​Lənkəranskinin Ded Xasan və Quli konflikti

 
Məşhur avtoritet Rövşən Lənkəranski Türkiyədə öldürüldükdən sonra oğru aləmində baş verən hadisələr medianın və cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib. Qətlin baş vermə səbəbləri, nəticələri, klanlararası müharibənin şiddətlənəcəyi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
 
Axar.az mövzunun aktuallığını nəzərə alaraq, həbs həyatında oğru aləmi il kifayət qədər yaxından tanış olmaq imkanı qazanmış tanınmış jurnalist, “Avropa.info” saytının direktoru Ruslan Bəşirli ilə söhbəti təqdim edir.
 
4 qanuni oğru ilə ünsiyyətim olub
 
- Həbsdə olarkən qanuni oğrularla bağlı düşüncələriniz necə olub?
 
- Mənim həbsdə olduğum 1 saylı cəzaçəkmə müəssisəsi hələ sovet dövründən daha çox qanuni oğruların olduğu yer idi, ora oğruların əsas məkanı sayılırdı. Lakin son dövrlərdə başqa həbsxanalarda olduğu kimi, burada da kriminal aləmin təsiri azalıb. Yəni “vəziyyətin olduğu zon” deyə bir şey yoxdur.
 
Bayılda olanda Nadir Səlifov (Lotu Quli), sonra 1 saylı cəzaçəkmə müəssisəsində olarkən Masallı Mamed, gürcü qanuni oğru Aftandil Sxumski və Yunus Nəzərov (Bakinski) olmaqla 4 qanuni oğru ilə ünsiyyətim olub.
 
- Sizə münasibətləri necə idi?
 
- Çox yaxşı. Qanuni oğrularla siyasi məhbuslar arasında heç vaxt hər hansı konflikt olmayıb. Əksinə, həmişə maraqlanıblar, kömək etmək istəyiblər. Onların həyatı və qanunları mənə görə deyil. Həbsdə olarkən də çalışmışam öz həyat prinsiplərimlə yaşayım. Onlar da buna pis baxmayıblar.
 
Qanuni oğrular gənclərə daha çox öz həyatlarını yaşamaqlarını tövsiyə edirdilər. Bunun canlı şahidi olmuşam. Bir dəfə 18 yaşlı gənc qanuni oğrulardan birinə yaxınlaşıb, “oğru” olmaq üçün ilkin addımlar atmaq istədiyini dedi. Qanuni oğru isə hamının qarşısında onu bu yoldan çəkindirdi.
 
Masallı Mamed 1 blok bahalı siqaret göndərmişdi...
 
- Hansı qanuni oğrularla görüşünüzü xatırlayırsınız?
 
- Mamedlə görüşüm yaxşı yadımdadır. O, 1 saylı cəzaçəkmə müəssisəsinə yeni gəlmişdi, 10-15 gün olardı. Bu, onun həmin cəzaçəkmə müəssisəsində ikinci həbs həyatı  idi. Həmin vaxt görüşdəydim. “Bratva”dan bir nəfər mənə yaxınlaşıb dedi ki, Mamed sizinlə görüşmək istəyir. Oğru və onun qonaqlarının görüşdüyü bir yer vardı, orada görüşdük. Çox normal şəkildə salamlaşdıq, mənim haqda məlumatlı olduğunu dedi, ürək-dirək verdi. Zonda harda yaşadığımı soruşdu. Dedim ki, digər dustaqlar kimi barakda yaşayıram. Mənə zondakı yaşamımla bağlı nə lazımdırsa, kömək edə biləcəyini dedi. Mən də təşəkkür etdim.
 
Doğrudan da qaldığım barakın  şəraiti çox normal idi. Otağı xalılarla döşətdirmişdim. Onunla söhbətləşdiyim vaxt, sən demə, Mamed öz adamını göndərib ki, gedib qaldığım yerə baxsın. Bunu sonradan bildim.
 
