​Əli Həsənov konstitusiyaya dəyişikliklərdən danışdı

 
Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zərurəti son 7 il ərzində ölkənin ictimai-siyasi, ictimai-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də region və dünyada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb.
 
Report xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
 
O xatırladıb ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumlar keçirilib.
 
"Prezident tərəfindən təklif olunan Referendum Aktında Konstitusiyanın 23-cü maddəsinə dəyişikliklərin edilməsi və 6 yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Dəyişikliklik və əlavələr insan hüquq və azadlıqlarınının müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv dövlət idarəetmə mexanizminin formalaşmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini, dövlət təhlükəsizliyinin əlavə zəmanətlərinin yaradılmasını nəzərdə tutur. Ümumilikdə dəyişikliklər cəmiyyətin müasir inkişaf mərhələsindəki əsas fəaliyyət sahəsini əhatə edir" - Əli Həsənov vurğulayıb.
 
Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılmasını nəzərdə tutur:
 
"Yeni idarəetmə institutu müasir çağırışlara prezident idarəetmə formasının adekvatlığını təmin edəcək və forsmajor vəziyyətlərdə dövlət idarəetmə mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Dəyişikliklər ölkədə indi uğurla həyata keçirilən iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir. Yeni institutun formalaşması ilə həmçinin Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur".