​Ələkbərzadələrin şərlənərək həbs edilən ataları — Çingiz Ələkbərzadənin həbsxana həyatı

 
Paralel və kəsişən xətlərin arxasından həyat başqa cür görünür. Onlar günəşi də, dənizi də, səmanı da, nəfəs aldığımız havanı da bizdən daha artıq sevirlər. Onlar üçün dünya tam deyil. Hətta gördükləri səma da dəmir barmaqlıqların imkan verdiyi ölçüdədir. Həbsxana həyatını orada olmadan təsvir etmək mümkün deyil. Hətta ən təsirli təsvir belə məhkumun keçirdiyi hisləri tam ifadə edə bilməz.
 
Məhkumların dediyinə gör hətta yaz fəsli də həbsxanaya gec gəlir. Dəmir şəbəkəli barmaqlıqdan saatlarla səmanı, günəşi, buludları seyr edən məhkumlar xəyala dalır, törətdikləri cinayətin peşmançılığını çəkirlər.
 
Həbsxana həyatı haqda bir çox kitablar yazılıb. Filmlər lentə alınıb. Amma yuxarıda da qeyd etdiyim kimi, həbsxana həyatı yaşamadan bu hissləri tam ifadə etmək mümkün deyil.
 
Bəlkə də bu səbəbdən yazıçı publisist Çingiz Ələkbərzadənin yazdığı “Zindan” romanı 30 min tirajla satılıb. Çünki Çingiz də ömrünün bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirib.
 
Ölkə.Az yazıçı-publisist Çingiz Ələkbərzadənin həbsxana hekayəsini təqdim edir.
 
Çingiz Ələkbərzadə müğənni Sevda və Elmira Ələkbərzadələrin atasıdır. Sovet dövründə şərlənərək həbs edilən Çingiz ömrünün iki il yarımını zindan divarları arxasında keçirib. Bəraət alaraq həbsdən çıxdıqdan sonra "Zindan" romanını yazıb. Bu kitabda yazıçı həbsxana həyatını olduğu kimi təsvir edib.
 
 
 
Çingiz Ələkbərzadə kimdir?
 
Çingiz Ələkbərzadə 1936-cı ildə Azərbaycan sovet romanının banisi xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ailəsində dünyaya gəlib.
 
Əbülhəsən Ələkbərzadə müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biridir və onun inkişafında fəal iştirak edib. O, 1904-cü ildə İsmayıllı rayonu Basqal kəndində anadan olub. 1925-ci ildə Bakı darülmüəllimlər məktəbini bitirib. Uzun müddət Azərbaycan Kinematoqrafiya Komitəsində və "Azərbaycan" jurnalında baş redaktor vəzifələrini tutub.
 
1941-1945-ci illərdə müharibədə iştirak etmiş və müxtəlif mükafatlarla təltif edilmişdir.
 
"Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (1984) (üç cilddə) və s. kitabların müəllifidir. Əbülhəsən Ələkbərzadə 1986-cı ildə vəfat edib.
 
 
 
İlk Azərbaycan romanı
 
İlk müasir Azərbaycan romanı da Əbülhəsənin qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrının tarixi Z.Marağayının "Səyahətnaməmeyi-İbrahimbəy" (1888), N.Nərimanovun "Bahadır və Sona" (1896), S.M.Qənizadənin "Gəlinlər həmayili" (1900) kimi əsərlərilə başlansa da, onun əsl inkişafı 1930-cu ildən sonralara aiddir. Otuzuncu illəri Azərbaycan nəsrinin roman dövrü adlandırmaq mümkündür. Çünki məhz bu illərdə bir-birinin ardınca çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M.S.Ordubadinin "Dumanlı Təbriz", S.Rəhimovun "Şamo", Mir Cəlalın "Dirilən adam", Ə.Vəliyevin "Qəhrəman" əsərləri bu illərin ən uğurlu romanlarındandır. Müasir Azərbaycan romanınının ilk nümunəsi isə "Yoxuşlar" idi. "Yoxuşlar" kənddə kollektivləşmə hərəkatından bəhs edir. 1930-cu ildə çap olunan "Yoxuşlar"ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirmişdir. Yazıçı roman üzərində yaradıcılıq işini davam edərək 1962-cı ildə əsərin ikinci hissəsini çap etdirib.
 
Atasının yolu
 
Çingiz Ələkbərzadə atası Əbülhəsən kimi yaradıcılığa meyl edir və yazıçılıqla məşğul olur. O, 1955-ci ildə Tovuz şəhərində orta məktəbi bitirərək ADU-nun filologiya fakultəsinə qəbul olur. 1960-cı ildə ali təhsili başa vuraraq, müstəqil həyata atılır.
 
Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub.
 
Çingizin yolu televiziyadan və jurnalistikadan düşür. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyir. Sonra isə iki il İsmayıllı rayonu İvanovka kənd məktəbində müəllim, 1968-ci ildən Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Çingiz yenidən Bakıya qayıdaraq Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında işləyir.
 
 
 
Çingizin həbsi
 
Yazıçı publisist Çingiz Ələkbərzadə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında tele jurnalist kimi işləyib. Durğunluq illərində ictimai qüsurları kəskin tənqid etməsi müəyyən dairələrin xoşuna gəlmir və o şərlənərək həbs edilir. Ömrünün 2 il 8 ayını məhbəsdə keçirir.
 