Mamedlə görüşdən sonra yanıma gələnlərlə görüşə getdim. Bu vaxt o, iri bir qabda şirniyyat göndərmişdi bizim stola. İçində 1 blok bahalı xarici siqaret də vardı.
 
- Doğurdanmı qanuni oğru olduğu yerdə dövlətin qanunu keçmir?
 
- Dövlətin qanunları hər zaman keçir, bunu tam əminliklə deyirəm. Sadəcə, əvvəllər “oğru” olan zonda məmur heyəti ilə dustaq arasında daha az problem olurdu. Bunu qanuni oğrular tənzimləyirdi. “Oğru” olmayanda da “bratva” və yaxud “vəziyyətə baxan” olurdu. Onların vasitəsi ilə hər şey tənzimlənir, problem yaranmırdı. Əslində, problem ondan yaranırdı ki, keçmiş dövrlərdə həbsxanalara nəzarət edən bəzi şəxslərin özlərinə inamsızlıqları vardı, bəzi hallarda isə dustaqlarla münasibətlərdən çəkinirdilər. Ona görə də hesab edirdilər ki, həbsxanada qanuni oğru olanda dustaqların yaşamı nizamlanar.
 
Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunduqdan sonra vəziyyət kökündən dəyişdi. O, dustaqlara işgəncələrə son qoyulması  ilə bağlı xüsusi tapşırıq vermişdi. Heç bir dustağa işgəncə yolu ilə cəza verilmirdi, ancaq həbsxana nizamnaməsini pozan dustaqlar qanuni formada cəzalandırılırdı. Mənə elə gəlir ki, M.Quliyev gələndən sonra həbsxanalarda nəzarət daha da gücləndi. Fərdlərdən çox şey asılıdır. Düşünürəm ki, M.Quliyevdə daha çox özünəinam vardı.
 
- Bəzən qanuni oğrular da tənqid olunur...
 
- Düzdür, Rövşən Lənkəranski olayından sonra sosial şəbəkələrdə bəzi müxalifətçilər yazırlar ki, qanuni oğrular nəyə görə hökumətə qarşı çıxmırlar və s. Hökumətlə mübarizə aparmaq siyasi partiyaların işidir, qanuni oğruların yox. Buna görə də onları hökumətə müxaliflik etməməkdə günahlandırmaq olmaz. Onlar əsasən siyasətə qarışmırlar, onların öz kriminal həyatları var, həbsxanada olan qanuni oğrular isə, sadəcə, həmin zonda “vəziyət”in olmasına çalışırlar. Ümumiyyətlə, qanuni oğruların siyasətə transferinin acı nəticələrini biz Rusiya timsalında görə bilərik. Putin hakimiyyətə gəldikdən sonra Rusiyada bəzi qanuni oğrular adlarından imtina edərək, siyasətə qoşuldular. Onların bəziləri deputat oldu, bəziləri isə şəhər meri vəzifəsini belə tutdu. Məsələn, Rusiyanın Perm şəhərinin meri keçmiş qanuni oğrudur. Şəhər əsl kriminal qanunlarla idarə olunur.
 
- Həbsxana rəhbərliyinin qanuni oğrulara münasibəti maraqlıdır...
 
- Ümumiyyətlə,  yazılmamış oğru qanunlarına görə, qanuni oğru hansı zona girirsə, orada “vəziyyət” qurmalıdır. Müəyyən  anlaşma olmadısa, qanuni oğru orada fəaliyyət göstərə bilməz, ümumiyyətlə, orada ola bilməz. Ola bilsin ki, onlar arasında dustaqların şəraiti, saxlanma qaydaları və s. haqda razılıq olsun.
 
Müasir oğrular...
 
- Sovet İttifaqı dağıldıqdan sonra, belə deyək, “oğru qaydaları” da dəyişdi. Bunun səbəbi nə idi?
 
