: 
228
0  
0  

 
 
 
 
İki gün öncə dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.
 
Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:
 
Bu dəfə Lütfi Zadənin elmi irsinin varisi və yaxın elmi silahdaşı olan, dünyada tanınan bir başqa həmyerlimiz, professor Rafiq Əliyevin qeyri-səlis məntiq və qərarqəbuletmə nəzəriyyələri barəsindəki fövqəladə fikirləri və bununla bağlı dünya alimlərinəı etdiyi müraciətlərə toxunacağıq. Onun müraciətində Rafiq Əliyevin gördüyü işlərin dünyaya verəcəyi gələcək töhfələrdən də bəhs olunur:
Əvvəlcə, alimlərə ünvanlanan birinci məktuba diqqət edək. Orada Lütfi Zadə kiçik bir diqqətə görə böyük təvazökarlıq göstərir və bir elmi jurnala-xüsusi buraxılışı ona həsr etdiyi üçün təşəkürünü bildirir. Daha sonra isə qeyri-səlis məntiqin tarixi və Rafiq Əliyevdən danışır:
 
“Mən «Hindawi Publishing Corporation» nəşriyyatı tərəfindən nəşr olunan  «Advances in Fuzzy Systems» jurnalına «Special Issue on Real-Life Applications of Fuzzy Logic» xüsusi buraxılışını  mənə həsr etdiklərinə görə səmimi qəlbdən minnətdaram.
 
Kiçik tarixi ekskurs ilə başlamaq istərdim. 1965-ci ildə  qeyri-səlis çoxluqlara həsr olunan məqələmi yazmağımın əsas səbəbi o idi ki, o zaman mövcud olan nəzəriyyələr reallığın çox yayılmış aspektləri ilə - qeyri-səlisliyin müxtəlif tipləri ilə işləməyə qadir deyildilər.
 
1970-ci illərin sonu - 80-cı illərin əvvəllərində qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ilk əhəmiyyətli tətbiqləri görünməyə başladı. Bu tətbiqlərin əsas hissəsi qeyri-səlis idarəetmə sistemlərinin qurulması sahəsində araşdırmalarda təqdim olunub.
 
Son iki onillik qeyri-səlis məntiqin tətbiqi sahəsində  əhəmiyyətli dəyişikliklərlə fərqlənir. Onun tətbiqləri mühəndislik sahəsindən əlavə başqa sahələrdə də xeyli artıb. Belə tətbiqlər arasında - tibbdə, sosial elmlərdə, siyasi elmlərdə,  kredit qabiliyyətinin təhlilində və iqtisadiyyatda olan tətbiqləri göstərmək olar.
 
Professor Rafiq Əliyevin qeyri-səlis məntiqə əsaslanan iqtisaqiyyatda qərarların qəbulu sahəsində yeni elmi istiqamət açan işini xüsusi qeyd etmək istərdim. Tezliklə onun işi başa düşüləcək və şübhəsiz ki, iqtisadi nəzəriyyəyə  mühüm təsir göstərəcəkdir.
Qeyri-səlis məntiqin real tətbiqinin başlıca prinsiplərinə fikir vermək lazımdır. Demək olar ki, bütün qeyri-səlis məntiqin real tətbiqi linqvistik dəyişəndən istifadəyə əsaslanır. Linqvistik dəyişən - rəqəmlə deyil, sözlə ifadə olunan dəyişəndir.
 
Sonda bir az da sözlə hesablama (SH) metodologiyası haqqında. Sözlə hesablamanın özülünü linqvistik dəyişən təşkil edir. Sözlə hesablama, təbii dildə formalaşdırılmış informasiyanın işlənməsi, hesablama məsələlərinin riyazi həllərinin qurulmasına yol açır. Yəqin ki, yaxın illərdə sözlə hesablama qeyri-səlis məntiqin  real tətbiqinin artmasında və inkişafında  mühüm rol oynayacaq”.
 
Zənninmcə, Zadənin adıçəkilən elmi jurnalın redaksiya heyətinə yolladığı məktubda qeyri-səlis məntiqin mahiyyətini onun öz dilindən eşitmək çox yaxşı oldu. Amma bu, hamısı deyil. Zadənin dünya alimlərinə çağırış missiyasını həyata keçirən ikinci böyük məktubu var ki, orada da qeyri-səlis məntiqin mahiyyəti və Rafiq Əliyevin gördüyü işlər barədə geniş məlumat ala bilərik.
 
