Lavrov İsveçi hədələdi - "NATO-ya üzv olsanız..."

Rusiyanın xarici işlər naziri Serqey Lavrov İsveçin NATO-ya üzv olacağı təqdirdə ölkəsinin sərt addım atacağını bildirib.
Avropa.info xəbər verir ki, İsveçin “Dagens Nyheter” qəzetinə müsahibə verən Lavrov, İsveçin NATO-ya üzv olmasına münasibət bildirib.
"Əgər İsveç, NATO-ya üzv olmağa qərar versə, isveçlilərin bizə hücum edəcəyini düşünməyəcəyik Bundan əmin ola bilərsiniz. Amma belə bir vəziyyətdə İsveç ordusu NATO komandanlığına tabe olacağı üçün, əlbəttə, biz də şimal sərhədlərimizdə lazım olan hərbi və texniki tədbirləri almaq məcburiyyətində qalacağıq."
Lavrov bütün bunların səbəbi olaraq isə sərhədin qarşı tərəfində Rusiyanı təhdid olaraq görən bir hərbi və siyasi blokun olduğunu göstərib.
Rusiya tərəfinin atacağı addımların nə olacağı haqda suala isə Lavrov belə cavab verib: "Bu mənim işim deyil, hərbçilərin, Müdafiə Nazirliyi ilə Rusiya baş qərargahının işidir."
Xatırladaq ki, İsveç hökuməti NATO-nun İsveç hava sahəsini istifadə etmək üçün icazəni altı ay da uzatmışdı. Beləcə NATO-nun AWACS təyyarələri İsveç hava sahəsini növbəti altı ay müddətində də istifadə edə biləcək.