​Lənkəranskinin yanındakı sürücü danışdı

 “Mən həbs olunmamışam və Azərbaycan mətbuatının barəmdə yaydığı məlumat tamamilə səhvdir”
 
Bunu kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. deyib.
 
Türkiyədən redaksiyamızla telefon əlaqəsi saxlayan Tahir C. bildirib ki, qətllə bağlı istintaq davam edir və mətbuat yanlış xəbər verməklə istintaqı çaşdırır: “Xahiş edirəm ki, media dəqiqləşdirilməmiş informasiya yaymasın.
 
Mən azadlıqdayam və hadisə ilə bağlı istintaqı çaşdıran xəbərlər tirajlanır. Azərbaycan prezidentinə və Milli Məclisə də müraciət edəcəyəm, mətbuat bu məsələdə xəəbər siyasətinə nəzarət olunsun. Bütün mediadan ricam var ki, məsələyə həssaslıqla yanaşsınlar”.
 
Qeyd edək ki, bu haqda xəbəri APA yayıb. Məlumatda deyilir ki, Tahir C. dindirmədən sonra barəsində həbs qərarı verilib. Belə ki, R. Lənkəranskinin oteldə Tahir C. ilə görüşdüyü müəyyənləşib. Həmin toplantıda Lənkəranskinin yaxın adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.
 
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Beləliklə, o da saxlanılıb.
 
Hacıbaba T.-nin Rusiyada törədilən 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyənləşib. Ə. Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir. Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.