Burada Lütfi Zadə yaxın dostu və varisi  professor Rafiq Əliyevin son elmi nəzəriyyəsi üçün dünya alimlərinə müraciət edib. Lütfi Zadə müraciətində dünya alimlərini Rafiq Əliyevin dünyaya səs sala biləcək sonuncu qərarqəbuletmə nəzəriyyəsini müzakirə etməyə çağırır:
 
"Real həyatımızda qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə kimi vacib olan az məsələlər var. Gündəlik həyatımızda qəbul etdiyimiz qərarların çoxu bu kateqoriyadandır. Zont götürümmü? Pata telefon açmaq lazımdırmı? Fordda olan qiymətli kağızları satmaq lazımdırmı? Və sairə... Daha vacib qərarlar insan fəaliyyətinin planlaşdırılmasında, siyasətdə, konfliktlərin çözülməsində qəbul edilir.Elektron poçtumda məktublara göz gəzdirərkən 2003-cü ildə elmlər doktoru Laski ilə yazışmamıza rast gəldim. Mövzu belə idi: qeyri-müəyyənlik şəraitində qərar qəbuletmədə ehtimal nəzəriyyəsindən istifadə etmək kifayətdirmi? Laski Bayes ehtimal yanaşmasının tərəfdarı olduğundan cavabı "hə” olmuşdu. Mən öz növbəmdə "yox” cavabını əsaslandırmışdım.İndiki dövrümüzdə qeyri-müəyyənlik şəraitində qərar qəbuletmənin müxtəlif əsaslı problemlərinin başa düşülməsində xeyli irəliləmişik. Elmin və biliklərimizin bugünkü səviyyəsindən çıxış edərək qərar qəbuletmə problemlərinə yenidən baxmağa ehtiyac var.
 
Öncə qeyd edim ki, məsələnin "qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə üçün ehtimal nəzəriyyəsindən istifadə etmək kifayətdirmi” kimi qoymaq özü qüsurludur. Səbəb ondadır ki, istənilən qərarın verilməsi əldə olunan informasiyadan asılıdır. Belə informasiyanın tipləri çoxdur. Ehtimal nəzəriyyəsi müəyyən bir tip informasiya üçün yararlı ola bilər, ancaq başqa növ informasiya şəraitində yararlı deyil.
 
 
 
Fərz edək ki, mən qərar verməliyəm ki, hər hansı götürülmüş qərar qəbuletmə nəzəriyyəsini mövcud informasiya şəraitində tətbiq edimmi. Bu nəzəriyyə bu informasiya mühitində işləyə bilərmi. Məsələn, tutaq ki, mövcud informasiya təbii dildə təsvir olunmuşdur. Əldə olan bu nəzəriyyə bu informasiya mühiti üçün keçərlidirmi? Bu cavabını gözləyən çox vacib məsələdir. 3 tip informasiyanı fərqləndirməliyik: mümkünlük (hadisənin baş verməsi mümkündür), ehtimal (hadisə müəyyən ehtimalla baş verə bilər), bimodal informasiya. Bimodal informasiya mümkünlük və ehtimal informasiyanın kombinasiyasıdır (daha real və universal informasiya mühiti).İnformasiyanı təsnif etmək üçün informasiya anlayışını məhdudiyyət anlayışı ilə eyniləşdirmək lazımdır. Qərar qəbuletmə parametrlərinə qoyulan məhdudiyyət həmin parametrlərin aldığı qiymətlərə qoyulan məhdudiyyətdir. Məhdudiyyət səlis və qeyri-səlis ola bilər. 3 cür məhdudiyyəti fərqləndirmək lazımdır. Mümkünlük tipli məhdudiyyət parametrin mümkün qiymətlərinin qeyri-səlis çoxluğunu təyin edir. Ehtimal tipli məhdudiyyət parametrin mümkün qiymətlərinin ehtimal paylanmasını təyin edir. Bimodal məhdudiyyət hər iki tip məhdudiyyətlərin sinerisini ehtiva edir. Bimodal informasiya - bimodal məhdudiyyətlərin toplusudur. Məsələn qərar qəbul edərkən hər hansı bir parametrin (tutaq ki, uduş) qiyməti 10-a bərabər və ya 10-dan böyükdür. Bu klassik mümkünlük informasiya tipidir. Bu parametrin qiyməti böyükdür, yəni uduş böyükdür. Bu qeyri-səlis mümkünlük tip informasiyadır. Bu parametrin normal paylanmasında orta qiyməti 10, səpələnmə 4-dür. Bu klassik ehtimal tip informasiyadır. Parametrin qiymətləri normal qanunla paylanır, orta qiymət böyük, səpələnmə kiçikdir. Bu qeyri-səlis ehtimal tip informasiyadır.
Parametrin qiymətinin 5 ilə 10 arasında olmaq ehtimalı 0,6 və 0,8 intervalındadır. Bu klassik bimodal tip informasiyadır.
 
