​Küveyt səfirliyi Ermənistana edilən yardımlara aydınlıq gətirdi — RƏSMİ AÇIQLAMA

 
Küveytin Azərbaycandakı səfirliyi ittihamlara cavab verib
 
Ölkə.Az saytında "Müsəlman ölkəsi Küveyt işğalçı Ermənistana niyə kömək edir? — Araşdırma + FOTOLAR" başlıqlı yazıda Küveyt dövlətinin Azərbaycandakı yardımları dayandırıb Ermənistana verməsi, Ermənistanda müxtəlif layihələrin həyata keçirilməsi və erməni əsilli suriyalı qaçqınlara yardımından bəhs edilirdi.
 
Bununla bağlı Küveytin Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirlik isə araşdırma ilə bağlı Ölkə.Az-a qısa cavab verib:
 
"Araşdırmanız nəticəsində ortaya çıxan faktların Küveyt-Azərbaycan əlaqələrinə heç bir təsiri yoxdur. Küveytin Azərbaycana dəstəyi davam edəcək. Küveytin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda mövqeyi bəllidir.
 
Küveyt Azərbaycanda xeyriyyə fəaliyyətini dayandırmayıb. Bu il xeyriyyə tədbirləri çərçivəsində Bakı Dənizçilər Xəstəxanasına tibbi avadanlıqlar verilib. Gələcək iki ay ərzində Respublika Gözdən Əlillər Cəmiyyətinə qiyməti 330 min manat dəyərində olan mətbəə hədiyyə ediləcək".
 
Ermənistanda olan suriyalı qaçqınlarla bağlı məsələyə gəldikdə isə səfirlikdən bildiriblər ki, Küveyt dövləti hansı ölkədə suriyalı qaçqınlar varsa, onlara yardım edir. Həmin yardımlar Küveytin daxilindəki təşkilatların və beynəlxalq təşkilatların ayırdığı ianələrdir. Bu sırf suriyalı qaçqınlar üçün nəzərədə tutulub.
 
Küveyt dövlətinin Ermənistana ayırdığı birbaşa yardımlar, orada həyata keçirdiyi layihələrlə bağlı məsələyə isə Küveytin Azərbaycandakı səfirliyi heç bir açıqlama verməyib.