- Oğru qanunları  yazılmamış qanunlardır. Sovet dövründə oğru qanunları sərt idi və ümumi bir yanaşma vardı. Sovet oğru qanunları dünyanın mafioz strukturlarından fərqli idi. Sovet cəmiyyəti qapalı idi və o dövrün qanuni oğrularının mafiya qanunlarına uyğun qaydaları yox idi. Deyək ki, onlar üçün müəyyən şeylər var idi ki, bu, qırmızı xətt sayılırdı. Ayrıca, o dövrdə böyük pullar, biznes maraqları yox idi. Oğruya bizneslə məşğul olmaq qadağan idi. Sonradan, 90-cı illərdə keçmiş postsovet ölkələrinin qanuni oğruları tədricən mafiya qanunlarını tətbiq etməyə başladılar.
 
Sovet dövründə taclandırma olurdu. Bunun üçün də birbaşa razılıq Moskvadakı “böyük sxodka”dan gəlirdi. Dövlətlər necə idarə olunurdusa, oğru aləmi də elə idarə olunurdu, mərkəz Moskva idi. SSRİ dağılsa da, oğru aləmində bu qayda qalır – Moskva paytaxt rolunu hələ də saxlayır.
 
İttifaq dağıldıqdan sonra sovet qanuni oğruları Qərb və Türkiyənin mafiya strukturlarına transfer olunmağa başladılar. 90-cı illərin əvvəllərindən oğru dünyasında parçalanma başladı: bəzi qanuni oğrular mafiya qaydaları ilə, bəziləri isə köhnə qaydalarla yaşamağı üstün tutdular.
 
Qərb mafiya qruplaşmalarına üz tutanların yavaş-yavaş leqal biznesləri də oldu, böyük bizneslərə havadarlıq da etməyə başladılar. Ortada böyük pullar dövr etdiyindən böyük savaşlar da başladı.
 
- Mövzunu bir qədr konkretlşdirək: Rövşən Lənkəranski ilə bağlı hadisələr nə vaxt mürəkkəb hal aldı?
 
- Əvvəllər Lənkəranski də Ded Xasan qruplaşmasının üzvü idi və Ded Xasanın rəhbərlik etdiyi tək “sxodka” vardı. Eynən sovet dövründə olduğu kimi. Bir müddət sonra Ded Xasan Tariel Oniani və Camal Mikeladzenin qanuni oğru adını əlindən aldı. Onlar Ded Xasana qarşı cəbhə açdılar. Bundan sonra naməlum səbəbdən Ded Xasan Lənkəranskinin də oğru adının alınmasına qərar verdi. Lənkəranski də buna etiraz etmişdi. Bu zaman artıq Ded Xasana qarşı cəbhə açılmışdı. Merab Canqveladze də daxil olmaqla, bir qrup oğru Rusiyada qala bilmədi. Onlar əvvəlcə bir müddət Ukraynada, sonra Dubayda yaşadılar. Son vaxtlar isə Türkiyədə mənzillənmişdilər.
 
Ded Xasan öldürüldükdən sonra başqaları ilə bərabər, bu qətldə Rövşənin də adı hallanmağa başladı. Bu səbəbdən Rövşənin qətli ilə bağlı nəsə demək çox çətindir. Hamının gözü Ded Xasan klanına rəhbərlik edən Şakro Molodoydadı. Rusiya mətbuatı da bunu yazıb. Amma üçüncu bir qüvvənin də olması istisna deyil.
 
- Həmid Herisçi Lənkəranskinin qətlini Qərb kəşfiyyatına bağlamışdı...
 
- Hadisənin o radiusda baş verməsinə inanmıram.
 
- Rövşənin ölümünü necə qarşıladınız?
 
- Rövşən Lənkəranski nüfuzlu adam idi. Bunu qəbul etməmək mümkün deyil. Açığı, onun ölümünə təəssüfləndim, cəmi 41 yaşı vardı, azyaşlı övladları var.
 
- Sosial şəbəkələrdə bəziləri bu hadisəni sıradan bir qətl olduğunu yazır...
 
