Lavrovdan ermənilərə mesaj: "Türkiyə ilə əlaqələrin normallaşmasını istəyirsinizsə..."

 
“Türkiyə Dağlıq Qarabağ probleminin həllində pozitiv rol oynaya bilər”.
 
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov jurnalistlərə açıqlamasında deyib.
 
XİN rəhbəri qeyd edib ki, Türkiyənin regionda normal iqtisadi əlaqələri bərpa etməsi çox vacib faktordur: “Biz bunu həmişə nəzərə alırıq. Əgər Türkiyə ilə Ermənistan əlaqələri bərpa etməyə başlasalar, bu bizi ancaq sevindirər. Lakin biz hiss edirik ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki müsbət irəliləyişdən asılıdır. Bu irəliləyiş açar rolunu oynaya bilər”.
 
Bizim şərh:
 
Göründüyü kimi, Moskva Ermənistana artıq açıq şəkildə işarə edir ki, Türkiyə ilə əlaqələrin bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Maraqlı və diqqətçəkən bəyanatdır. Hər halda nəzərə almalıyıq ki, Moskva indəyədək bu kontekstə hər hansı bəyanatla çıxış etməyib. Deməli, Rusiya İrəvana açıq şəkildə mesaj yollayır ki, Türkiyə ilə iqtisadi əlaqələrin pərpası vacibdir, lakin bunu mümkün edəcək ən başlıca şərt Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hər halda, Moskva Türkiyənin Ermənistanla sərhədləri hansı halda aça biləcəyini dəqiq bilir və heç şübhəsiz ki, prezident Ərdoğanla Vladimir Putin arasında keçirilmiş görüşlərdə Ankaranı Ermənistanla əlaqələri bərpa etməyə həvəsləndirəcək faktorlar bir daha dilə gətirilib. O da sirr deyil ki, hazırkı çətin iqtisadi şəraitdə Rusiya Ermənistan kimi "yükü" çiyinlərindən atmaq istəyir. Bunun üçünsə ən optimal variant Türkiyənin sərhədləri açmasıdır. Təsadüfi deyil ki, S.Lavrov öz açıqlamasında Türkiyənin regionda "normal iqtisadi əlaqələri" bərpa etməsini "vacib faktor" kimi dilə gətirib. Tam əminliklə deyə bilərik ki, Rusiya XİN rəhbərinin haqqında bəhs etdiyimiz açıqlaması Ermənistanı öz gələcək taleyinin qeydinə qalmağa meyilləndirməyə hesablanıb. Başqa sözlə, S.Lavrov demək istəyib ki, əgər indiki acınacaqlı iqtisadi durumdan xilas olmaq istəyirsinizsə, o zaman Türkiyənin sərhədləri açmasına nail olmalısınız. Bunun yolu isə birdir - Qarabağ münaqişəsinin həlli.