Əliyev və Sarkisyan bir araya gələcək? Ermənistanın hakim partiyası bu suala aydınlıq gətirib.

Prezidentlərin Bern görüşü -19.12.2015
Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda mümkün görüşü barədə qərar yoxdur.  Ermənistan tərəfi prezident İlham Əliyev və Serj Sarkisyan arasında bu ay baş tutması ehtimal edilən görüş barədə məlumat yayıb. Turaninfo.az-ın  “armenpress.com” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov  bu barədə məlumat verib.
“Prezident Serj Sarkisyan Vaşinqtona səfər edəcək. Amma Azərbaycan prezidenti ilə görüş barədə qərar yoxdur. Mətbuat prezident administrasiyası tərəfindən məlumatlandırılacaq, lakin hər hansı görüş barədə məlumatlı deyilik. Belə qərar yoxdur və hətta belə müzakirə də olmayıb”.
Bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin martın 31-də Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində görüşəcəyi ilə bağlı məlumat yayılmışdı.
"Prezidentlərin sonuncu görüşü ötən ilin dekabr ayında çətinliklə təşkil edilmişdi. Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dalana dirənib", - deyə "Aykakan Jamanak" qəzeti yazmışdı.
Turaninfo.az  erməni mətbuatına istinadla verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə ABŞ sammit çərçivəsində prezidentlərin görüşü üçün səylərini əsirgəmir.
Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin yekuna dair yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
İlham Əliyev və Serj Sarkisyan arasında görüş
Bern görüşü ötən il dekabr ayının 19-da baş tutub. İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş bir saata yaxın davam edib. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər.
Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb. "Prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər".
Bundan öncəki görüş isə 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu.