Əli İnsanovun yeni ittihamı bəlli oldu: tərkibində narkotik maddə olan...

 
 
 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamın mahiyyəti bəlli olub.
 
Qaynarinfo.Az virtualaz.org-a istinadən xəbər verir ki, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş. Bu barədə sayta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbələr xəbər verib. 
 
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.
 
Qeyd edək ki, Əli İnsanov barəsindən yeni cinayət işi başlanıb. Bu barədə vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.
 
Sabiq səhiyyə naziri 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.