Əli Kərimlidən YAP trollarına öldürücü cavab

 
 
 “Ayıb şəhidə, Qarabağ qazisinə düşmənin öz hərbçisinə verdiyi dəyərin üçdə biri qədər dəyər verməməkdir!”
 
Ermənistan hökumətinin Qarabağ döyüşlərində ölən və əlil olan hərbçilərinə görə bizim hökumətin şəhid ailələrimizə və qazilərimizə ayırdığı vəsaitdən dəfələrlə artıq vəsait ödəməyə hazırlaşdığı barədə AXCP sədri Əli Kərimlinin ötən gün paylaşdığı qeydlər hakimiyyət düşərgəsində qəribə qıcıq doğurub. Sosial şəbəkədə YAP təmsilçiləri və müxtəlif şübhəli profillər Əli Kərimlinin bu müqayisəsini haqsız çıxarmağa çalışıb. AXCP lideri bu dəfə hakimiyyət güruhunun ona qarşı bu əks-kampaniyasına cavab verib:
 
“Yazmışam ki, “acından ölən” Ermənistan bizim torpaqlarımızda savaş zamanı ölən və birinci qrup əlil olan vətəndaşına 21 min dollar (37 min manat), ikinci qrup əlillərə 10.5 min dollar birdəfəlik yardım nəzərdə tutduğu halda (mənbə şərh bölümündə) siz niyə bu zəngin ölkənin torpaqlarını qoruyan zaman şəhid olmuş 13500 nəfər şəhidin cəmi 11 min manat olan “qanpulunu” vermirsiniz, Qarabağ qazilərini sosial fəlakət şəraitində yaşadırsınız?
 
 
Utanmaq, təcili şəkildə şəhid ailələrinin sığorta pulunu ödəmək, şəhid ailələri və Qarabağ qazilərinin müavinətlərini artırmaq əvəzinə YAP funksionerlərini, muzdlu trollarını səfərbər ediblər ki, guya bizi borclu çıxaracaqlar. Yuxarıdan verilmiş təlimatla hamısı tutuquşu kimi eyni mətni yazır ki, Ermənistanla bizi müqayisə etmək ayıb deyil? Ermənistanla müqayisə etməyib, hansı ölkə ilə müqayisə edək? Bizim torpaqlarımızı işğal edən Ermənistan deyil?
 
Ayıb isə şəhidlərin “qanpuluna” Avropa Oyunları keçirməkdir. Ayıb Qarabağ üçün canından keçmiş igidlərə divan tutmaqdır, onları səfalət içində yaşamağa məcbur etməkdir, onlara veriləsi pulları ilbəil “Formula 1” yarışlarına, başqa mənasız layihələrə xərcləməkdir. Ayıb dövlət büdcəsindən orduya ayrılan xərcləri bir ildə 670 milyon manat azaltmaqdır, döyüş şəraitində olan ordunun əsgər və zabitinin boğazından kəsib, varlanmaqdır. Nəhayət, ayıb şəhidə, Qarabağ qazisinə düşmənin öz hərbçisinə verdiyi dəyərin üçdə biri qədər dəyər verməməkdir!”
 

Загрузка...
Загрузка...