Əli İnsanov hakimiyyətlə anlaşdı?

 
Əli İnsanov hakimiyyətlə anlaşdı?Sabiq səhiyyə naziri Əli İnsanovun hakimiyyətlə anlaşmaq istəməsinə dair xəbər yayıb
 

Bununla bağlı Politika.Az -a daxil olan məlumata görə, Ə.İnsanov bir müddət hakimiyyətə qarşı sərt mövqe tutsa da, son əfv fərmanlarında adının olmaması sabiq nazirdə ruh düşkünlüyü yaradıb və o sonda taleyi ilə barışmalı olub. Mənbənin sözlərinə görə, eks-nazirin iddialarından geri çəkilməsində onun tərəfdarlarının hakimiyyətlə açıq mübarizədən imtina etmələri böyük rol oynayıb. Belə ki, tərəfdarlarının bu hərəkəti onu məyus edib: “O, mövcud hakimiyyətə qarşı mübarizənin effektsiz olduğunu görəndən sonra taleyi ilə barışmalı olub”...
 
Ə.İnsanov hakimiyyətlə anlaşmaq üçün üzərinə bəzi öhdəliklər də götürüb. O, əfv ediləcəyi təqdirdə siyasi proseslərə qatılmayacağına da söz verib. Sitat: “Əli müəllim yaxşı başa düşür ki, hakimiyyətlə dil tapmasa, ömrünü məhbəs divarları arasında başa vura bilər. Buna görə də hətta Bakıdan kənarda yaşamağa da razıdır. Əgər o, Novruz bayramına kimi azadlığa çıxsa, ömrünün qalan hissəsini Xızıda yaşamaq istəyir. Əli müəllimin Xızıdakı villasında hazırda təmir işləri gedir”...
 
Nəzərə çatdıraq ki, Ə.İnsanovun hakimiyyətlə bazarlığa getməsinə dair informasiyalar təxminən bir il öncə də yayılmışdı. Qeyd edilirdi ki, iqtidarın bir emissarı sabiq nazirlə görüşüb və ona yuxarıların təkliflərini çatdırıb. Lakin sonradan Ə.İnsanov özü bu xəbəri təkzib etmişdi. İndi yenə belə məsələ ortaya çıxıb. Bir qayda olaraq, bu kimi məsələləri dərhal onun özü ilə dəqiqləşdirmək olmur. Çünki onun vəkilləri belə xəbərlərə dair heç bir şərh vermək səlahiyyətində olmadıqlarını deyirlər. Təbii ki, Ə.İnsanovun özü ilə də əlaqə saxlamaq imkanlarımız yoxdur. Belə məsələlərlə əlaqədar yalnız ona yaxın bir-iki şəxslə danışmaq mümkündür. Dünən həmin şəxslərlə əlaqə saxladıqda, onlar Ə.İnsanovun hakimiyyətlə hər hansı bir razılamaya getməsi barədə deyilənlərin inandırıcı olmadığını dedilər: “Əli İnsanovun həbsxanada qalması əslində, hakimiyyət üçün problem yaradır. Çünki bütün dünya onu siyasi məhbus kimi tanıyır. Ola bilsin ki, onu həbsxanadan buraxmaq iqtidarın arzusudur. Əli İnsanovun anlaşmaya getmək fikri olsaydı, bunu elə məhkəmə dövründə edərdi və indi də türmədə olmazdı”.(Publika.az)