Lavrov Bakıya hansı planla gəlir? – DİPLOMATİK MƏNBƏ

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya, 21-də isə İrəvana səfər edəcək.
 
Publika.az xəbər verir ki, Lavrovun Bakı və İrəvana yeni planla gələcəyi haqda informasiyalar var.
 
Ərdoğan və Putin noyabrın 13-də Soçidə görüşdü. Noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bir araya gəldi. 15 noyabr tarixində Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər etdi və Putinlə danışıqlar apardı. 16 noyabrda isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşdü. Noyabrın 20-də Bakıya, 21-də İrəvana gələcək Lavrovun səfəri isə bu diplomatik trafikin son halqası ola bilər.
 
Rusiyanın baş diplomatı bildirib ki, Bakı və İrəvana səfəri hər şeydən öncə Rusiyanın Azərbaycan və Ermənistanla diplomatik münasibətlərinin 25 illiyindən qaynaqlanır.
 
Lakin Lavrovun özü ilə Qarabağ münaqişəsinin nizama salınmasına dair yeni plan gətirəcəyi iddia edilir.
 
Ermənistanın “aravot” nəşri diplomatik mənbələrə istinadən yazır ki, Lavrov münaqişə tərəflərinə danışıqların intensivləşdirilməsini təklif edəcək.
 
“Oktyabrın 16-da prezidentlərin Cenevrə görüşündən sonra Rusiya münaqişədə aktivliyini artırdı. Lavrov da tərəflərə Rusiyanın təşkilatçılığı ilə danışıqların intensivləşdirilməsini təklif edəcək”, - deyə diplomatik mənbə vurğulayıb.
 
Dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə Putinlə apardığı Qarabağ müzakirəsinin detallarını açıqlayıb.
 
Ərdoğan görüşdə Putinə Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib.
 
“O, (Vladimir Putin) özü də belə düşünür. Lakin tərəflərin tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda qərarı xatırlatdım”, - deyə o, bildirib.
 
Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb.
 
“Bununla belə erməni hərbi birləşmələri bu rayonları tərk etmir. Əgər rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə qayıda biləcəklər”, - deyə Türkiyə prezidenti vurğulayıb.
 
Erməni siyasi şərhçi Aram Amatuni isə iddia edir ki, Putin 5 yox, 2 rayonun qaytarılmasını təklif edib.
 
Asif

Загрузка...
Загрузка...