Çingizin həbsi də maraqlı olur. Bir dəfə restoranda oturub yeyib-içən jurnalistə yaxınlaşırlar və pencəyinin cibinə 400 rubl pulu qoyub sonra çıxarıb rüşvət aldığını deyirlər. Rüşvət isə həbsə səbəb olur. Bu xatirələri danışan Elmira Ələkbərzadə deyir ki, o vaxt Əbülhəsən Ələkbərzadənin bir əsərinə görə 30 min rubl qonorar almışdıq. 30 min rubl Sovet dövrü üçün çox böyük pul idi. Bu qədər pulun müqabilində insanı rüşvətlə şərləmək, özü də 400 rubl məbləğə görə həbsə atmaq gülüncdür. Təbii ki, bu sifarişli həbs idi.
 
Çingiz məhkəmədə günahsız olduğunu bildirir və bəraət istəyir. Amma jurnalistlə işləyən bir operator məhkəmə prosesində onun üzünə durur. Ələkbərzadə son ana qədər günahsız olduğuna inanırdı və məhkəmə zalından buraxılacağına ümid edirdi. Amma saxta şahid ifadələri, müəyyən dairələrin sifarişi olduğu üçün hakimin qərarı ilə həbs edilir.
 
Jurnalis bəraət alıb həbsdən çıxandan sonra, operator onların evinə gəlir və üzünə durduğu üçün ondan üzr istəyir.
 
 
 
Əbülhəsənin vəfatı və Çingizin zindan həyatı
 
Dərd gələndə batmanla gələr deyiblər. Ələkbərzadələr ailəsinin ağsaqqalı, o dövrün məşhur yazıçısı Əbülhəsən həmin günlərdə rəhmətə gedir. Onun 40 mərasimi başa çatan kimi mərhumun oğlu Çingizi həbs edirlər.
 
Hadisə ailəyə pis təsir edir. Aliə faciəsinin üzərinə yeni bir dərd gəlir. Gözləri daim qapıda qalan Şöhrət xanım oğul həsrətinə dözməyərək dünyasını dəyişir.
 
Anasının vəfatını Çingizdən gizlədirlər. Həbsxanaya onu görməyə gedən həyat yoldaşı ehsanda bişmiş aşdan aparır. Aşdan bir qaşıq alan Çingizin gözləri yaşarır və deyir ki, bu mənim anamın ehsan aşıdır. Mən yuxumu qarışdırmışdım. Bilirəm ki, anam rəhmətə gedib və siz bunu məndən gizlədirsiz.
 
 
 
Yaxşı dost dar gündə tanınar deyiblər. Çingizin həbsindən sonra ailəsindən başqa heçkəs onun yanına getmir. O, həbsxanada olsa da, övladlarının təhsili ilə maraqlanır, onlara ürək-dirək verir. Ən böyük yük isə onun həyat yoldaşının çiyinlərində idi.
 
 
 
Çingiz həbsxanada hörmət qazanmışdı. Məhkumlar onu şair deyə çağırırdı. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olur, müəyyən əsərlərini məhz zindanda yazır.
 
Övladları bildirir ki, Çingiz həbsdə olduğu müddətdə anaları tez-tez onun yanına gedir, evdən pay aparırmış. Elmiranın dediyinə görə, görüş zamanı həbsxananın yerləşdiyi rayonun prokuroru ailəni otaqda tək buraxır, hansısa bəhanə ilə çölə çıxırmış. Uzun illər sonra Elmira xanım bu prokuroru axtarsa da tapa bilmir.
 
Haqq-ədalət gec tez öz yerini tapır. Şərlənərək həbs edilən Çingiz 1988-ci ildə bəraət alaraq azadlığa çıxır.
 
 
 
Həbsxanadan sonrakı dövr
 
Bəraət aldıqdan sonra azadlığa çıxan Çingiz yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlir. Gecələr yarımçıq qalmış əsərlərini tamamlamağa çalışır.
 
Həbsdə haqsız yerə keçirdiyi illər Çingizə ağır zərbə vurmuşdu. O, xəstəliyə düçar olmuşdu. Tez-tez yaddaşını itirir, müəyyən hadisələri xatırlaya bilmirdi. Bundan əlavə, həbsxana həyatında Çingiz siqaret çəkməyə vərdiş etmişdi. Gecələr bəzən oyanır, dustaqlar kimi dar kamerada var-gəl etməyə başlayırdı. Bu vərdiş həbsxanada qazanılmışdı.
 
Qızlarının bildirdiyinə görə, Çingiz əslində çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adama çevrilmişdi. Aqressivləşən jurnalist həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Çingiz bəraət alsa da, haqsız yerə zindanda keçirdiyi 2 il 8 ayı ona heç kəs qaytarmadı.
 
 
 
Sevda Ələkbərzadə o illəri belə xatırlayır: "Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı. "Azərnəşr"də işləyirdi. Əvvəl Az TV-də işləmişdi, düzdür, oraya qayıtdı. Amma orada əvvəlki kimi deyildi. Bizdə belə qayda var: adam bir az dara düşsə, heç kimi yanında tapmaq olmur. Bizim insan əlindən yer olmayan evimizə atam həbsə düşəndən sonra heç kim gəlmədi. Həbsdən çıxanda da ortada yox idilər. İllər keçdi, mən efirə çıxdım, yenə toplaşdılar evimizə. Amma mənim yadımda idi axı hamısı".
 
Çingiz yazıçı olsa da, "Türmə mənim ahımdır" şerlər kitabını yazır. Bu əsərə onun həbsxanada qələmə aldığı şerlər daxil edilib. Kitab üçün foto çəkdirmək lazım gəlir və Ələkbərzadə həbsxana formasında, saçlarını da kəsdirərək fotokamera qarşısına keçir.
 
Sevda Ələkbərzadə uzun müddət atasının sözlərinə mahnı bəstələmək barədə düşünür. Uzun illər sonra bəstələdiyi bir melodiyaya atasının yazdığı şerin sözlərinin uyğun olduğunu hiss edir və "Salam, Allahım" əsəri ortaya çıxır.