Əli Həsənovun qohum-əqrəba şəbəkəsi - təfsilat

Komitə sədri yaxınlarını “Qaçqınkom” və digər qurumlarda vəzifəyə toplayıb
Qaçqın və məcburi köçkünlərin sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqətindədir
Bir milyondan artıq qaçqını olan Azərbaycanda bu sahədə son illər görülən müsbət işlər məcburi köçkünlərin yaşayış səviyyəsini yüksəldib. Düzdür, qaçqın və məcburi köçkünlərə verilən aylıq maddi yardımlar az olsa da, tikilən yeni mənzillər məyus olmamağa əsas verir.
Qeyd edək ki, təkcə son iki il ərzində minlərlə məcburi köçkün ailəsinə yeni evlər paylanıb. Bu gün Politika.Az olaraq toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki “qohumluq siyasəti” ilə bağlıdır. Belə ki, daxil olan məlumatlara görə komitə sədri Əli Həsənov bura özünün yaxın qohumlarını, dostlarını və tanışlarını yığıb ki, bu da məcburi köçkünlərin sosial durumunun normallaşmasında əngəl yaradan amillərdəndir. Çünki hərə bir tərəfdən quruma ayrılan vəsaitləri yeyib-dağıdır.
Məsələn, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov Ə.Həsənovun xalası oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bizə çatan məlumatlara görə, komitə sədri ilə Novxanıda qonşu olan müavin Mehdiabad yolunun üstündə tikilən mənzillərin sahiblərinə paylanması zamanı ədalətsizliyə yol verib. Orda yaşayan şəxslərin cumhuriyyet.az əməkdaşına bildirdiyinə görə, mənzillər bəzi qaçqın ailələrinə pulsuz verilsə də, onlarla ailə haqları olan evləri almaq üçün “hörmət” etməli olublar. Həmçinin məcburi köçkün olmayan ailələrə də nəyinsə qarşılığında mənzil verilib. Komitənin şəhərcik üzrə nümayəndəsi də mənzillərin məcburi köçkün olmayan ailələrə verildiyi barədə söylənilənləri dolayısı ilə təsdiq edib. “Bu mənzillər tam təmirsizdir. Lakin məcburi köçkünlərə verilən mənzillər “Qaçqınkom”un Sosial İnkişaf Fondu tərəfindən alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir. Binalar inşa olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan kimi onlar öz mənzillərinə köçürülüb”.
Komitənin Mənzil İstismar Departamentinin direktoru Əliyev Pənah Nəbi oğlu da Əli müəllimin qohumlarındandır. Bundan başqa komitə sədrinin bacısının yoldaşı da “Qaçqınkom”da vəzifə tutur. Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev də “Qaçqınkom” rəhbərinin qohumlarındandır. Məlumatlara görə, qurumun elə bir şöbəsi yoxdur ki, orda sədrin qohumları təmsil olunmasınlar. Həsənovun özü kimi, qardaşlarının da hamısı vəzifə sahibidirlər.
Bir qardaşı Ramiz Həsənov Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Zəngilan camaatının qayğısına qalmaq istəməyən R.Həsənovun qardaşının köməyi ilə bu vəzifəyə gəlməsi heç kimə sirr deyil. O bu posta gələndən indiyə qədər zəngilanlılar üçün heç nə etməyib. Digər qardaşı İlyas Həsənov isə Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir. Sumqayıtda yaşıllıqların vəziyyəti göz önündədir. Bir sözlə, komitə sədri həm öz ailə üzvlərini, həm də qohum-əqrəbasında olan bütün insanları işlə təmin edib. Yaxın günlərdə Ə.Həsənov haqqında heç kimə məlum olmayan faktları yazacağıq.