​Lənkəraniski ilə vida mərasimi başa çatdı

 
Kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Əliyevin cənazəsi bu gecə saat 12:00-da Lənkəran hava limanına gətirilib. Burada cənazəni qarşılamaq üçün minlərlə Lənkəran sakini toplaşıb. Cənazə hava limanından “Allahu əkbər” çağırışları ilə çıxarılıb və Kiçik Bazar Məhəlləsindəki, İmam Hüseyn məscidinə gətirilib. Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, məscidin qarşısında minlərlə insan toplaşıb. Öncədən təşkilati işlər görülüb. Belə ki, insanlar on-on məscidin içərisinə buraxılıb və beləcə lənkəranlıların Rövşən Canıyevlə vida mərasiminə start verilib. Lənkəranskinin nəşinin qoyulduğu yerə qədər gənclərdən ibarət canlı dəhliz yaradılıb. İnsanlar dəhlizdən keçərək Lənkəranski ilə son dəfə vidalaşıb. Vida mərasimi zamanı məsciddən səsgücləndirici vasitə ilə həyətdə olan insanları salavat çevirməyə, günahlarının bağışlanması üçün dualar etməsi istənilib. Təxminən saat 12:30-da başlayan vida mərasimi zamanı Heydər Əliyev prospektinin müəyyən hissəsi avtomobillərlə dolu olduğu üçün bağlanıb. Vida mərasimi gecə saat 03:00 radələrinə qədər davam edib. Saat 04:00-da isə məscidin qarşısında insan sayında azalma müşahidə edilib. Vida mərasiminin son anlarında isə məscidə Merceders-Qalenvaqen markalı avtomobillə xüsusi qonaqların gəldiyi diqqəti cəlb edib. Qeyri-rəsmi məlumata görə, qonaqlar Lənkəranskinin yaxın dairəsinə daxil olan şəxslər olub. Onlar vida dəhlizindən keçdikdən az sonra ərazini tərk ediblər. Səhərə yaxın isə vida mərasimi başa çatıb və əsas diqqət səhər saatlarında təşkil ediləcək dəfn işlərinə yönəldilib. Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Teleqraf.com-a açıqlaması zamanı deyib ki, Rövşən Lənkəraanskinin cənazə namazı səhər saat 10:00-da məsciddə qılınacaq, daha sonra Lənkəraanskinin nəşi Kiçik Bazar məzarlığına aparılacaq. Yolüüstü cənazə Lənkəranskinin nəşi ata evində 10-20 dəqqiqə saxlanılacaq. Bundan sonra isə dəfn olunacaq.