Kürəkən pulludursa, gerisi təfərrüat.... deyil

Detalları oxuduqca dünya adamın gözündə qaralır. İnsan həyatı, gəncəcik bir qadının ömrü bu qədər dəyərsiz ola bilərmi? 23 yaşında, bir həftənin gəlinini əri nəyə görə öldürsə yaxşıdır? Telefonu “zaryadka” aparatına qoşmadığı üçün... “Mənə belə xırda məsələdə yalan deyirsənsə, böyük məsələlərdə də aldadacaqsan” bəhanəsi ilə üstəlik.
 
Söhbət Sankt-Peterburqda baş vermiş dəhşətli qətldən gedir. Varlı atanın varlı oğlu dünyanın naz-nemətlərini dadıb, erməni-rus qızı demədən, gəzib-dolaşıb, sonra da qərar verib ki, evlənmək zamanıdır. Tam bir Azərbaycan klassikası: Bakıya gəlib, toya gedib, orda gördüyü bir qıza elçi düşüb və evlənib. Öz yaşadığı Sankt-Peterburqa aparıb və bircə həftə sonra... gəlini qətlə yetirib. Bilənlər bilir, qatil 3 milyon rus rublu ödəyərək, girovla azadlığa çıxıb. Məhkəmə ona ömürlük həbs verər, ya verməz, bu, sonranın işidir. Amma müəllim bir növ öyrəşmiş candır, daha öncəki erməni sevgilisini də qətlə yetirərək, vur-tut 6 il həbsdə qalıb.
 
Bir deyil, beş deyil... Ər şiddəti, ər terroru nəticəsində dünyasını dəyişən neçənci azərbaycanlı gəlinidir bu? Az qala günaşırı bu sayaq xəbərləri oxumuruqmu? Qızlar istəmir, ailələr onları evləndirmək üçün inad edir, nəticədə... Bu hadisədəki əsas faktor isə heç şübhəsiz ki, imkanlı ər namizədidir. Məlum, 3 milyon rus rublunu bir gecədə tapıb, azadlığa çıxan adam üçün pul problem deyil. Əksər vaxtlarda da ailələri şirnikləndirən məhz bu məqamdır – oğlan imkanlıdır. Beyinlərdə formalaşmış tək bir “həqiqət” var. Əgər oğlanın, oğlan evinin pulu varsa, qız mütləq xoşbəxt olacaq, qayğıları az olacaq, dərdləri sıfırlanacaq. Araşdırmırlar oğlanın daha öncəki həyatını, yaşantısını, etdiklərini. Məsələn, bu hadisədə olduğu kimi. Qızını ərə verdiyin oğlanın daha öncəki sevgilisini qətlə yetirib, 6 il həbsdə qaldığını necə araşdırmaya bilərsən? Bu, gizlin qalacaq bir məlumat deyil axı. Bir neçə günlük soraqlaşma, dost-tanışla söhbət nəticəsində bunu üzə çıxarmaq olar. Amma ailə bilmirmiş. Dediyim kimi, bilmək istəmirmiş. Lap bilsə də, qulaqlarını tıxayıbmış həqiqətə. Necə deyərlər, ortada pul varsa, gerisi təfərrüatdır...
 
Mövzunu siyasiləşdirmək istəmirəm, dünyanın hər yerində qızını varlı namizədlə evləndirmək istəyən valideynlər var, olub və olacaq. Dünya binə olandan bəri bu, hakim prinsipdir. Amma Azərbaycandakı qədər yox. Ancaq bizim ölkədə insanlar firavan həyatın yeganə yolunu varlı birinə dirsəklənməkdə görür. Təsəvvür edin, uşağına təhsil vermək üçün boğazından kəsib repetiror yanına göndərir, ali məktəbə yola salır, məzuniyyətini də görür, işə də düzəldir. Amma bilir ki, bununla iş bitməyəcək, bitə bilməz. Bu təhsil, bu elm baqajı onun həyatda maddi baxımdan büdrəməməsi üçün təminatçı ola bilməz. Mütləq bir dayaq axtarılır. Bu dayaq isə varlı quda, varlı ərdən başqası deyil.
 
Yazının mövzusu olan gənc qızın hekayəsində də belə olub. Qız bir dəfə nişanı qaytarıb, evlənmək istəməyib. Amma ailə israr edib. Kim deyir ki, ulu sözünə qulaq asmayan hər kəs istinasız olaraq ulayır? Qızı ər evində döyülən, əziyyət görən analar hər zaman “ağbirçəkcəsinə” problemi yoluna qoyurlar: burnunun qanını silib geri qaytarırlar. Sonra da başlayırlar öz “şanlı təcrübələrini” paylaşmağa: “bizi də döyüblər, atan evə içkili də gəlib, bizi pulsuz da qoyub, amma səsimizi içimizə atıb oturmuşuq”. Sanki bunu etmək qəhrəmanlıqdır, müharibədən döşü medallı qayıtmaqdır və s. Anlamırlar ki, hamının dözüm, səbir limiti eyni deyil. Kimsə döyüləndən sonra ağzının-burnunun qanını silib oturursa, bir başqası bunu qüruruna sinirməyə bilər. Yəni, bu, mütləq deyil.
 
Əslindəsə müasir Azərbaycan ailələrinin həyatında bir pul travması var. Cavanliğinda kasıblıq yaşayan, bir qarnı ac, bir qarnı tox yaşayan, arzuladıqlarını həyata keçirə bilməyən.... hər bir ana-ata bunu uşağına yaşatmamaq üçün gələn namizədə gözüyumulu razılıq verir. Yəni, pulsuzluq, imkansızlıq insanların həyatını o qədər qaraldır ki, bu işin gerisini düşünmədən, ani olaraq verirlər qərarlarını... "Galenvagen"lər, qır-qızıllar, villalar yumur gözlərini və gerçəyi görə bilmirlər.
 
Yanlış anlaşılmasın... Hər varlı adama ərə gedənin ömrü qaralır deyə bir qayda yoxdur. Sadəcə, “pul varsa gerisi təfərrüatdır” yanaşması yanlışdır. Və bu yanlışın təlafisi heç zaman olmur.(musavat.com)