Linkolndan Trampa qədər... ABŞ və Rusiya liderlərinin görüşü – 27 görüşlə rekord vuranlar var

Baxış sayı: 
86
0  
0  

 
Dünən ABŞ və Rusiya prezidentləri arasında növbəti zirvə görüşü keçirildi. Siyasi ekspertləri indi bir sual maraqlandırır: bu görüş tarixin axarını növbəti dəfə dəyişdirə biləcəkmi? Bunun üçün onlar iki ölkənin diplomatik keçmişinə tez-tez müraciət edirlər.
Musavat.com xarici mediaya istinadən dünyanın iki qüdrətli dövlətinin başçıları arasındakı görüşlərin tarixini və mühüm anlarını təqdim edir.
 
Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər 1809-cu ildə başlayıb. Həmin il ABŞ səfiri Con Kuinsi Adams öz etimadnaməsini Rusiya çarı I Aleksandra təqdim edib. (Cəmi 19 il sonra isə səfir özü ölkəsində 6-cı prezident seçilib).
 
Lakin rus çarları ilə amerikalı prezidentlər arasında şəxsi təmas heç vaxt olmayıb. Onlarla bağlı yalnız yazışmlardan bəhs etmək olar.
 
Bu sənədlərin ən məhşuru ölkələrində quldarlığı və təhkimçiliyi ləğv etmiş Avraam Linkoln və II Aleksandr arasında keçən məktublaşmadır.
 
 
İki ölkə liderləri yalnız 2-ci dünya müharibəsinin gedişində, 1943-cü ilin noyabrın 28-də, İranın paytaxtı Tehranda görüşüblər. Söhbət, əlbəttə ki, İosif Stalin və Franklin Ruzveltdən gedir. Özü də Ruzvelt təhlükəsizlik tədbiri ilə əlaqədar SSRİ-nin İrandakı səfirliyinin binasında qalmalı olub.
 
 
 
Onların arasında növbəti görüş isə iki ildən sonra Yaltada baş tutub. 1945-ci ildə qalib dövlətlərin Almaniyanın Potsdam şəhərində təşkil etdiyi konfransa isə Ruzveltin ömrü yetməyib. Onu Harri Trumen əvəz edib.
 
SSRİ və ABŞ rəhbərliyinin ilk rəsmi ikitərəfli görüşü Nikita Xruşşovun 1959-cu ildə ABŞ-a səfəri zamanı baş tutub.
 
Xruşşovun bu ziyarəti tam iki həftə çəkib. O, bu müddət ərzində prezident Duayt Eyzenhauerlə 2-si təkbətək olmaqla 4 dəfə görüşüb.
 
 
Dünyanın iki böyük gücü arasındakı təmasların sıxlaşmasına rəğmən Xruşşov zamanındakı münasibətlər xüsusi gərginliyi ilə seçilir. Nikita Xruşşovun Con Kennedi ilə 1961-ci ilə Vyanadakı görüşündən cəmi 2 ay sonra Berlin böhranı baş verib, kapitalist və sosialist düşərgə arasındakı mübarizənin simvollarından biri sayılan məşhur “Berlin divarı” ucaldılıb.
 
1 il sonra isə dünyanı nüvə savaşının astanasına gətirən “Karib böhranı” özünü göstərib.
 
Karib böhranının təsiri uzun müddət keçməyib və 10 il ərsində SSRİ və ABŞ liderləri səviyyəsində toplantı olmayıb.
 
1972-ci ildə Riçard Niksonun Moskvaya tarixi səfəri baş tutub.
 
Ümumiyyətlə, 70-ci illər SSRİ və ABŞ arasında “yumşalma”, habelə qlobal təhlükəsizliyin təmin olunması baxımından bir sıra mühüm beynəlxalq sənədlərin imzalandığı dövr olaraq xarakterizə edilir.
 
 
Bəhs edilən dövrdə raket əleyhinə müdafiə üzrə və strateji silahların məhdudlaşdırılması (SSM-1) haqqında saziş imzalanıb. 1975-ci ildə sovet və amerikalı kosmonavtlar kosmosa birgə uçuş həyata keçiriblər.
 
SSRİ-də “Pepsi kola” zavodu açılıb. ABŞ isə “Stoliçnaya” araqlarının satışına icazə verib.
 
Tendensiya Niksonun sələfi Cerald Fordun dövründə dəyişməyib. Ford 1974-cü ildə Rusiyanın Vladivostok diyarını ziyarət edib. Burada strateji nüvə silah daşıyıcılarının azaldılması haqqında müqavilə imzalanıb.
 
 
1975-ci ildə Cerald Ford və Leonid Brejnevin səyləri ilə 33 ölkə tərəfindən insan haqlarının beynəlxalq müdafiəsini təmin edən sütunlardan sayılan məşhur Helsinki sazişləri qəbul edilib.
 
Cerald Forda 1976-cı il seçkilərində qalib gələn Cimmi Karter Brejnevlə yalnız 1 dəfə, 1979-cu ildə Vyanada görüşüb. Burada onlar strateji silahların məhdudlaşdırılması (SSM-2), habelə kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan olunması haqqında müqavilə bağlayıblar.
 
 
SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra münasibətlərdə kəskin pisləşmə baş verib və tərəflər yalnız Ronald Reyqan və Mixail Qorbaçovun liderliyi ilə bir araya gəliblər.
 
