Kürəkəni Trampla dost olan nazir vitse-prezidentlik eşqində - Sensasiya

 
Kənd təsərrüfatı naziri vitse-prezidentlik eşqinə düşüb
 
Politika.Az-a hakimiyyətdəki mötəbər mənbələrdən sızan xəbərə görə, Heydər Əsədov bu posta təyin olunmaq üçün həvəslənib.
 
Nazirin vitse-prezidentlik sevdasına düşməsinin son hadisələrlə əlaqəsi olduğu bildirilir. İddialara görə, ABŞ-da Donald Trampın prezident seçilməsi KTN rəhbərinin vitse-prezident arzularını yaradıb.
 
Mənbə qeyd edir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anarın Trampla işbirliyi bu ailənin hakimiyyətdə yüksəlişinə səbəb olacağı ehtimalını artırıb.
 
H.Əsədovla Z.Məmmədovun quda olduğu sirr deyil. KTN şefi nazir oğlunun qayınatasıdır. Bu da kürəkənin sayəsində nazir qayınatanın iqtidarda mövqelərinin möhkəmlənməsi ilə nəticələnə bilər.
 
Nazir ümid edir ki, vitse-prezidentlik postuna iddialı ola bilər. Ən yaxşı halda Məmmədovlar ailəsinə görə vəzifəsində qalacaq. Son zamanlar aqrar sektorun məhv edilməsinə görə Əsədov sərt tənqid olunur.
 
Onun bu sahədə heç bir iş görmədiyi vurğulanır. Gözləntilər var idi ki, nazir sərəncama göndəriləcək. Amma Trampın qələbəsi geostrateji planda Məmmədovla quda olan Əsədovu ipdən qurtarıb.
 
Politika.Az-a verilən məlumata görə, növbədənkənar seçkilərin keçirilməməsi vitse-prezidentlərin təyinatını təxirə salmışdı. Amma apreldə təyinatlar olacağı xəbər verilir.
 
Bu informasiya da vitse-prezidentliyə iddialı nazirləri hərəkətlədirib. Onların sırasında vergilər naziri Fazil Məmmədov, prezidentin köməkçisi Natiq Əmirov, Dəmir Yolları QSC sədri Cavid Qurbanov, İqtisadiyyat naziri Şahin Mustafayev və başqalarının adları çəkilib. Həmin siyahıya Ziya Məmmədovla Heydər Əsədovun qoşulması rəqabəti qızışdırıb. Bundan sonra vitse-prezidentlik uğrunda kompromat savaşı daha da alovlanacaq.
 
Hakimiyyət daxilində daşların tərpənməsinə əsas səbəb Vaşinqtonda Ağ ev sahibinin dəyişməsi olub. Kimsənin ağlına gəlməzdi ki, Tramp qalib gələ bilər və Məmmədovların çiçəyi çırtlaya bilər, bu da kürəkəni Trampla işbirliyi olan KTN şefinin iqtidarda dayaqlarını gücləndirər.
 
Məlum olur ki, birinci vitse-prezident və vitse-prezidentlər müvafiq situasiyalarda prezidentin səlahiyyətlərini icra etmək statusuna malikdirlər. Bu da hakimiyyət daxilində ikincilik uğrunda mübarizəni yenidən alovlanmasına səbəb olub. Qarşı tərəfi dinləməyə hazırıq.