- Əlbəttə, kriminal statuslu şəxslərin həyatı bütün dünyada medianın diqqətində olur. Bu, həm də ona görədir ki, bu aləm cəmiyyət üçün bir az sirlidir. Lakin dünya mediasında bu, daha çox xəbər qismində tirajlanır. Bizdə isə bu olay deyərdim ki, bir qədər həddini aşdı. Cəmiyyətimiz son zamanlar hər şeyə reaksiya verməyə öyrəşib. Belə olmaz. Hər kəs bildiyi sahədən danışmalıdır. Azərbaycanda kriminal jurnalistika çox inkişaf etməyib, jurnalistlərin əksəriyyətinin kriminal aləmdən demək olar ki, xəbəri yoxdur. Sosial şəbəkələrdə və mediada Rövşən Lənkəranskinin Rusiyada həmyerlilərimizə arxa-dayaq olması xəbərləri ilə bağlı o qədər də məlumatlı deyiləm. Ancaq onu bilirəm ki, son illərdə onun özünün problemi çox idi, düşmənləri artmışdı. Sovet dövründə olduğu kimi, söz müharibəsi getmirdi, ortada silahlar danışırdı.
 
Ümumiyyətlə, Rövşən Lənkəranskinin qətlindən sonra bu mövzu ölkə mediasında həddindən çox aktuallaşıb. Ancaq qanuni oğru aləmi barədə təsəvvürlər olduqca azdır. Əslində, uzun müddət həbsdə olmağıma baxmayaraq, mənim də bu sahədə təsəvvürlərim çox deyil. Ancaq az da olsa gördüyüm, bildiyim var. Qanuni oğrular öz həyatları haqda danışmağı sevmirlər. Onlarla ünsiyyətdə olarkən daha çox sənə danışmağa şərait yaradırlar.
 
- Lənkəranski ilə Lotu Quli arasında ədavət var idi...
 
- 2005-ci ildə ilə Quli ilə bəzi azərbaycanlı qanuni oğrular arasında müəyyən ziddiyətlər var idi. O zaman Lotu Quliyə qarşı bəzi ittihamlar səsləndirilirdi. Quli isə bu ittihamları rədd edir və ona “oğru” titulunun  2000-ci ildə Dubayda Ded Xasan tərəfindən verildiyini qeyd edirdi. Lakin Quliyə qarşı ittihamlarda Lənkəranskinin adı hallanmırdı.
 
Uzun mübarizədən sonra Ded Xasan, ölümündən bir müddət öncə, Qulinin qanuni oğru olduğunu dedi. Onun bu sözü deməyi az qala 10 il çəkmişdi. Ded Xasanın bu açıqlamasından sonra azərbaycanlı qanuni oğrular da Lotu Quli ilə hesablaşdı. Ancaq mən həbsdə olduğum müddətdə Quli ilə Lənkəranski arasında ciddi ədavətin olmasıyla bağlı hər hansı söhbətlər yox idi.
 
Quli soruşdu Ruslan kimdir?
 
- 2005-ci ildə Lotu Quliylə də görüşmüşdünüz...
 
- Onda mən Bayıl türməsinin 5-ci korpusunda idim. Ora “ölüm korpusu” deyirdilər. Çünki sovet vaxtı güllələnməyə gedənləri ora aparıblar. Bir neçə gün idi ki, həbs olunmuşdum. Bir gün kamerada oturmuşduq. Bir nəfər bizim olduğumuz kameranın nəfəsliyinə yaxınlaşdı. Hamı durdu ayağa, özümdən asılı olmayaraq mən də durdum. Orta boylu, idmançı görkəmli adam idi. Soruşdu ki, Ruslan kimdi, dedim, mənəm. Əhvalımı soruşdu, haqqımda mətbuatdan oxuduğunu dedi. Sonra gəzintidə olanda yenə görüşdük. Xeyli söhbət etdik. Açığı, məndə savadlı, mütaliəli bir insan təsiri oyatdı.