Əli Kərimli Qarabağ probleminin həlli modelini təklif etdi

AXCP sədri Əli Kərimli Qarabağ probleminin mümkün həlli yollarını göstərib.  AXCP sədri bu haqda Facebook səhifəsində yazır:
Əsgərlərimizin düşmənin hücum edən bir tankını məhv etməsi haqda xəbər yayılır. Deməli, mövcud atəşkəs çox kövrəkdir. Dövlət rəhbərliyi atəşkəsin yenidən və daha ciddi pozulma ehtimalını nəzərə alıb, təcili tədbirlər görməlidir. “3 günlük” savaş nümayiş etdirdi ki, ordumuzun döyüş əzmi yüksəkdir, lakin müasir müharibədə qalib gəlmək üçün bu yetərli deyil. Müharibədə qalib gəlmək üçün həm də dövlət rəhbərliyinin siyasi iradəsi olmalıdır. Düşmənimizin güclü müttəfiqi var. Güclü müttəfiqi olan düşmənə qalib gəlmək üçün dövlət hakimiyyəti xalqı əzmək yox, ona söykənmək, ona arxalanmaq yolunu seçməlidir. Kiçik hərbi uğurlardan siyasi rəqiblərin qaralanması üçün deyil, milli həmrəyliyin əldə olunması üçün istifadə etməlidir.
Ölkənin potensial müttəfiqlərini rəsmi hərbi, siyasi müttəfiqlərə çevirmək üçün vaxt itirmədən praktik addımlar atılmalı, ordu müasir silahlarla təchiz edilməli, Rusiya silahlarından asılılıq minimuma endirilməlidir. Yalnız güclü iqtisadiyyatla güclü və müasir ordu qurmaq olar. İqtidar anlamalıdır ki, iqtisadi və siyasi islahatlara başlamaq təkcə xalqın rifahı və hüquqları üçün deyil, həm də Qarabağı işğaldan azad etmək üçün vacibdir. Təcili şəkildə “güclü və azad toplum, üstəgəl güclü iqtisadiyyat, üstəgəl güclü və müasir ordu bərabərdir qələbə” modeli üçün işləməyə başlamaq lazımdır.