İki şəxs 1985-ci ildə ilk dəfə Cenevrədə görüşüblər. 11 ay sonra isə (1986 noyabr) İslandiyanın paytaxtı Reykyavikdə ikinci görüş baş tutub.
 
Reyqanın keçmiş müaviri Ken Adelmanın sözlərinə görə, məhz Reykyavikdə “soyuq müharibə”nin sonunun əsası qoyulub.
 
 
Növbəti görüş isə artıq Vaşintqonda, 1987-ci ilin dekabrında keçirilib. Burada ilk dəfə silahların məhdulaşdırılması barədə daha bir saziş imzalanıb. Söhbət orta və kiçik mənzilli raketlərin ləğv edilməsi barədə müqavilədən gedir.
 
1988-ci ilin may-iyun aylarında isə Ronald Reyqan Moskvaya rəsmi səfərə gəlir.
 
 
Mixail Qorbaçov Reyqandan sonra prezident seçilən böyük Corc Buşla da sıx görüşüb. Bunlardan ən vacibi 1989-cu iln dekabrında Maltada gerçəkləşdirilib. Bu görüş iki ölkə liderləri arasında ən məxfi təmaslardan sayılır və bununla bağlı hətta onların memuarlarında da qeyd yoxdur.
 
Söyləndiyinə görə, məhz burada Qorbaçov Şərqi Avropa və Baltikyanı ölkələrdəki proseslərə qarışmayacağı və Almaniyanın birləşməsinə mane olmayacağı sözünü verib.
 
 
SSRİ və ABŞ liderləri arasında növbəti zirvə də 1990-cı ildə Putin və Trampın görüşdüyü Helsinkidə baş tutub. 1991-ci ilin iyulunun sonunda isə Corc Buş SSRİ-yə səfər edib və burada hücum silahlarının məhdudlaşdırlması və ixtisar olunması barədə saziş imzalanıb.
 
Bundan sonra artıq Rusiya-ABŞ münasibətlərindən danışmaq olar.
 
1992-ci ilin əvvəlində Boris Yeltsin Rusiya prezidenti kimi ABŞ-a ilk rəsmi səfərini edir. Burada Corc Buş və Yeltsin soyuq müharibənin başa çatdığını elan edən bəyanata qol çəkirlər.
 
 
1993-cü ildə Ağ Evin yeni rəhbəri demokrat Bill Klinton olur. Klintonla Yeltsinin rəsmi səviyyədə ilk görüşü Kanadanın Vankuver şəhərində baş tutur. Ümumiyyətlə, hər iki ölkə lideri hakimiyyətdə olduqları dövrdə olduqca mehriban münasibətlər qurublar. Bütün bu müddət ərzində onlar 17 dəfə görüşüblər.
 
İyun ayının 3-də isə Klinton Moskvada yeni prezident Putinlə görüşür. Burada Putin ona hətta Rusiyanın NATO-ya üzv olmasını təklif edir.
 
2001-ci ildə isə ABŞ-da kiçik Corc Buş hakimiyyətə gəlir. Onun Putinlə ilk təması Sloveniyanın paytaxtı Lyublyanada olur. Yeltsin-Klinton dövründə olduğu kimi, Buş və Putin də olduqca yaxın münasibətlər sərgiləyiblər. İki prezident 8 il ərzində görüşlərin sayına görə rekord vurublar (27 dəfə)
 
 
Lakin eyni sözləri Obama və Medvedev haqqında demək çətindir. Doğrudur, Medvedevin prezidentlyi dövründə ABŞ-Rusiya əlaqələri indiki qədər pis olmayıb. Hətta Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsi də xüsusi gərginliyə yol açmayıb.
 
 
Hər şey Putinin “4 illiyə icarəyə verdiyi” prezidentliyi 2012-ci ildə yenidən geri almasından sonra pisləşib. Obama və Putin arasında ilk görüş “G 20” ölkələrinin Meksikada keçirilən zirvə toplantısında gerçəkləşib. Elə həmin vaxt iki ölkə prezidenti arasında ciddi gərginliyin olduğu gözə çarpmağa başlayıb.
 
 
Rusiyanın Krımı işğal etməsindən sonra isə iplər tamamilə qopub.
 
Donald Tramp 2016-cı ilə hakimiyyətə gəldikdən sonra münasibətlərdə nisbi istiləşmə hiss olunmağa başlayıb. Putin və Tramp ilk dəfə, 2017-ci ilin iyun 7-də “G 20” ölkələrinin zirvə toplantısında, Hamburqda görüşüblər.
 
 
Həmin ilin noyabrında isə Vyetnamda keçirilən ATES ölkələrinin sammiti zamanı onlar yenidən üz-üzə gəliblər. Burada Moskva və Vaşinqton Suriyadakı situasiya ilə bağlı birgə bəyanat qəbul edib.
 
Bu cəhətdən Helsinki görüşü ekspertlər tərəfindən xüsusi olaraq təqib edilir. Onlrın fikrincə, Helsinki Reyqan-Qorbaçov dövrünün zirvə toplantılarını xatırladır. Amma bu dəfə Trampın sayəsində rollar tərsinə dəyişə bilər.
 
 
Musavat.com

Загрузка...
Загрузка...