​Əli İnsanovla Lənkəranskini nə birləşdirir?

Son günlər medianın gündəmində özünə daha çox yer alan iki mövzu var: Rövşən Lənkəranskinin qətli və sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işinin açılması. Hər iki məsələ bağlı sosial şəbəkələrdə müxtəlif versiyalar, fikirlər səslənir, adları çəkilən şəxslərlə bağlı müxtəlif hadisələr nəql edilir.
 
Turaninfo.az AFN.az istinadən qeyd edilən, lakin gerçək olub-olmadığını çox az adam bilən həmin hadisələrdən ikisini oxucuların diqqətinə çatdırır:
 
Birinci əhvəlat Rövşən Lənkəranski ilə bağlıdır:
 
Moskva bazarlarında özundən razı oğlan gəlir, bahalı maşınını saxlayır bir kənarda. Bu vaxt bir fəhlə yük arabası ilə mal daşıyanda arabanı saxlaya bilmir oğlanın yük maşınına vurur. Varlı oğlan fəhləni çağırır yanına və başlayır onu söyməyə. Bu söhbət Rövşən Lənkəranskiyə çatır, o, varlı oğlanı çağırtdırır yanına və onunla aralarında belə bir dialoq olur:
 
Rövşən: - Dünənki nə söhbət idi?
 
Oglan: - Fəhlənin biri maşınımı əzdi.
 
Rövşən: - Maşının qiyməti nə qədərdir?
 
Oğlan: - 100 min.
 
Rövşən 100 mini çıxarır qoyur oğlanın qabağına və soruşur: - İndi ödəşdik?
 
Oğlan cavab verir: - Hə, ödəşdik.
 
Rövşən: - Yox, ödəşmədik, sən dünən o fəhləni camaatın içində söyüb təhqir etmisən, gedəcəyik onun yanına, o da səni söyəcək həmin yerdə.
 
Səhəri gəlirlər həmin yerə, oğlan 100 min dolları çıxarır qoyur fəhlənin qabağına, deyir ki, söyməsin. Fəhlə deyir: - Götür pulunu, mənim ləyaqətim, qeyrətim satlıq deyil. Bu cavab Rövşənin xoşuna gəlir və nömrəsini verir fəhlə oğlana, deyir ki, nə vaxt problemin olsa zəng elə. Axşam fəhlə evinə gələndə görür ki, qapısının ağzında bahalı bir maşın, bir də yazı yazılmış kağız qoyulub. Kağızda bu yazılmışdı: “Rövşəndən yaxşı oğlana hədiyyə”.
 
İkinci hadisə isə Əli İnsanovla bağlıdır:
 
Günlərin birində nazir Fərhad Əliyev gedir nazir Əli İnsanovun yanına ki, yoldaşım "Medinstitutun" oftalmologiyasını bitirdi, mümkünsə, ona bir iş verin. İnsanov sözü qısa kəsir - ştatım yoxdu. Fərhad Əliyev sağollaşır çıxır kabinetdən. İl keçir, ay dolanır, Əli İnsanov özəlləşdirmə proqramını həyata keçirən Fərhad Əliyevin yanına xahişə gələsi olur - "Baksovet"də aldığım diş klinikasını oğlumun adına rəsmiləşdirmək istəyirəm, haqqı nə qədərdir, həll edək. Fərhad Əliyev dinləyir, cavab verir ki, biz bir komandanın üzvləriyik, nə məsələ olsa, haqq-hesabsız həll eləməliyik. Sənədləşmə işi elə oradaca tamamlanır. İşi düzəlsə də İnsanov möhkəm pərt olur. Gedəndə deyir ki, az qala oğlum yaşındasan, amma mənə kişilik dərsi keçdin. Mən sənin ailənə bir 110 manatlıq ştatı qıymamışdım, sən mənə bir neçə milyonluq obyekti bağışladın...