​Lütfi Zadə və Rafiq Əliyev nəzəriyyələrindən bəhrələnən kosmik icad- ELMİ UĞUR

 
 
 
 
 
Ötən ay dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentyabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.
 
Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:
 
Bu dəfə Lütfi Zadənin nəzəriyyəsi əsasında hazırlanan başqa bir elmi yenilik və onun azərbaycanlı müəllifindən danışacağıq:
 
İqor Aşurbəyli rus kosmik fəzasının lideri, “Almaz” korporasiyasının direktoru, S-300 raket qurğularının ixtiraçısıdır. Dünya çapında tanınan həmyerlimiz, professor Rafi q Əliyevin aspirantı olub. Rafiq müəllimin aspirant olmaq isə o deməkdir ki, İqor Aşurbəyinin də elmi yaradıcılığından Lütfi Zadə məntiqi yan keçməyib.
 
Rus kosmik fəzasının lideri sayılan Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ilin 30 mayında Azərbaycan Sənaye İnsitutunda (indiki Neft və Sənaye Universiteti) öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləridi”.
 
Rafiq Əliyev vaxtilə bu sətirlərin müəllifinə həmin elmi iş barəsində bunları danışıb:
 
“Mürəkkəb rəqəmsal idarəetmə sistemlərinin davamlılığının artırılmasında başlıca istiqamət demərkəzləşdirilmiş sistemlərin lokal hesablama şəbəkələri əsasında yaradılmasıdır. Bu cür yanaşma idarəetmə sistemlərində sıradan çıxmış elementlərin funksiyalarının yenidən paylanmasına imkan verir. Bu işdə davamlı demərkəzləşdirilmiş idarəetmə sistemlərinin yaradılma prinsipləri və sintez üsulları işlənib. Əsas elmi nəticələr bunlardır: rəqəmsal demərkəzləşdirilmiş idarəetmə sistemlərinin dairəvi topologiyaya əsaslanan lokal hesablama şəbəkələri əsasında arxitekturasının təklif olunması; sıradan çıxmış elementlərin funksiyasının yenidən paylanması məsələsini əhatə edən davamlı idarəetmə sisteminin sintezi məsələsi qoyulmuş və həll olunub; demərkəzləşdirilmiş idarəetmə sisteminin davamlılığını təmin edən alqoritm təklif olunub. Bu üsul tədricən deqradasiyaya (pozulmaya) uğrayan sistemlər üçündür. Bu nəzəri müddəalar müxtəlif mürəkkəb texniki sistemlərdə istifadə oluna bilər”.
 
Qeyd edək ki, S-300 raketlərinin tətbiqində istifadə olunan bu məntiqin özü də Rafiq Əliyevdən qaynaqlanıb. Belə ki, hələ 1986-87–ci illərdə rus kosmik aparatlarının idarəolunması üçün təklif olunan 13 məntiq nəzəriyyəsindən yalnız Rafiq Əliyevin ALİ-1, ALİ-3 məntiqi əsas götürülüb. Sonradan rus kosmik fəzasının lideri səviyyəsinə qalxacaq İqor Aşurbəylinin də nəzəriyyələr sisteminə məhz, bilavasitə ALİ-1, ALİ-3  məntiqləri təsir edib. Bu fakt rus kosmik fəzasının məhz, Azərbaycan elminin uğurları nəticəsində idarə olunmasını göstərir.
 
Qeyd edək ki, İqor Aşurbəyli 1963-cü ildə Bakıda anadan olub.Texnika elmləri doktoru olan İqor Aşurbəyli Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri,  "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri (2001-2011). Socium Holdinq İdarə Heyətinin prezidenti, Asqardia Kosmos Millətinin qurucusudur.
 
Onun uzun illər direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
 
Qeyd edək ki, 2011-ci ildən etibarən, həmin S-300 raketlərinin istehsalı dayandırılıb. Elə barəsində danışdığımız İqor Aşurbəyli "RİA-Novosti"yə müsahibəsində bu barədə müsahibə vermişdi.
 
Trend.az saytının 2011-ci ildə bu barədə daha geniş informasiya yazaraq Aşurbəylinin rus mətbuatına dediyi fikirləri də səsləndirmişdi:
 
" bu barədə Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri İqor Aşurbəyli RİA-Novostiyə müsahibəsində bildirib.
 
2011-ci ilədək Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib.
 
"Rusiya ordusu üçün S-300 PM-in son kompleksi hardasa 1994-cü ildə istehsal olunub. O vaxtdan Rusiya bu kompleksləri yalnız ixrac üçün istehsal edib, lakin indi S-300-ün yeni ixrac sifarişləri də dayandırılıb", - Aşurbəyli bildirib.
 
S-300 zenit-raket sistemi iri sənaye və inzibati obyektlərin, hərbi baza və idarəetmə məntəqələrinin düşmənin kosmik-hava hücumu vasitələrinin zərbələrindən müdafiəsi üçün nəzərdə tutulub.
 
Aşurbəyli məlumat verib ki, S-300 üzrə "Almaz-Antey" KB (əvvəllər "Almaz" EİB) yalnız ixrac sifarişlərinin yerinə yetirilməsi üçün saxlanılıb.
 
"Bu yaxınlarda bir göndəriş həyata keçirilib, növbəti göndəriş daha bir ölkəyə ediləcək. Bununla da qurtardı. Lakin problem ondadır ki, biz S-300 üzrə sifarişlərin qəbulunu dayandırmışıq və S-400 üzrə sifarişlərin qəbuluna başlamamışıq", - Aşurbəyli qeyd edib.
 
S-400 zenit-raket sistemi bütün tip uçuş aparatlarının - təyyarələrin, pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistem yalnız hava məkanında deyil, həm də yaxın kosmosda da fəaliyyət göstərə və qeyri-strateji raketdən müdafiə tapşırıqlarının yerinə yetirə bilər.
 
" Zəfər" S-400 zenit-raket sistemi havadakı hədəflərin bütün spektrinin məhv edilməsinin effektivliyi üzrə S-300 tipinin üç sistemini əvəz etməyə qadirdir. " Zəfər" S-300 və S-200 komplekslərinin əvəz edilməsi üçün nəzərdə tutulub və hədəflərin yeni tipləri ilə - Stealth texnoligiyalarının istifadəsi ilə yerinə yetirilən uçuş cihazları, hərəkət radiusu 3,5 min kilometrdən çox olmayan kiçik ölçülü qanadlı raketlərlə, eləcə də hərəkət radiusu 3,5 min kilometrdən çox olmayan, uçuş sürəti saniyədə 4,8 kilometr olan ballistik raketlərlə mübarizə zamanı yüksək effektivliyə malikdir".
 
 
Elmin Nuri

Загрузка...
Загрузка...