Nəhayət, əgər informasiya belə verilibsə ki, parametrlərin qiymətinin (məsələn uduşun və ya itkinin) kiçik olması ehtimalı böyükdür, onda bu qeyri-səlis bimodal informasiyadır.
Bu gün elmi ədəbiyyatda müxtəlif qərar qəbuletmə nəzəriyyələri mövcuddur. Sual yaranır: bu nəzəriyyələrin hansısı hansı informasiya mühitində işləyə bilər? Bu suala cavab vermək üçün nəzəriyyənin tətbiq olunma sahəsi anlayışını qəbul etməliyik. Nəzəriyyənin tətbiq oluna bilmə sahəsi elə ən ümumi informasiya tipidir ki, bu şəraitdə bu nəzəriyyə işləyə bilər. Kanenman və Tverskinin Perspektivlər qərar qəbuletmə nəzəriyyəsinin (1979) əsasında ehtimal nəzəriyyəsi durur, yəni klassik bimodal informasiya durur. Deməli, Perspektivlər nəzəriyyəsinin tətbiq oluna bilmək sahəsi klassik bimodal informasiya sahəsidir. Ümumiləşdirərək deyə bilərik ki, ehtimal nəzəriyyəsinə əsaslanan bütün qəbuletmə nəzəriyyələrinin istifadə oluna bilmək sahəsi klassik bimodal informasiya mühitidir. Elə buradan ehtimal nəzəriyyəsinə söykənən bütün qərar qəbuletmə nəzəriyyələrinin niyə məhdud tətbiq olunması aydın olur. Ehtimal nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə nəzəriyyələri qeyri-səlis bimodal informasiya şəraitində işləyə bilməzlər. Bu məhdudiyyət o faktla əlaqədardır ki, təbii dildə verilən informasiya qeyri-səlis bimodal informasiyadır. Aşağıdakı məsələyə baxaq. İki seçim var: 1) yüksək uduş, kiçik ehtimalla; 2) böyük uduş, kiçikdən biraz böyük ehtimalla.
 
Hansı seçimi edək? Ehtimal nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə nəzəriyyələri bu suala cavab verə bilərmi? Yox.Professor Bellman və mənim tərəfimdən təklif olunmuş "Qeyri-səlis mühitdə qərar qəbuletmə” (Management Science, 1970) nəzəriyyəsinin də tətbiq sahəsi qeyri-səlis mümkünlük informasiya mühiti idi, qeyri-səlis bimodal yox.Qərar qəbuletmə nəzəriyyəsi varmı ki, tətbiq olunma mühiti qeyri-səlis bimodal informasiyadır. Bu gün cavab var: bəli. Bu nəzəriyyə professor Rafiq Əliyevin öncül fundamental (pionering – Lütvi Zadə) nəzəriyyəsidir. "Mükəmməl olmayan informasiya şəraitində qərar qəbuletmə nəzəriyyəsi” (World Scientific, 2014).Rafiq Əliyevin nəzəriyyəsi Kanenmanın və Tverskinin 2002-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş perspektivlər nəzəriyyəsindən xeyli irəli getdi. Bu yazıda verilmiş konseptual struktur müxtəlif qərar qəbuletmə nəzəriyyəsinin imkanları və məhdudiyyətlərini müəyyən etməyin əsaslarını verir. Yekunda demək istərdim ki, ehtimal nəzəriyyəsi qeyri-səlis bimodal informasiya şəraitində tətbiq oluna bilən qərar qəbuletmə nəzəriyyəsinin əsası ola bilməz.Müzakirə üçün cavabları xoş məramla gözləyirəm”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...